Şəhərsalma işində yaşıllıqların salınması, küçə və xiyabanlarda, yaşayış binalarının həyətlərində ağacların əkilməsi əhəmiyyətli məsələlərdəndir. Əkilən kiçik fidanlar illər keçdikdən sonra boylu-buxunlu, qollu-budaqlı ağaclara çevrilir. Boy atan ağaclar olduğu yeri gözəlləşdirməklə bərabər bəzən problemə də çevrilə bilir. Belə ki, güclü külək və qasırğalar, qalın qar yağdıqda belə ağacların kökdən qopması, budaqlarının qırılması halları baş verir ki, bu da insanların narahatlığına səbəb olur.
Belə hallarda qorxu içində qalan şəhər sakinləri ilk növbədə yerli bələdiyyəyə müraciət edir. Müraciət əsasında bələdiyyə ərazidəki ekologiya idarəsinə təhlükənin aradan qaldırılmasına köməklik göstərilməsi, daha doğrusu, təhlükə törədə biləcək hər hansı ağacın budanması və ya kəsilməsi barədə rəyini öyrənir. Adı çəkilən qurum budanma, gövdənin müəyyən hündürlükdən və ya dibdən kəsilməsi barədə qərar qəbul etdikdən sonra işin icrası rayonun Kommunal Müəssisələr Kombinatı işçilərinin öhdəsinə buraxılır. Bir maraqlı cəhəti də qeyd edim ki, kəsilən və ya budanan hissələr məqsədli istifadə olunur. Belə ki, inkişafı dayandırılan kütlə odun və ya tikinti materialı kimi ehtiyaclı vətəndaşlara verilir.
İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 105 “a” ünvanında yaşayan şəhid ailələrindən bir qrupu yaşadıqları binanın qarşısında təhlükə törədə biləcək ağacların olması barədə İsmayıllı bələdiyyəsinə məlumat xarakterli məktubla müraciət etmişdilər. Məktub əsasında dərhal ekologiya idarəsinə müraciət olundu. Burada da iş ləngimədi. Keçirilən baxış 8 ağacın yerdən bir neçə metr hündürlükdə kəsilməsi ilə nəticələndi. Narahatlıq aradan götürüldü.
Kimlərəsə bu o qədər böyük olmayan bir iş kimi görünə bilər. Amma təhlükəsiz yaşamaq hamının arzusudur. Narahatlığımızı rahatlıqla əvəzləyən idarə və təşkilatlara, tapşırığı icra edən insanlara binamızın sakinləri adından, ürəkdən təşəkkür edirəm.
Cavid Baxışov