“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq İsmayıllının daha bir kəndi mavi yanacaqla təmin olunub. Artıq İsmayıllı rayonunun Ağbulaq kənd sakinləri də mavi yanacaqdan istifadə edəcəklər.
Bu şad xəbər təkcə ağbulaqlıları deyil, həm də qonşu Qoşakənd kənd sakinlərini də sevindirib. Belə ki, eyni inzibati əraziyə daxil olan bu iki kənddə sovətlərin süqutundan sonra mavi yanacaq verilişi dayandırılmışdı. Mövcud qaz daşıyıcı xətlərin sıradan çıxması əraziyə yenidən qaz xıtti çəkilməsini zəruri etdi və bunu xeyli gözləmək lazım gəldi.
Sakinləri sevindirən təkcə məişətlərinə daxil olan mavi yanacaqdan rahat istifadənin sevinci deyil, həm də ərazidəki meşəliklərin bundan sonra qırılıb məhv edilməyəcəyidir. Bu xoş yenilikdən sonra illər boyu təbiətə vurulmuş ziyan da bərpa olunacaq.
Qaz xəttinin istifadəyə verilməsi münasibəti ilə açılışda iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərini təbrik edib. Yaranan imkanın xüsusilə xeyirli günlərə sərf olunması arzusunda olduğunu bildirib.
Göstərilən diqqətin, xoş arzuların qarşılığı olaraq, sakinlər ölkə rəhbəri cənab İlham Əliyəvə minnətdarlıq ediblər. Başçıya gələcək işlərində uğurlar arzulayıblar.
***
Bir gün sonra analoji sevinc rayonun Maçaxı kəndində yaşanıb. Kəndin sakinləri çoxdan gözlədikləri fərəhli günü yaşayıblar. Onu da qeyd edək ki, belə fərəhli gündə hər üç kəndin şəhid övladlarının ruhları da yetərincə şadlana bilib.
“İsmayıllı xəbərləri”