Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanının müzakirəsi keçirildi.

İsmayıllı rayon Mərkəzi kitabxanasında “Mütaliəçilər” kitab klubunun üzvlərinin iştirakı ilə Azərbaycan yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanının müzakirəsi keçirildi.

İlk öncə kitabxananın əməkdaşı Mikayılova Esmira ədəbiyyatşünas Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra əsərin qəhrəmanları mütaliəçilər tərəfindən təhlil edilib.

Azərbaycan yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir.

Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edirdi. Bu kitablar vasitəsi ilə o, qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir.

Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir.

Onun əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir.

Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat etmişdir.

Əzizə Cəfərzadə bir-birinin ardınca “Natəvan haqqında hekayələr”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir” və s. əsərlərini qələmə almışdır.

Ancaq görkəmli yazıçıya daha çox şöhrət gətirən əsərlərindən biri “Aləmdə səsim var mənim” romanıdır. Yazıçı əsərə adı Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürüb. Əsər şairin həyat və yaradıcılığından bəhs edir.

Eyni zamanda Şamaxı ədəbi mühiti, onun ədəbi-mədəni hadisələrinin canlı mənzərəsi, el şənlikləri – çəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi – “Beytüs-səfa”, Novruz-ilaxır çərşənbə adətləri əks etdirilib.

Esmira Mikayılova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir