İnsan həyatının nüfuz və gücünün qüdrəti onun mənalı ömür anları ilə ölçülür. Bu ömür anlarında yaşayan xoş xatirələrin parlaq izi o vaxt unudulmaz, əbədiyaşar olur ki, orada çəkdiyin zəhmətin bar-bərəkətini görürsən, qurub-yaratmaq eşqindən bir an dönmürsən. Mənalı, yaddaqalan ömür yaşayanlar bu hissi daha aydın dərk edir, cəmiyyət kəhkəşanında bərq vuran sönməz parlaq ulduzlara bənzəyirlər ki, onun ziyasından gələn işıq nuru bitib-tükənmir. Qola qüvvət, zehnə çıraq olur. Beləliklə, illər ötdükcə, bu ömür dolayları gah zirvələr aşaraq zənginliklərə qovuşur, gah da sakit axarı ilə öz məcrasına sığınan çay kimi nəhəng bir ümmana qovuşur. Haqqında danışdığımız belə ömür sahiblərindən biri “Şərəf” ordenli, Yunanıstanın Afina şəhərində keçirilən Ağır Atletika üzrə Dünya Çempionatının gümüş, Azərbaycanın idman tarixində ilk qızıl medalçısı, dəfələrlə Avropa Çempionatının Finlandiyanın Helsinki şəhərində qızıl medal qazanan, müxtəlif vaxtlarda Avropa Çempionatında gümüş, bürünc medallar sahibi, Türkiyənin Antaliya şəhərində keçirilən Avropa Çempionatında bürünc, Dünya Çempionatında Kanadanın Vankuver şəhərində bürüc medalçısı, müxtəlif illərdə 1995-2013-cü illər ərzində olimpiadalara vəsiqə qazanan yüksək yerlər tutan Asif Məmməd oğlu Məlikovdur. O, 1997-ci “İlin ən güclü idmançısı” adına layiq görülüb.
Asif Məmməd oğlu Məlikov 13 aprel 1971-ci ildə İsmayıllı rayonun Pirəqanım kəndində dünyaya göz açıb. 1986-cı ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin səkkizinci sinfini bitirib. Həmin il Sumqayıt Dövlət Politexnik Texnikumunun avtomobillərin istismarı fakültəsinə daxil olaraq, 1989-cu ildə oranı əla qiymətlərlə başa çatdırıb. Ali təhsil almaq üçün 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1993-cü ildə müvəffəq qiymətlərlə institutu bitirib. 1993-1995-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1995-1996-cı illərdə idman hazırlığını və məşqlərini Ukrayna Respublikasının Kiyev şəhərində davam etdirib.
1996-cı ildə Norveçin Stavanger şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan idman tarixində ilk qızıl medalçısı və Atlanta XXVI yay olimpiya oyunlarına vəsiqə qazanaraq yüksək nəticə əldə edib.
1997-ci ildə Tailandda Çanq-Mey şəhərində keçirilən Dünya çempionatında bir qızıl, iki gümüş medal qazanıb.
2000-ci ildə Asif Məlikov ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib və Prezidentin göstərişi ilə DİN sıralarına işə qəbul olunub.
2000-2002-ci illərdə idmanda aldığı zədə ilə əlaqədar zəruri müalicə olunub.
Asif Məlikovun ömür yolunu vərəqləyərkən çoxlu faktlarla üzləşməli olursan ki, bu barədə kitab yazmaq olar. Belə bir kitab da həmin yazı müəllifi tərəfindən Asif haqqında yazılıb – “Uğur yolları”.
Asif Məlikov daim çalışıb, axtarış və peşə məhəbbətini yüksək tutub. Buna görədir ki, özü də yüksəlib. Zirvəyə nail olub. O, Azərbaycan Respublikasnın ilk Olimpiya iştirakçısı və medalçısıdır. Beynəlxalq dərəcəli idman ustasıdır. Dəfələrlə xarici ölkələrdə Vətənimizin təmsilçisi olub. Yüksək səviyyədə işinin öhdəsindən gəlib. Yarışlara hakimlik edib. Qazandığı titullara bir hakim kimi 2022-ci ildə “İlin ədalətli hakimi” adı da əlavə olunub.
Asif bütün bunlarla işini bitmiş hesab etməyib, o, 2002-ci ildə Azərbaycan Dövlət Aviasiya Akademiyasını, 2009-cu ildə isə Azərbaycan Polis Akademiyasını bitirib.
Gecə-gündüz yorulmaq bilmədən çalışan Asif Məlikov yenə də öz fəaliyyətini müxtəlif istiqamətlərdə uğurla davam etdirir. Dəfələrlə idman rekordlarını təzələyib. Beş qat SSRİ çempionu olub. Hazırda Bakı şəhər, Sabunçu rayonun Polis İdarəsinin əməkdaşıdır.
Polis olmaq, adamlarla yola getmək, qanunla – insan münasibətlərini tənzimləmək, qanunauyğun camaatın məhəbbətini qazanmaq çox böyük hünər, bacarıq tələb edir. Belə keyfiyyətlərə bizim Asif malikdir. O, günahı olanı qanunla, dost kimi, inzibatçılığa yox, təbliğatla başa salır. Qarışısında olan insan öz günahını tam dərk edir. Ondakı sadəlik və səmimiyyəti görəndə bu tamamilə nəslə, şəcərəyə məxsus keyfiyyətlərin olduğunu təsdiqləyir. Asifin babaları, atası ləyaqətli kişilər olub. “Ot kökü üstə bitər”- deyiblər (Allah rəhmət eləsin).
Asif Məmməd oğlu Məlikov həqiqətən Azərbaycan Polisinə layiq oğullardandır. O, hamını özünə dost və doğma bilir. Mehribanlıq, düzgünlük, haqq-ədalət tərəfdarı olmaq Asifin həyat amalıdır. Odur ki, ona hamı hörmət edir, xətrini çox istəyirlər.
Asif polis, beynəlxalq dərəcəli hakim kimi harada olur olsun, yurdunun ləyaqətli oğludur. Haqqın yanındadır. Vətəninə, xalqına, dövlətinə, Azərbaycan Polisinə sadiqdir.
Asif Həcc ziyarətində də olub. Odur ki, çoxu ona Hacı Asif deyə müraciət edir.
Bir daha ucaldın ziyarətinlə,
Allaha, Qurana məhəbbətinlə.
Eldə hörmətinlə, ləyaqətinlə,
Yaşa, bəxtəvər ol, ay Hacı Asif!
Zirvəyə aparan yolda fədakar ömür sərf edən Asif Məlikovun fərəhli ömür yolları irəlidədir. Görkəmində gənclik, xasiyyətində müdriklik olan bu zəhmətkeş insan, həm də nümunəvi valideyin, qayğıkeş ailə başçısıdır. Ömür yoldaşı Badam xanımla birlikdə dünyaya üç sevimli övlad gətiriblər. İki oğlu ali təhsillidir. Oğlu Emin cəbhə bölgəsində xidmət edib. 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Bir neçə medalla mükafatlandırılıb. İkinci oğlu Malik də ali təhsil alıb hərbi xidmətdədir, qızı Xədicə bu il XI sinfi bitirir. Arzusu Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaqdır.
A.Məlikovun maraq dairəsi böyükdür. O, uşaqlıqdan məhşur idmançılara önəmli yer verib, rusiyalı ağır atlet David Rigertə pərəstiş edib. Asifin ştanqda idealı isə türkiyəli Naim Süleymanoğludur. Çünki onun ağır atletikadakı rekordları əlçatmazdır.
A.Məlikov ədəbiyyatı, musiqini, teatrı çox sevir. Onun sevdiyi mədəniyyət və incəsənət işçiləri arasında ölkəmizin tanınmış, nüfuzlu insanları da az deyil. Asif vətəncanlı, dostcanlıdır.
Asifə ürək sözlərimi aşağıdakı şeirlə bitirirəm:
Olmusan bu yurdun fəxri, vüqarı,
Gül açsın amalın, niyyətin sənin.
Üzü ağ, gözü tox, könlü ucasan,
Yayılsın aləmə şöhrətin sənin.
Göylərə qaldırdın doğma bayrağı,
Tanıtdın dünyaya odlu torpağı.
Görüb hünərini kor olsun yağı,
Düşməsin dillərdən söhbətin sənin.
Arzumuz qoluna, dizinə qüvvət,
Səndən umduğumuz qələbə, qüdrət.
Soyuna, kökünə göstər sədaqət,
Doğan günəş olsun qeyrətin sənin.
Qocaya, cavana məhəbbətin var,
Qoşa biləyindir ucalıq, vüqar.
Gülsün sevənlərin – anan, balan, yar,
Süfrəndə bol olsun nemətin sənin.
Hacı yola çıxıb yaxşı sıradan,
Bilir başlayıbdı yolu haradan.
Üstündə göz olsun ulu Yaradan,
Uğur, qələbədi sərvətin sənin.
Hacıməmməd Məmmədov