Tarixi inkişafın yaratdığı insanın söz sənəti onun həyatında böyük və şərəfli yer tutur. İnsanlar öz aralarında, yaradıcılıq, məhəbbət və gözəlliyin tərənnümündə təbiətin təsvirində sözdən istifadə edir. Böyük Nizami demişən: “Dünyada söz olmasa,  nəyə gərək düşüncə?”

Sözlə zəfər qazanmaq olar. Ata-babalarımız həyatlarında rast gəldikləri bütün hadisələrə, insanların davranışlarının nəticələrinə lakonik  ifadələrlə qiymət vermişdir ki, onlar da atalar sözləri kimi, nəsildən-nəsilə ötürülür. İnsanpərvərlik haqqında böyük Xəqani deyir: “Nəcibdən ayrılıb nanəcibə qoşulma” və ya Şəms Təbrizinin “İnsanları sevə bilməyən, həqiqi insan ola bilməz”. Bu fikirlər insanın mənəviyyatını cilalayır və onu saflığa yönəldir. Dünya və təbiət haqqında Səməd Vurğunun dahi misralarını yada salaq.

“Dünyanın ölməyən bir qanunu var,

Bir yandan boşalar, bir yandan dolar”.

Hümam Təbrizi isə təbiət haqqında deyir:  “Təbiət ən gözəl rəssamdır. Ancaq heyif ki, onun bütün rəsmləri müvəqqəti, beş günlük və tez solub gedəndir”.

Əmək, peşə, hünər haqqında Arif Ərdəbili yazır: “Zəhmətə qatlaşsan, muradına çatarsan” və ya “Əmək bütün arzuların açarı, həyatın rəmzidir”.

Şəhriyarın dediyi daha gözəldir: “Çalış, bu günün işini sabaha qoyma. Axı, hər sabahın da bir sabahı var”.

Folklorumuzda rast gəlinir ki: “Zəhmət çəkməyən rahatlığın qədrini bilməz” və ya “Zəhmət çəkməyən bal yeməz”.

Eynəlqüzzat Miyanəçi deyir ki: “Kişinin qiyməti əməli ilə ölçülür”.

Folklorumuzda: “İşləməyən dişləməz” kimi ifadələr də vardır.

Xəlqilik və vətənpərvərlik haqqında daha gözəl ifadələr deyilmişdir. Şaib Təbrizinin dediyi kimi: “İnsan  ancaq öz vətənində xoşbəxt ola bilər” və ya folklorumuzda “Vətənə ağ olanın gözlərinə ağ gələr” – fikirləri vətəndaş üçün gözəl tövsiyədir. Şeyx Məhəmməd Xiyabani deyir: “And olsun şərəfimə, o xalqın ki, istiqlaliyyəti yoxdur, heç bir şeyi yoxdur”.

Folklorumuzda vətənpərvərlik haqqında deyilir: “Elə arxalanan igidin arxası yerə dəyməz”.

Azadlıq və səadət haqqında da tutarlı kəlamlar deyilmişdir. Xəqani: “Azadlıqdan gözəl bir nemət yoxdur, onu qədrini bilin” – deməklə insanları mənəvi cəhətdən azadlığın dərk edilməsinə çağırır.

Sülh, sirr saxlamaq haqqında Zərdüşt demişdir: “Qoy bu dünya həmişə aram, abad və şən olsun”. Folklorumuzda deyilir: “Birisi od olanda, o birisi su olmalıdır” və ya “Nə yada sirr ver, nə namərdə bel bağla”, “Sirrini demə dostuna, dostun da dostu var” və ya “Sirr açandan el qaçaq”, “El bizim, sirr bizim”, “Qanı qan ilə yumazlar”, ”Bir daş altda, bir daş üstdə”…

Söz, danışıq haqqında

Qətran Təbrizi söz haqqında deyir: “Söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir” və ya “Əvvəl düşün, sonra danış”.

Hümam Təbrizi  yazır ki: “Yaxşı söz cəvahir kimidir. Hər kəs onu qulağından asar”, “Dil ürəyin tərcümanıdır”, “Şirin dilin və sözün yoxdursa, sus, danışma”.

Arif Ərdəbili deyir: “Sözü söz qədri bilənin yanında danış”.  Folkorumuzda: “Sözün doğrusu baldan şirin” olduğu deyilir.

Şəhriyar deyir ki: “Güllə yarası sağalar, söz yarası sağalmaz”.

Nizami deyir ki: “Kədərin də, sevincin də hüdudu olmalıdır”.

Arif Ərdəbili deyir: “Böyüklə böyük, kiçiklə kiçik ol”.

Dahilərin dedikləri hər bir fikrin insan mənəviyyatında yeri var. Şəxsiyyətin inkişafı üçün yol açıqdır.

Mövlüd Ağayev,

İsmayıllı Dıvlət Humanitar və Texnologiya Kollecinin müəllimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir