Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin təhsil siyasəti hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq keyfiyyət monitorinqlərinin nəticəsi bir daha təsdiq edir ki, respublikamızın ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarığının keyfiyyəti ildən-ilə artır.
Akademik biliklərin artmasına daim diqqət yetirilsə də, dünya təcrübəsindən innovativ təlim üsullarının tətbiqinə diqqət artırılsa da şagirdlərin tərbiyəsi məsələsində bir boşluq yaranmışdı. Əvvəlki yaddaşa əsaslanan təhsil sistemində şagirdlərin davranışına “nümunəvi”, “kafi”, “qeyri-kafi” qiymət verildiyi halda, yeni fənn kurikulumlarının tətbiqindən sonra şagirdlərin tərbiyəsinin qiymətləndirilməsinin sənədləşməsi aradan qaldırılmış, yenisi isə tətbiq olunmamışdı. Bu məsələ zaman-zaman müxtəlif səviyyələrdə müzakirə olunsa da, günümüzün reallıqları ilə səsləşən sənəd hazırlanmamış, müəllimlər üçün istinad olunacaq qaydalar toplusu yaradılmamışdı. Nəhayət, ictimai müzakirələrdən keçərək Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan “Umumi təhsil müəssisələrində şagird davranış qaydaları” toplusu Ali Qanunverici orqan tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə 300 ümumtəhsil müəssisəsində, o cümlədən məktəbimizdə də pilot layihə şəklində tətbiqinə başlanmışdır.
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunduğu, kimi bu sənəd təhsilalanların ağağıdakı hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumtəhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir:
▪ Fiziki təhlükəsizlik;
▪ Psixoloji sağlamlıq;
▪ Məktəbdaxili münasibətlər (şagirdlər arasında olan münasibət, məktəb kollektivi ilə olan münasibət);
▪ Əlverişli öyrənmə mühiti;
▪ Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti.
Sənədin strukturu 5 bölmədən ibarətdir:
- Şagird davranış qaydaları: 6 bölmə üzrə müəyyənləşdirilmiş qaydalar:
- Davamiyyət və punktuallıq;
- Geyim və xarici görünüş;
- Təhlükəsizlik;
- Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi;
- Ümumitəhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı;
- Etik davranış.
- Davranış səviyyələri: Qayda pozuntularının ağırlıq dərəcəsinin müəyyənləşdirən səviyyələr:
Qayda pozuntularının 5 səviyyəsi müəyyən edilir:
- Yüngül səviyyəli qayda pozuntuları;
- Orta səviyyəli qayda pozuntuları;
- Ciddi qayda pozuntuları;
- Ağır qayda pozuntuları;
- Çox ağır qayda pozuntuları.
Xatırladaq ki, məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb. Sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib. 1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır.
- Tövsiyə edilən korreksiyaedici tədbirlə
- Rəğbətləndirmə tədbirlə
- Əsas terminlərin izahı.
Qayda pozuntusunun səviyyəsindən asılı olaraq aşağıdakı korreksiyaedici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
▪ “Müəllim baxışı”;
▪ “Şagirdlə sakit söhbət”;
▪ 1-ci şifahi xəbərdarlıq;
▪ 2-ci şifahi xəbərdarlıq.
▪ Valideyn – qanuni nümayəndə ilə telefonla əlaqə saxlanılır və ya dərs gününün sonuna görüş təyin olunur.
▪ Şagird bir dəfə dərsdən sonra “Özünürefleksiya“ prosesinə cəlb olunur.
▪ Müəllim və məktəb rəhbərliyinin üzvü ilə görüş
▪ Şagird dəstək üçün psixoloqa yönləndirilir.
▪ Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya“ prosesinə cəlb olunur.
▪ Valideyn – qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.
▪ Müəllim, valideyn – qanuni nümayəndə, məktəb rəhbərliyinin üzvü və direktorla görüş
▪ Şagird və ya onun ailəsinə dəstək üçün Sosial xidmət mərkəzlərinə müraciət etmək.
▪ Şagird haqqında YYÇİ (Yetkinlik yaşına Çatmayanlarla İş) və hüqüq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili şöbəsinin inspektorlarına) məlumat verilməsi
Sənəddə korreksiyaedici tədbirlərlə yanaşı rəğbətləndirmə tədbirləri də öz əksini tapmışdır.
Rəğbətləndirmə tədbirləri aşağıdakı üç meyar və alt meyarlar əsasında aparılır:
- Nizam-intizam:
1.1. Şagird davranış qaydalarına riyaət;
1.2. Davamiyyət və punktuallıq;
1.3. Milli dəyərlərə hörmət.
- Sosial məsuliyyət:
2.1. Nümunəvi əxlaqi davranış
2.2. İctimai-sosial tədbirlərdə fəal iştirak
2.3. Liderlik bacarıqları, innovativlik və təşəbbüskarlıq .
3.Akademik və sosial fəaliyyətlər:
3.1. Yarımillik və illik qiymətləndirmə nəticələri;
3.2. Məktəbdaxili yarış və müsabiqələrdə, yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak;
3.3. Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə fəal iştirak.
Göründüyü kimi, şagird fəaliyyətinin bütün sahələri rəğbətləndirmə meyarlarında əksini tapmışdır.
Məktəbimizdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nı həyata keçirmək üçün məsul şəxs, koordinator və Nizam-İntizam Şurası yaradılmışdır.
Qaydaların tətbiq olunduğu qısa müddət ərzində valideynlərin məktəbə münasibətində intensivlik, müəllim-şagird məsuliyyəti daha da artmış, şagirdlərin həm tərbiyəsində, həm də təhsilində müsbət irəliləyiş əldə olunmuşdur.
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları“ valideynlərin, dövlət və ictimai təşkilatların, cəmiyyətin məktəbə diqqətinin daha da artmasına, nəticədə gənc nəslin milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda, vətənpərvərlik ruhunda, qanunlara hörmət ruhunda düzgün tərbiyə olunmasına, dərin bilik və bacarıqlara yiyələnməklə beynəlxalq səviyyədə intellektual gənclərin yetişməsinə, şagirdlərin hüquqi biliklərinin artmasına səbəb olacaqdır.
Ramil Dadaşov,
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin direktoru