Əliyeva Vüsalə Əflatun qızı 7 mart 1991-ci il İsmayıllı rayonunun Ağbulaq kəndində, müəllim ailəsində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.
2009-2017-ci illərdə bir çox kurs və özəl tədris mərkəzlərində çalışıb. 2017-ci ildə Müəllimlərin İşə Qğbulu imtahanında uğurla iştirak edərək İsmayıllı rayon 7 nömrəli tam orta məktəbdə işləmək hüququ qazanıb. 2018-ci ildə yenidən imtahanda iştirak edərək Bakı şəhəri Sabunçu rayonu Ak. Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbinə iş yerini dəyişib və bu günə qədər fəaliyyətini bu tədris müəssisəsində davam etdirir.
Respublika olimpiadaları və bir çox yarışlarda qalib olan Vüsalə müəllim təhsil aldığı illərdən bu günə kimi öyrənməkdən və öyrəndiklərini paylaşmaqdan yorulmur. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsində “Oksigen” komandası ilə rayon birincisi, respublika turunda isə fərqlənmə ilə təltif olunub. Pandemiya dövründə Təhsil Nazirliyinin layihəsi olan “Tele Dərs”lərdə iştirak edib. 2019-cu ildə beynəlxalq “İnnovate Your Dreams” layihəsində iştirak edərək uğur qazanıb. 2017-ci ildən eTwinning portalına üzvdür, 15-dən çox avropa və milli keyfiyyət nişanlarına sahibdir. Türkiyənin Trabzon şəhərində keçirilən “2020 eTwinning Günü” yarışmasında 2-ci yer qazanaraq diplom və hədiyyələrlə təltif olunub. Bundan əlavə çoxsaylı yerli və beynəlxalq təlimlərin, seminarların iştirakçısı olub.
Müəllimin 30 dan çox məqaləsi qəzet, jurnal və saytlarda işıqlandırılıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi üzrə qalib olmuş “Təhsildə Yeni İnqilab-ROBOTİS STEM LV 2 Robototexnika avadanlığı ilə tədris prosesinin qurulması”, 5-ci qrant müsabiqəsində qalib olmuş “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə” layihələrində təlimçi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən “Ehtiyat dərslik” layihəsi çərçivəsində pilot siniflərdə yeni dərsliklərin tətbiqində səmərəli fəaliyyətinə görə təltif olunmuşdur. “İlin Gənc Müəllimi” müsabiqəsinin seçilən 50 müəllimindən biridir.
Azərbaycan Resublikası Azad Həmkarlar İttifaqı tərəfindən “Evdə qal, dərsdən qalma” Virtual Məktəb layihəsinin həyata keçirilməsində fəal iştirak edən Vüsalə müəllim qurum tərəfindən təltif olunmuşdur. 2021-ci ildə “İlin Peşəkar Gənci” müsabiqəsində Sabunçu rayonu üzrə fərqlənən 5 nəfər müəllimlə birlikdə Həmkarlar İttifaqı tərəfindən təltif edilmişdir. Müəllim sosial layihələrdə də hər zaman yaxından iştirak edir. Autizm və daun sindromlu, valideyn himayəsindən məhrum uşaqlarla bağlı kompaniyalara dəstək verir.
Vüsalə müvəffəqiyyətlərini yaradıcılıqla, gənclik enerjisi ilə durmadan artırır. Bu işgüzar – valideynlərinə, yerinə-yurduna ucalıq, müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”