Tarixlərdə qalacaq
Ulu öndər Heydər Əliyevə
O, bugündü, sabahdı,
İnam, imam, savabdı.
Oxunacaq kitabdı,
Tarixlərdə qalacaq!
Qurani-Kərim kimi,
Gövhərim, dürüm kimi,
Bir dərin elm kimi,
Tarixlərdə qalacaq!
Hər sözdə, hər sətrdə,
Hər qılıqda, xətirdə,
Gül içində, ətirdə,
Tarixlərdə qalacaq!
Qərbdə, Şərqdə, Şimalda,
Cənubda, hər mahalda,
Hər arzuda, amalda,
Tarixlərdə qalacaq!
Dediyi səs, səmirdə,
Təkcə Mövlud demir də.
Deyir bu göy, bu yer də,
Tarixlərdə qalacaq!
Mövlud Teymur
Ucal şərəfli adla
Nəvəm Səfanın 15 yaşına
Elmin dar yollarında,
Qalxırsan zirvələrə.
Dünənində min uğur,
Yol gedirsən səhərə.
Pis əməldən uzaqsan,
Getdiyin haqq yoludur.
Vətən sevdalı qəlbin
Arzularla doludur.
Gözlərində nuru var,
Halallığın, paklığın.
Şər işlərdən uzaq ol,
Haqqa, düzlüyə sığın.
Ucsl şərəfli adla,
Hörmətlə çəkil başa.
Nəslinə şöhrət gətir,
İgid, ər kimi yaşa.
Açılan sabahların,
Bəxtinə çiləsin nur.
Əzizlərin səninlə
Hər zaman duysun qürur.
Şərqiyyə Balacanlı
Yaxam dərd əlindədir
Açmır məni toy-düyünlər,
Gülə-gülə çürüyürəm.
Kədərimı körpə kimi,
Əzizləyib, bürüyürəm.
Sağla verib, solla alan,
Qədər deyib yola salan,
Son anımda mənə qalan
Kəfənimlə yeriyirəm.
Gözümdəki yaş, sudumu,
Yanağım yaş, qurudumu?
Hara getsəm tabutumu
Öz arxamca sürüyürəm.
Körpələri yetim qoyan,
Kədəriylə ürək oyan,
Mən doymamış məndən doyan
Dünya qəmin kürüyürəm.
Zərifəyəm gözü toxam,
Adda varam, üzdə yoxam,
Dərd əlində qalıb yaxam,
Gilə-gilə əriyirəm.
Zərifə Səmədova (Ağayusif qızı)
Deyirlər
Düz sözü gizlədib yalan yazanın,
Quruyar ələri, dili deyirlər.
Aldanıb şöhrətə əhdi pozanın
Gülməz ürəyinin teli deyirlər.
Atalar söyləyib yaxşı ol hər an,
Yaxşılıq eləyib ucalar insan,
Öz doğma yurdunun qeydinə qalan
Bağlayar özünə eli deyirlər.
Doğrudur, var isə ülvi məhəbbət,
Bəzən tez aldadar qızları şöhrət.
Qoru öz adını sən də ey Sayad,
Ürəkdən sevənə dəli deyirlər.
Sayad Abulova
Var
“Günəş” sayı çoxaldıb, az yox, “ay” nə qədər var,
O olmayan səmada “qəmər”dən çox “qəmər” var.
Mən bilən, mən tanıyan o göyün, o səmanın,
Halı o haldan olmur, əhvalı birtəhər var.
Hər birindən yox “ay”ın, bəzi “ay”dan, “günəş”dən
Bildiyim dilə sığmır, bilmədiyim nələr var.
Ucuz “şan”a, “şöhrət”ə iştaha çoxluğundan,
Belə görə olmayıb, beli sıxan kəmər var.
Muştuluğa gedirlər, üzdə olandan ötrü,
Demirlər ki, itəndən, qeyb olandan xəbər var.
Alver məqsədi ilə ələ keçdiyi gündən,
Nə qiymət kimi qiymət, nə dəyərtək dəyər var.
Beləsi çox olmayıb, nola elə az ola,
Kəndini bəyənməyən şəhərdə bir nəfər var.
Yaşamayan deməyib, yaşayanlar deyir ki,
Min axşama tən olan bir axşam, bir səhər var.
Çətindən, dardan keçən ömür-gün meydanında,
Tamam Nur, sənə görə Qələbə var, Zəfər var.
Tamam Nur Tağlabiyanlı
24 aprel 2023-cü il