Nəinki indiki gənclər, hətta bir çox müasirlərim belə çətin xatırlayarlar. Bir zamanlar Ağbulaq kəndindən başlayan yolun Girdimançayla qovuşduğu Kələmeşə adlı ərazidə, uçub dağılmaqda olan torpaq örtüklü qədim bir su dəyirmanı vardı. Göz açandan oranı “Müzəffərin qoşa dəyirmanı” kimi tanımışdım. Dəyirman 1930-cu illədə Şura Hökuməti tərəfindən sahibinin əlindən alınıb Tircan kolxozunun mülkiyyətinə qatılsa da, o 1970-cı illərin sonlarına kimi, daha doğrusu, cərayanla işləyən dəyirmanların bizim ellərə gəlib çıxdığı günədək, yenə həmin adam tərəfindən idarə olunurdu. (Bu tarixə həm də bin-bərəkətin, çörək ətrinin birdəfəlik “qeybə” çəkildiyi tarix də deyilir). Girdimançayın sol sahili boyu düzülmüş “Maçaxı”, “Orta”, “İsaqulu”, və “Goodaran” adlı dəyirmanlar kəndimizə daha yaxın olsalar da, çox adam dəvəboyu qalxan çayın gur sularını keçib, taxıllarını una çevirmək üçün sağ sahildə yerləşən bu dəyirmana gətirərdilər. Dəyirman daşları vaxtında tişənib təmir edildiyindən, burada üyüdülən un daha yumşaq, daha az itgili, daha artımlı və daha bərəkətli olardı. Unun yarmaya çevrilməsi, “yanması” və “xamırlaması” kimi hallar olmazdı. Üyütmək haqqı kimi götürülən “şahad” da, başqa dəyirmanlarda olduğundan burada çox insaflı olardı.

Dəyirmana gedib dən üyütmək, uzaq, qərib, nağıllı bir aləmə səyahət etmək kimi bir iş idi. Novla, təzyiqlə axan suyun top pərlərinə dəyib çıxardığı şırıltı səsi, saat əqrəbinin əksi istiqamətində fırlanan dəyirman daşlarının uğultusu, kələ-kötür daşlar üzərində tullanıb-düşən çak-çakların tıqqıltısı, navalçalarda sıralanan taxıl dənlərinin dəyirman boğazında yoxa çıxması və az sonra onlarn qoşa daşlar arasından toz şəklində unluğa püsgürməsi, məstedici un qoxusunun ətrafa yayılması – bütün bunlar,  adamı təsvir ediləsi mümkün olmayan sirli bir dünyaya aparardı.

Talıstandan gündoğana doğru uzanan geniş ərazinin bütün dağ və aran kəndləri Müzəffərin dəyirmanına üz tutardılar. Dəyirmanın bu qədər ad-san qazanmasına səbəb, Müzəffər kişinin, onun oğlanları Nurəhməd və Nizamın öz peşələrinə vicdanla can yandırmaları, doğru-dürüstlükləri və halallıqları idi. Kustar üsullu bu müəssisənin fasiləsiz işləməsi üçün onlar 4-5 km. məsafədən – Maçaxı  keçidindən, Girdimançayın sürətlə axdığı dar boğazdan, əllə arx qazıb dəyirmana xüsusi qol ayırmışdılar. Babadağ, Niyaldağ, Gümüşdağ və yamaclardan  axıb gələn gur suların qabağını kəsib məcrasını dəyişmək, heç də hər kişinin işi deyildi. Bunun üçün çoxlu sayda yılğın kollarını kəsib suyun axarına qoymaq, su aparmasın deyə üzərlərinə ağır daşlar yığmaq, bənd düzəltmək, onun lilləməsini gözləmək və ancaq bundan sonra, suyun axarını dəyişmək mümkün olardı. Vaxt olub Müzəffər kişinin min bir əzyyətlə qurduğu belə bəndlər ya sel suları tərəfindən yuyulub aparılar və ya da pislik etməyə meyilli olan insanlar tərəfindən uçurulub dağıdılardı, kişinin əziyyəti heç edilərdi. Günlərin birində, işlərin başdan aşdığı bir vaxtda, axşamçağı yenə belə bir hadisə baş verir. Dəyirmana gələn su qəflətən kəsilir. Müzəffər kişi başını qaldırıb, Girdimançayın mənbəini götürdüyü Babadağ istiqamətinə boylanır. Göydəki qara buludları görüb: “Yəqin dağlara yağan yağış yenə bəndi yuyub aparıbdır”, – deyə kədərlə düşünür.  O, yorğun-arğın, səksəkəli, pal-paltarlı halda yatağına uzanır. Xoruzun ilk banında yerindən qalxıb beli çiyninə qoyur, geçəykən arx boyu yeriyib su ayrıcına qədər gəlir. Ora çatanda, yenicə sökülməkdə olan dan yerinin qızartısında bəndin sel suları ilə yox, əllə uçurulduğunu görür… Vaxt itirmədən alatoranlıqda çırmalanıb soyuq sulara girir və çətinliklə də olsa, bəndi bərpa edir. Yorğun düşmüş bədəninin dincini almaq üçün sahildəki ot tayalığına yollanır. Gündüzdən od saçan Günəşin istisini hələ də özündə saxlayan yumşaq ot və küləşin üstündə rahatlıq tapan Müzəffər kişi, dərhal şirin yuxuya gedir. O, o vaxt oyanır ki, artıq Günəşin istisindən üz-gözü yanıb qarsılırdı. Bu dəm Müzəffər kişi iki atlının su qovşağı istiqamətinə getdiyini görür… Gələnlər əl atıb bəndi uçurmağa başlayanda, özünü yetirən Müzəffər kişi iri gövdəsi ilə onların arasına girib hərəsini bir tərəfə itələyir. Səbəbini soruşur. Cavab verirlər ki, onlar Kürdəmirdən hökumət tərəfindən göndərilmiş, pambıqçılıqla məşğul olan su cuvarlarıdır. Su mənbədən azdırıldığından, onun sahəyə gəlib çıxmamasını, səbəb kimi göstərirlər. Müzəffər kişi onlara təmkinlə, səbrlə dəyirmana ayrılan suyun, yenə öz  axarı ilə axıb çaya qovuşduğunu deyir . Cuvarlar bu ağsaqqal, pirani kişinin dedikləri ilə razılaşıb, onunla birlikdə dəyirmana gəlirlər. Deyilənləri öz gözlərilə görüb, əvvəlki xoşagəlməz hərəkətlərini də etiraf edirlər. Çıxıb getmək istəyəndə, Müzəffər kişi onları təkidlə süfrə arxasına dəvət edir…

Yeniyetmə Müzəffər bu xeyirxah peşəyə baş qoşanda, 12-13 yaşlar arasında olubmuş. Atası Nurəhməd 1918-ci ildə kənddə ermənilər tərəfindən qətlə yetirilən 360 nəfərdən biri olub, yenicə öldürülübmüş. Anası Həcərin tövsiyyəsi ilə o, özündən kiçik 2 qardaşı və bir bacısının qayğısına qalmaq üçün, ağır “dəyirmançı” yükünü üzərinə götürməli olur. Həyat onu çox ağır itgilərlə sınağa çəkir.Bacısını 6 aylıq gəlinkən, qardaşlarının birini Fin, digərini isə 2-ci Dünya müharibəsində itirir. Çox keçmir ki, İki oğul dağına dözə bilməyən ana da dünyasını dəyişir. 18 baş ailə qayğılarıyla yüklənən Müzəffər, hər əziyyətə qatlaşıb, bütün çətinliklərə sinə gərir. Ailə üzvlərini, bir çox qohum və yadları sadə peşəsi sayəsində müharibənin ölüm saçan iti caynağından sağ-salamat xilas edə bilir.

Müharibə uzandıqca insanları çuğlayan fəlakətlər də artırdı. Onlar yaşamaq naminə ən ümdə, ən dəyərli, ən müqəddəs bildikləri əşyaları belə, ya Basqal, ya İsmayıllı bazarlarına çıxarıb dəyər-dəyməzinə satır, ya da arpa, pərinc, darı, qarğıdalı ununa dəyişmək üçün dəyirmanlara üz tutardılar. Belə hallar xüsusən qışa tədarük görülən payız aylarında daha çox olardı. Bu məqsədlə Girdiman çayı hövzəsindəki kəndlərin birindən gələn yaşlı bir qadın, diqqəti daha çox cəlb edir. O, dəyirmançı arvadı Qəməri xəlvətə çəkib, qoynunda gizlətdiyi düyünçə arasındakı əşyaları ona göstərir. Düyünçədəki əşyalar cəbhəyə getmiş nişanlı oğluna məxsus zinət əşyaları idi. Una və digər ərzaq məhsullarına dəyişmək istədiyini bildirirdi. Qəmər arvad qorxu bə təlaş içərisində: “Yox!”,”Yox!” deyib, qadını özündən uzaqlaşdırsa da, tez ərini bu əhvalatdan xəbərdar edir.

Həya-abırından, davranışından nəciblik və xanımlıq yağan bu ağbirçək qadın, sıxıla-sıxıla çoxlarına ağız açır, dərdini onlara danışırdı. Ağız açmadığı təkcə iri çuvallar üstə oturub növbəsini gözləyən süpürgəbığ  Qoşakənd ermənisi qalmışdı. Tərəddüdlər içərisində qalan qadın, özü də duymadan erməni tərəfə ötəri nəzər salır. Elə bu an, dəyirmançı ailəsinin yaşadığı qazma tərəfdən onu səsləyən bir uşaq səsi eşidilir…

Müharibənin Qələbə ilə başa çatması xəbəri, kənddən-kəsəkdən uzaq olan zəhmətkeş Müzəffər kişiyə də gəlib çatır. İstər-istəməz qardaşlarını xatırlamalı olur. Çöhrəsinə bir anlıq hüznlük dumanı çökür. Lakin çox keçmir ki, qab-qacaq, kömür, taxıl yüklü at və ulaqlarla buradan Ağsu, Kürdəmir bazarlarına gedib-gələn çarvadarlar, ona daha bir xoş xəbər gətirirlər. Müzəffər kişinin üç il mütəmadi olaraq çarvadarlar vasitəsilə ərzaq yardımı göstərdiyi qadının oğlu, sağ-salamat evinə qayıtmışdı. Elə həmin gün Müzəffər kişi çarvadarlara qoşulub, gözaydınlığı vermək üçün qadının yaşadığı kəndə gəlir.

Dərin sıldırım qayalar, uçurumlu dərələr dibindən şırıltıyla axan Girdimançay, bu gün elə bil pay-piyada evinə dönən Müzəffər kişiyə qulaq yoldaşı olmuşdu. O, özünu hər cür dərdi-sərdən uzaq, üstündən ağır yük götürülmüş xoşbəxt bir insan kimi hissi edirdi. Nəhayət ki, arzuladığı gün gəlib satdı. İllərlə üstündə gəzdirdiyi, yadlara qismət olmasın deyə əlacsız qadından “satın alma” adıyla aldığı, lakin bir dəfə də olsun açıb baxmadığı düyünçəni qaytarıb öz sahibinə vermişdi. Eşitmişdi ki, axar sular çox pak olur. Həm də haqq-hesab gününün ən etibarlı şahididir sular. Ona görə də bu sirri ilk olaraq axar sulara söylədi.

Müzəffər kişi öz dəsti-xətti ilə seçilən, özünəməxsus həyat tərzi olan bir el ağsaqqalı idi. Kənddə bir çox yer toponimləri onun adıyla bağlıdır. Bir vaxtlar, keçən əsrin 20-ci illərində meşə zolağı salmaq üçün dövlət proqramı baş tutanda, işə ilk qol qoyanlardan biri o, olmuşdu. Sərdahar kəndi üstündəki geniş bir meşə sahəsi “Müzəffərin dilankəsi”, kəndin girəcəyindəki, indi yaşayış massivinə çevrilmiş Çürməngalı laylasındakı 40 hektarlıq əkin sahəsi “Müzəffər əkən”, Məmmədseyin yüksəkliyindəki düzənlik “Müzəffərin xırman yeri”, Kələmeşədə böyürtkən kollu basmış topa daşlıq “Müzəffərin dəyirman yeri” kimi adlarla adlanır. Çoxlarının ailə qurmasında, xeyir və düyünlərində seçilən Müzəffər kişi nəinki öz kəndi daxilində, hətta ətraf kəndlər əhatəsində, rayonda tanınan köhnə, qarapapaq kişilərdən idi.

İsmayıllı Rayon Partiya Komitəsinin 6 il birinci katibi olmuş İmran Mehdiyevin bu yaxınlarda 87 yaşında haqq dünyasına qovuşması xəbərini eşidib sarsıldım. Mən onu telekanallar deyilsə, heç həyatda da görməmişdim. Amma barəsində eşitdiyim xoş sözlər, nəinki məndə, hətta geniş əhali kütləsi arasında ona qarşı səmimi duyğuların yaranmasına səbəb olmuşdu. Bu gün İmran müəllimi bütün tircanlılar hörmətlə yad edir, ruhuna dualar oxuyurlar. Nə isə… Kimsə dünyadan köçəndə ilk olaraq onun yadda qalan hər hansı bir hərəkəti xatırlanılır. İmran müəllim tanışlıq üçün ilk dəfə Tircana gələndə diqqətini kol-kos basmış çəpərlər, çay daşından tikilmiş yöndəmsiz evlər cəlb edir. Üzünü yerli rəhbərlərə tutub deyir ki, Tircan qabaqcıl təsərrüfat ola-ola niyə bu vəziyyətdədir? Heç kəs cürət edib bir söz deyə bilmir. Müzəffər kişi cəsarət tapıb cavab verir ki, “yoldaş Mehdiyev, kəndə kubik, ağ dəmir gətirmək olmur. Ertəsi gün milis idarəsinə çağırırlar”. Katib bu sözdən tutulur və barmağını silkələyir… Beləcə, kənddə mişar daşından tikilən evlərin tarixi o kşinin adı ilə bağlıdır. İmran müəllim eyni zamanda 1908-ci ildə eyni zamanda çar Nikolayın fərmanı ilə tikilmş, sahəsi 500 kv.m. yaxın olan, sonradan ambara çevrilmiş məcidlə və 15 kəndi əhatə edən 1000-ə yaxın şagirdin təhsil aldıqları məktəblə də maraqlanır. Sovet rejimi olduğundan meçit adını çəkə bilmir, dolayısı yolla anbarın qapı-pəncərələrinin dəyişdirilməsi fikrini irəli sürür. Pul ayrılıb pəncərələr düzəldilsə də, bu günə kimi  anbarda qalmaqdadır. 1918-ci ildə ermənilərin yandırıb sökə bilmədikləri məktəb təmir edildikdən 80 il sonra, Müstəqilliyimiz dövründə sökülb kimlərinsə villalarına sərf edildi. Özü də bütün vücudu Tircan çörəyi, xüsusilə Müzəffər qayəsi ilə mayalanan bir şəxs tərəfindən. Meçit isə kağız üzərində 1960-cı illərdə inşa ediən (!) anbar kimi sənədləşdirilir və 25 nəfər arasında əmlak bölgüsü kimi bölünür.

Yazımı 18-ci əsrdə qüdrətli alman dövlətçiliyinin əsasını qoymuş “Böyük Fridrix” adlandırılan Fridrixin bir kəlamı ilə bitirirəm. O, belə deyirdi:“ Titullar talantsızların bər-bəzəyidir, böyük şəxsiyyətlərə öz adı bəsdir”.

Vaqif Məmmədov

 

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir