İsmayıllıda şəhid Elnur Səmədovun xatirəsinə həsr edilən “Nur üzlü şəhidim” sənədli filminin təqdimatı keçirilib.
Təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümüyəndələri iştirak edib.
Tədbir iştirakçıları şəhid Elnur Səmədovun həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra BAYFİLM MMC tərəfindən çəkilmiş “Nur üzlü şəhidim” sənədli filmi nümayiş olunub.
Tədbirdə iştirak edən şəhid Elnur Səmədovun doğmaları əzizlərinin işığına yığışan hər kəsə minnətdarlıqlarını bildirib, onun təkcə anaya, ataya, ailəyə deyil, Vətənə, xalqa, millətə bağlı bir oğul olduğunu bir daha diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən RİH başçısı Nahid Bağırov Elnur Səmədovun timsalında Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür sənədli filimlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Rayon rəhbəri filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını ifadə edib.
Daha sonra müğənnilərin və məktəb şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mövzularında mahnı və şeir parçaları dinlənilib.