XXI əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını hələ də tam almaq mümkün olmayıb. Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi, xalqların genofondunu məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil, bir insanın məğlubiyyəti və onun sağlamlığının amansız cəlladıdır.

Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə olub.
Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq,  “mania” – cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başlanıb. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından  bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman  narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər.

Narkomaniyanın yayılması xalqın sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

1992-ci ildə Azərbaycan BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulub. Bundan başqa, Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunub. Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini görüb. Ulu Öndər narkomaniya və narkobizneslə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsi olduğunu qeyd edirdi. Ulu Öndərin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunması prioritet istiqamət idi. Ona görə də Ümummilli Lider narkomaniyaya qarşı mübarizənin vacibliyini hər zaman ön plana çəkirdi. Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam da mühüm əhəmiyyət daşıyır.

Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranır və istifadəçilər bu aldadıcı təsirin, yəni, sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaət yanlışdır. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.
Narkotikin aludəçiləriylə sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır.

Narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları – qara ciyəri, böyrəyi öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.

Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.
Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olurlar. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac var.

Asim Musayev,

Zaqatala Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir