Bir insan haqqında nəsə danışmaq istədikdə, onun keçdiyi ömür yolunu gözdən keçirmək ən doğru qərardır. Çünki eldə-obada yaşanan ömür illərlə deyil, əməllərlə yadda qalır.

Şirəliyev Yaşar Əhmədsoltan oğlu barədə sözə başladıqda, onun 1958-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olmasını mütləq qeyd etmək lazım gəlir. Hazırda 65 yaşı tamam olan Yaşar müəllimin uşaqlıq etdiyi, məktəbli, əsgər, tələbə olduğu illər keçib tərcümeyi-halından. Elə, Vətənə, dövlətə və dövlətçiliyə bağlılığından 1992-ci ildən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısınının Quşencə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub. 30 ildən artıq bir müddətdə hər gün el içində, dövlət işində olub. Üzləşdiyi çətinlikləri işinə olan sevginin gücü ilə aradan qaldırıb. Ona etibar olunan ərazidə dövlət-vətəndaş məmnunluğu yaratmaq üçün var qüvvəsi ilə çalışıb.

İşgüzarlığı, qüsursuz xidmətləri nəzərə alındığından 2022-ci ilin iyun ayının 22-də Dövlət Qulluqçularının  Peşə Bayramı günündə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layıq görülüb.

Yaşar Şirəliyevin 6 nəfərlik ailəsində hamı ali təhsillidir. 4 övladının 2-si elmlər namizədidir. Oğlu Dövlət Sərhəd Xidməti Akademiyasında, qızı Beynəlxalq Dövlət Universitetinin şərqşunaslıq fakültəsində çalışırlar. Böyük qızı həkim-laborantdır. Kiçik oğlu isə özəl şirkətlərdən birində çalışır.  Həyat yoldaşı həkimdir, 30 ildən artıqıdır ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanada şöbə müdiridir. Ailənin bütün üzvləri hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə öncüllərdəndir.

Bir neçə gün əvvəl Şirəliyevlər ailəsi arzulanan bir məqamla üzləşdi. 31 il dövlət qulluğunda ləyaqətlə çalışmış Yaşar müəllimə yüksək diqqət, dərin hörmətlə təqaüd yaşına yetməsi xəbəri çatdırıldı.

Dostlar, xeyirxah insanlar bu kövrək dəqiqələrdə də onu tək buraxmadılar. Yanında oldular. Gələcək həyatına xoş arzularını dilə gətirdilər. Əlbəttə, Yaşar müəllim də öz növbəsində  ölkənin, rayonun rəhbərliyinə minnətdarlıq etdi. Bildirdi ki, yaşla əlaqədar vəzifədən uzaqlaşsa da həmişə ellə, camaatla bir yerdə olacaq. Dövlətə xidməti isə son nəfəsinə kimi şərəf işi sayacaq.

Rafiq Həsənov

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir