Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 15 mart tarixində İsmayıllı rayonunun Cülyan kəndində “Novruz” bayramı münasibətilə tədbir keçirilib.
Uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində keçirilən tədbirdə 90 yaşlı Cülyan kənd sakini Sona Ağayevanın evinə səfər olunub.
Üzündən-gözündən nur yağan ağbirçək Sona nənəmiz torpağın oyanan çağında insanların təbiətə qulluq göstərməyinin vacibliyindən, adət və ənənələrimizdən, Novruz bayramı və çərşənbələr haqqında uşaqlarla maraqlı söhbətlər edib.
Daha sonra uşaqlara şəkərbura naxışlarının düzülməsini, yumurta boyamağın qaydalarını izah edib.
Tədbirin sonunda iştirakçılar qədim rəqs növlərindən biri olan “Yallı” rəqsinə qoşularaq, tonqal ətrafında dövrə vurublar. Bayram şənliyi xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.
Lalə Kəbir