Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır.

Heydər Əliyev

 

Birləşmiş Millətlər Təşkilatı tərəfindən XXI yüzilliyin “Təhsil əsri” elan edilməsi beynəlxalq aləmdə ictimai-siyasi mövqeyindən və nüfuz dairəsindən asılı olmayaraq, bütün dünya dövlətlərinə ünvanlanmış bir xəbərdarlıq mesajıdır. Bu mesajda inkişafın mənbəyində yalnız təhsilin dayandığı fakt olaraq təsdiqini tapır. İnsan cəmiyyətinin yaranışından bu günümüzədək ötüb keçən tarixi yola nəzər saldıqda  bəşəriyyətin tərəqqisində təhsilin müstəsna rol oynadığının şahidi oluruq. Bu baxımdan indiki zamanda cəmiyyətimizin, dövlətimizin inkişafı üçün təhsil sahəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir. Ulu öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ideyaları, qərar və sərəncamları əsasında həyata keçirdiyimiz təhsil islahatları cəmiyyətimizin inkişafında həqiqətən mühüm rol oynayır.
Bu gün ümumtəhsil məktəblərində ən vacib məsələlərdən biri yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılmasıdır. Belə bir mühitin yaradılmasına, məktəbin fəaliyyətinə, burada təlim-tərbiyə işlərinin təşkilinə bütövlükdə sistemli yanaşmaqla nail olmaq mümkündür. Məlumdur ki, pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əmakdaşlıq fəaliyyətləri əsasında qurulur.
Başlıca hədəf olan təhsilin keyfiyyətinin təmin olunması bir çox məsələlərlə sıx bağlıdır. Buraya, ilk növbədə, məktəbin səriştəli idarəolunması, pedaqoji kollektivin vahid məqsəd ətrafında səfərbər edilməsi, müəllimlərin elmi-nəzəri və peşakarlıq səviyyəsi, onlar üçün yaradıcı və səmərəli fəaliyyət şəraitinin yaradılması, kollektivdə sağlam psixoloji mühitin və demokratik ab-havanın olması, ailələrlə işgüzar əməkdaşlıq, müəllimlərin fəaliyyətinə və şagirdlərin nailiyyətlərinə pedaqoji nəzarətin təmin edilməsi və s amillər daxildir.
Cəmiyyətdə çoxdan formalaşmış və hamı tərəfindən qəbul edilən bir fikirdir ki, məktəbdə müəllim əsas simadır. Dövlətin təhsil siyasətinin həyata keçirilməsində məktəb rəhbərliyi ilə bərabər, bütün müəllimlər məsuldurlar. Pedaqoji kollektivin vahid məqsəd ətrafında səfərbər olunması, müəssisədə yaradıcı, təşəbbüskar iş atmosferi yaradılması,  müəllimlərin peşəkar, səmərəli fəaliyyətindən çox asılıdır.

Müəllim sağlam mənəvi-psixoloji şərait olan məktəbdə özünü inkişaf etdirər, yaxşı təcrübə qazana və nüfuzlu şəxsə çevrilə bilər. Öz növbəsində keyfiyyətli təhsil də bilavasitə düşünülmüş və məqsədyönlü fəaliyyət sistemi yaradılan məktəbdə reallaşa bilər.

İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbində təhsilin keyfiyyətinin artırılması, şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi sahəsində ardıcıl fəaliyyət davam etdirilir. İstedadlı şagirdlərin müəyyən olunması, onların müsbət istiqamətə yönləndirilməsi, elmi və intellektual müsabiqələrdə iştiraklarının təmin olunması pedoqoji kollektivin daim diqqətində saxlanılır. Şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması, onlarla inkişaf yönümlü işlərin aparılması sahəsində Respublika Fənn Olimpiadaları (RFO) və Respublika Fənn Müsabiqələrinin (RFM) əvəzsiz rolu vardır. İstedadlı şagirdlərin inkişafının dövlətimiz tərəfindən dəstəklənməsi, onların sonrakı təhsil pillələrində ölkəmizin, eləcə də dünyanın ən reytinqli ali məktəblərində təhsil almaları üçün şəraitin yaradılması, bu zaman təhsil haqlarının dövlət tərəfindən ödənilməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunan RFO-ları və RFM-lərində iştirak edən şagirdlərin sayı ildən-ilə artır.

Məktəbimizin pedoqoji kollektivi dövlətimizin təhsil sahəsindəki siyasətini dəstəkləyərək istedadlı şagirdlərlə işin təşkilində özünəməxsus nailiyyətlər qazanmışdır. Məhz  RFO-larında qazanılan uğurlar buna bariz nümunədir. Belə ki, 2020-ci ildə məktəbin 3 (üç) nəfər şagirdi RFO-nun finalına vəsiqə qazandı. XI sinif şagirdləri Möhübova Yeganə Ağa qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2-ci yeri tutaraq gümüş, Mikayılova Ləman Hilal qızı tarix fənni üzrə 3-cü yeri tutaraq bürünc medala layiq görüldülər. 2021-ci ildə IX sinif şagirdi Tağıyev Ağaxan Oqtay oğlu coğrafiya fənni üzrə RFO finalında 3-cü yeri tutaraq bürünc medal, VII sinif şagirdi Mərdanlı Nihal Əli oğlu isə Respublika Fənn Müsabiqəsində biologiya fənni üzrə 3-cü yeri tutaraq bürünc medal qazandılar. 2022-ci ildə yenidən 3 nəfər şagirdimiz finalda iştirak etmək hüququ qazandı. Onlardan Muradlı Ziya Zaur oğlu tarix fənni üzrə 2-ci yeri, Mərdanlı Nihal Əli oğlu isə biologiya fənni üzrə 2-ci yeri tutaraq gümüş medalla mükafatlandırıldılar. Beləliklə, yalnız son 3 ildə məktəbimizin şagirdlərindən 5 nəfər RFO, 1 nəfər isə RFM-də qalib gələrək 3 gümüş, 3 bürünc medal qazanmışdır. Bu uğurdan ruhlanan pedoqoji kollektivimiz fənn olimpiadalarına diqqəti daha da artırmış və bu il qazanılan nəticə daha yüksək olmuşdur.

43 nəfər şagirdimiz rayon turunda iştirak etmiş, daha yaxşı nəticə göstərən 17 nəfər yarımfinal mərhələsinə, 7 nəfər isə finala vəsiqə qazanmışdır. Onların 4 nəfəri tarix fənni üzrə, 2 nəfər coğrafiya fənni üzrə, 1nəfər isə biologiya fənni üzrə finalda iştirak edəcəklər. Sevindirici hallardan biri də odur ki, 7 nəfər şagirdin 5 nəfəri eyni sinfin-IXb sinfinin şagirdləridir. RFO-da finala çıxan şagirdlərin sayına  görə məktəbimiz Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə birinci yeri tutur.

Bu nəticə respublika ümumtəhsil məktəbləri üzrə də, yəqin ki, ən yüksək nəticədir. Qazanılan böyük uğur fənn müəllimləri Fatma Vəliyeva, Şakir Həmzəyev və Qumru Həmidovanın, həmçinin məktəbdə yaradılmış psixoloji mühit və münbit təhsil şəraitinin birgə nəticəsidir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Məktəbimizin müəllim və şagird kollektivi Ulu öndərimizin 100 illiyinə öz layiqli töhfələrini vermək üçün müxtəlif tədbirlər, müsabiqələr təşkil edir, bilik yarışlarında iştirak edir, ədəbi-bədii kompozisiyalar hazırlayır, müzakirə və dəyirmi masalar keçirirlər. Şagirdlərimizin RFO-da göstərdikləri yüksək nəticə Ulu öndərimizin 100 illik yubileyi ərəfəsində qazanıldığı üçün  daha böyük qürur hissi duyuruq. Müəllimlərimizin peşəkarlığı, şagirdlərimizin qələbə  uğrunda göstərdikləri əzmkarlıqları finalda da yüksək nəticə qazanacağımıza  bir daha bizdə əminlik yaradır.  Bu da Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri adından Ulu öndərimizin 100 illiyinə ən layiqli hədiyyəmiz olacaqdır.

Fərqanə Yəhyayeva,

İsmayıllı şəhər Ağahüseyn Aslanov  adına 2 nömrəli tam orta məktəbin psixoloqu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir