1948-ci ildə birinci Ümümdünya Səhiyyə Assambleyası Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümümdünya Sağlamlıq Gününün (ÜSG) təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən etibarən Ümümdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir.  ÜSG-nün mövzusu ÜST üçün prioritet sayılan bir problemə həsr olunur. ÜSG diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.

Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəlikləri, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən edilir. ÜST özünün Beynəlxalq Səhiyyə Assambleyası vasitısilə 193  üzv dövlət tərəfindən idarə olunur.

6 aprel 2021-ci ildə ÜST-ün İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb. Prezident İlham Əliyev videomüraciətində bildirib:

“Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də ÜSG-ü qeyd edirik. Lakin 2021-ci ildən sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon insan həyatını itirir.

Hazırda Azərbaycanda Səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan İcbari Tibbi Siğorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə Elektron Səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir. Bu arada COVİD-19 pandemiyası bütün dünyada  səhiyyə sistemlərinə böyük təsir göstərməyə davam edir. Azərbaycan COVİD-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüz ilə 2020-ci ilin aprelində Türk Şurasının zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının zirvə toplantısı, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq vəziyyətinə sadiq olaraq ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz həmçinin 30 dan çox ölkəyə koronavirus ilə mübarizədə birbaşa hümanitar və maliyyə yardımı göstərmişik. ”

ÜSG diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Ölüm və xəstəliklərin çoxluğu, ömrün uzunluğuna malik olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması , səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanı məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və.s kimi məsələlər daxildir.

ÜSG-ü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

Hər birimiz çalışaq öz sağlamlığımızı və bəşəriyyəti qoruyaq.

Xanlar Qəmbərov,

İsmayıllı r-n GEM-nin  direktoru

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir