Xəyalmısan, gerçəkmisən, nurmusan?
Gözlərimin qarasında durmusan.
Sinəm üstə çarpazlanan dərdlərə
Məlhəm olub, yarasında durmusan.
Zaman dura, göy uçula, yer çönə
Düşünmə ki, bu könlüm səndən dönə.
Gündə yüz yol əyilərəm səcdənə,
Tanrıların sırasında durmusan.
Həsrətini dilə tutub zülümlə,
Ovuduram sənli bircə günümlə.
Darıxdırıb elə bil ki, ölümlə –
Yaşamağın arasında durmusan.
Qəlbində yer yoxsa, rəvamı sıxım?!
Aç əlini ovuclarına sığım.
Ürəyimdə hər an atan varlığım,
Ürəyinin harasında durmuşam?
Turac Hilal
Aparır
Uzanır, ötüşür, itir yolların,
Sanki yollarını duman aparır.
Görəsən harada bitir yolların?
Məni də min yerə güman aparır…
Yerdən pərvazlanıb, göydən düşmüşəm,
Yorulub, yollarda, heydən düşmüşəm,
Onsuz da, yanıqlı neydən düşmüşəm,
Çəkib ürəyimi kaman aparır.
Saralıb çiçəklər, solub naxışlar,
Qızılgül baxışlar, lalə baxışlar,
Sıxlaşıb buludlar, yağır yağışlar,
Yuyub bu dünyanı leysan aparır.
Dönüb ruh olmuşam, daha canım yox,
Axıb damarımdan çıxan qanım yox,
Məni bu dünyadan Yaradanım yox,
Vüsaı qəlbimə daman aparır.
Göylər ulduzları barışdıracaq,
Zülmətin qoynunda alışdıracaq,
Bu torpaq bizi də qovuşduracaq,
Sadəcə,bir ömrü zaman aparır…
Cəbrayıl Hüseyn
Bənövşəm
Xoş gəlmisən, bənövşəm,
qədəmlərin mübarək.
Gəlişinlə, ruhunla,
bahara verdin bəzək.
Abır, ismət sinvolu,
qoy söyləyim adına.
Dəyişmədin heç zaman,
baş əyirəm arına.
Çoxları baxsın sənə,
bir az ibrət götürsün.
Bu ismətdən gələcək,
nəsilinə ötürsün.
Nə olsun ki, bəstəboy,
yaradıb Allah səni.
Heç zaman danmamısan,
satmamısan Vətəni.
Hündür olub sarayda,
“yaşayanlar” nə çoxdur.
Səndə olan abırdan,
onlarda zərrə yoxdur.
Sən əhdini, zatını,
heç nəyə dəyişmədin.
Namusunu tapdayıb,
kef çəkib, əyişmədin.
Onunçun da bənövşəm,
səni çox sevir, hər kəs.
Onu bilirik ki, sən,
yaşamadın, heç əbəs!
Sənə irad tuturlar,
boynun bükükdür deyə.
Özləri əhdi danır,
bax, haram yeyə-yeyə!
Səndə olan o ismət,
qalsaydı abır bizdə.
Sənin kimi üzü ağ,
insan olardıq, biz də!..
Rüstəm Məbudoğlu
Bu ölkədə
Sanma məni özgə eldə,
Dindir məni doğma dildə.
Ətirlidir çiçək, gül də,
Sevdiyimiz bu ölkədə!
Yarpaq açan ağaclar da,
Gül qoxuyan yamaclar da,
Boldu dövlət, sərvət, var da
Sevdiyimiz bu ölkədə!
Olmayıbdır sözü quru,
Əyilməzdir şah qüruru.
Bulanlıqlar oldu duru,
Sevdiyimiz bu ölkədə!
Şahididir Mövlud – bunun,
Vətənimin haqq yolunun.
Qeyrəti var hər oğlunun,
Sevdiyimiz bu ölkədə!
Mövlud Teymur
İlk bahardır…
Dünya böyük, təklər çətin bacara,
Gəl, birləşək, kainatı bir qucaq.
Ürəyimə dedim: – layiq bac ara –
Ünvanına gül göndərdim bir qucaq…
Yaraşmaz ki, yerdə durub dan Yeri,
Dərk anımdan meylim yalnız Haqqadı.
Zülmət qaçır, gülməkdədir dan yeri,
Şükr edirəm, dilimdədir Haqq adı.
İlk bahardır, gəlin köçür alçalar,
Zoğalların donu yenə sarıdı.
Həyat rəmzi – yanağında al çalar,
Vurulduğum üzü mənə sarıdı.
Anlamadım, bu nə sayaq baxışdı,
O baxdıqca gözüm, könlüm qanadı.
Qismətimiz, eşqimizmi baxışdı,
Yoruldumu bəxtin qoşa qanadı?
Bizdən ötrü iki rəng var – ağ, qara,
Yer üzündə hamı qonaq, gəlmədi.
Göz yaşlarım al töküldü ağ qara,
Eh, nə olsun, mənə rəhmin gəlmədi.
Qəlb açmadım, sirr vermədim yetənə,
Qarşıladım qəm içində bu yazı.
Şükür olsun Haqdan mənə yetənə,
Az deyil ki, qənimətdir bu yazı.
Şahməmməd Dağlaroğlu
Yaz yağışı
Gün çıxa nə zamansa quruda, qurutmaya,
Yağır hələ ki, başa, ayağa yaz yağışı.
Ömrün-günün hansısa yazında demədim ki; –
-Az yox, görüm ki, nola çox yağa yaz yağışı.
Çəkib nəmi, islanıb yetməsi üçün bada,
Yaşamışam bunu mən, rastlaşmış olub o da.
Yuvaların sonrakı taleyi düşür yada,
Yağanda quşlar qonan budağa yaz yağışı.
Məni qane etmədi, yağıb, görüm ki, nola,
Torpağın hər qarışın qane edəndən ola.
Bu dağ düşmənə çəpər, o dağ qalatək qala,
Yağa bu dağla birgə o dağa yaz yağış!
Tamam Nur Tağlabiyanlı
Allaha dua edək
Elmira üçün
Qədəmlərin mübarək,
Dedik gəlin gələndə.
Xoş olar, biz də gülək,
Sənin bəxtin güləndə.
Dedik: Evin şən olsun,
Doğulsun oğlun, qızın.
Həyatın gülşən olsun,
Həqiqət olsun arzun.
Qəm görməsin eviniz,
Yar olun səadətə.
Bir-birin çox seviniz,
Görən gəlsin riqqətə.
İnşallah, ocağınız
Eşidər körpə səsi.
Gül açar qucağınız –
Tər bənövşə nəfəsi.
Müqəddəsdir ailə,
Sevgi bəzəyər onu.
Xoş günlər öndə hələ,
Bir sınaq bil sən bunu.
Ümidlə bax sabaha,
Günəş gözündən doğar.
Dua edək Allaha,
Dərd varsa, dərman da var.
Şərqiyyə Balacanlı
Var
Daha qəmdən çəkərim yox
Dərdlərimə ortağım var.
Dar günümdə dada çatan,
Yaxşı yarım-yarağım var.
Haçan rüzgarın sərt olsa,
Dayanarsan- həmdərd olsa.
Fikirlərim zülmət olsa,
Bir nur saçan çırağım var.
Karvanımın köçündəyəm..
Yollar bitməz, seçimdəyəm.
Səhraların içindəyəm,
Sanıram bağça, bağım var.
Günüm belə, gecəm belə
Əcəb ömrü verdim yelə..
Qınamasınlar qoy hələ,
Ülfət üçün marağım var.
Can verəndə ruha xəyal,
Acılar olur şəkər, bal.
Eh, nə şirinmiş istiqlal ,
Sevgi adlı bayrağım var.
Şahlar Hacıyev
Anamın
Dünyam idi – gülər üzlü, mehriban,
Çöhrəsinə qurban olum anamın.
Verdiyinə heç vaxt əvəz ummayan,
Səxasına qurban olum anamın.
Şirin-şirin danışardı, gülərdi,
Oturduğu yeri cənnət bilərdi.
El dilindən xoş sədası gələrdi,
Sədasına qurban olum anamın.
Gəzdirdi ürəkdə Göyçə həsrətin,
Qazandı obanın, elin hörmətin.
Övladların baş ucaldan sərvətin,
Sərvətinə qurban olum anamın.
Balaların – ləlin, zərin, daş-qaşın,
Onlar üçün az çəkmədi dərd başın.
Elxan, Elman – dayanmayan göz yaşın,
Göz yaşına qurban olum anamın.
Yeddi can böyüdüb halal süd ilə,
Düz yolu göstərib saf öyüd ilə.
Səslənir qulaqda laylası hələ,
Laylasına qurban olum anamın.
O gedəndən sığmayıram cahana,
Ağlamaqçün çəkilirəm pünhana.
Anasızlıq yığdı məni lap cana,
Cəfasına qurban olum anamın!
Nəzifə Təhməzqızı
Bölünməz
Saçına sığal çəkən əl gördüm,
Əllərim qaçdı səndən.
“Can” deyəsi dil gördüm,
Sözüm yan keçdi səndən.
Gözünə ümid edən göz gördüm,
Gözümü götürüb qaçdım.
Yoluna düşmüş iz gördüm,
Yolumu yarımçıq çaşdım.
Yığıb ümidimi, yığıb gözümə,
Ürəkdən dil verib ürək sözümə,
Elə arxalandım, elə özümə,
Unudam mən səni, sən özgəninsən.
Özgə qismətinə, özgə payına,
Göz dikə bilməyən gözüm var mənim,
Ayrılan yollara “əlvida” deyən,
Ürəkdə bir kəlmə sözüm var mənim.
Bölərəm dövləti, bölərəm varı,
Bölərəm dünyamın özünü yarı.
Bölünməz məhəbbət, bölünməz istək,
Ürəyə nə gərək özgə bir “dəstək?”
Yolun yarısından qayıdan ürək,
Dözər sənsizliyə biləsən gərək.
Mehriban İbrahimova
Bahar arzuları
Bahar fərəh versin hər insana,
Nur saçsın hər evdə məhəbbət şamı.
Olmasın ayrılıq, gülməsin kədər,
Yaransın hər qəlbdə sevgi ilhamı.
Barışsın dünyada bütün küsənlər,
Sevənlər şadlanıb versin əl-ələ.
Bəxtəvər ötüşsün ömrün hər anı,
Vədəsiz düşməsin bəyaz qar telə.
Aşıqlar əldə saz meydana girsin,
Ürəyə məhəbbət gətirsin bu yaz.
Qəm, kədər yad olsun eldə hamıya,
Ürəklər açılıb eyləsin pərvaz.
Xuraman Baxış
Gizlicə gələydim
Ömrümün baharı sona yetsə də,
Ürəkdə eşq odu sönməz heç zaman.
Xəyalım gözündən düşüb itsə də,
Qəlbim öz sözündən dönməz heç zaman.
Mən necə özümdən razı olum ki,
Sevdirə bilmədim özümü sənə.
Allah göz verdi ki, göylərə baxım,
Fəqət, mənsə dikdim gözümü sənə.
Belə məlum olur sənin sözündən,
Əzəldən salmısan məni gözündən.
Kaş qismət olaydı hiss etdirmədən,
Gizlicə gələydim sənin izindən.
Roman Səfərov
***
Bir şah olsan da güvənmə aləmin gərdişinə,
Rayihə eylər tikan, çox bənd olma vərd* işinə.
Xeyir iş gör, əməlinlə nur saçılsın cahana,
Vermə namərdə zəmanət, yardım ol mərd işinə.
Sözünü yaxşı bişir, çiy çıxar, udulmaz olar,
Dodağından çıxacaq hər sözü vur hər dişinə.
Şahı mat eyləyənin dərkinə əhsən deyərəm,
Bir sözüm yoxdu mənim “it sümüyü” – nərd işinə.
Uyma şeytan alına, eldə qoru pak adını,
Olmasın, varsa da son qoy ziyanlı vərdişinə.
Fələyin ruzigarı çönəndi nagah, Tərlan,
Yazıya heç pozu yox, şəkk eləmə dərd işinə.
* – qızılgül
Tərlan Saleh