Kürdmaşı kəndində kütləvi həbslər, məhkumluğa, sürgünə, edama (güllələnmə cəzasına) məruz qalanlar barədə el arasında çoxlu söz-söhbətlər dolaşır. Həmin illərdə Respublikanın bir çox bölgələrindəki repressiya qurbanları barədə yazılı faktlar kifayət qədərdir. Kürdmaşının isə adına heç yerdə rast gəlmək olmur. Halbuki, repressiya barədə ən dözülməz, ən qəddar, ən rüsvayçı faktlar məhz bu kəndlə bağlıdır. Bir kənddən (yəni, Kürdmaşıdan) güllələnmə cəzasına məhkum olanların sayı (el arasındakı) 68 nəfərdən 100 nəfərə qədər söylənilir. Repressiya qurbanlarının hamısı bəraət alandan sonra belə, Kürdmaşıda baş verənləri gizlətmək kimə lazım imiş? Anlamaq çətindir.
Ötən əsrin 40-50-ci illərində bu barədə söhbətlər bütün kəndlərdə, o cümlədən, bizim Müdri kəndində də (İsmayıllı rayonu) eşidilirdi. Yaxşı xatırlayıram ki, camaat arasında bu repressiyaları “Qaraqoyunlu üsyanı” ilə bağlayırdılar. Uşaqlıq çağlarımızdan bir Qaraqoyunlu-Ağsu rayonunun Qaraqoyunlu kəndi barədə məlumatımız vardı. Çünki Qaraqoyunlu və Müdri kəndlərinin əhalisi bir-birinə yaxın, doğma sayılırdı. Qohumluq, dostluq, get-gəl əlaqələri vardı. Mən də uşaqlıq çağlarımda bir dəfə Qaraqoyunlu və Musabəyli kəndlərindəki babamgilin ailəvi dostlarıgildə bir neçə gün qonaq olmuşdum. Amma “Qaraqoyunlu üsyanı” barədə heç bir söhbətlə rastlaşmamışdım.
Kəndimizdəki qocaların söhbətlərindən belə məlum olurdu ki, Qaraqoyunludan bizim dağ kəndlərinə də üsyana qoşulmaq çağırışı ilə gələnlər olub. Lakin ağsaqqallar bu işin sonunun yaxşı qurtarmayacağını düşündüklərindən gənclərə mane olmuş, üsyançıların siyahısına düşmələrinə imkan verməmişlər. Ona görə də həmin kəndlərdən “Qaraqoyunlu üsyanı”na qoşulmaq adı ilə repressiyaya uğrayanlar olmayıb.
İllər keçəndən sonra Kürdmaşıda baş vermiş hadisələrin (günahsız insanların tutularaq sorğu-sualsız məhv edilməsinin) həqiqiliyinə inandıqdan sonra “Qaraqoyunlu” məsələsi ilə yenidən maraqlanmağa başladım. Və nəhayət, bu üsyanın Şəmkir rayonunun Qaraqoyunlu kəndində baş verdiyini öyrəndim. Lakin ən maraqlısı bu idi ki, kolxozlaşmaya (kəndlilərin torpaqlarının əlindən alınmasına) qarşı baş vermiş bu üsyan (habelə, Respublikanın digər bölgələrində də) haqqında çox şey yazılmasına baxmayaraq, heç yerdə Kürdmaşının adı çəkilmir. Halbuki, sovet repressiya maşınının törətdiyi və dünya çapında bərabəri olmayan qanunsuzluqların ən rüsvayçı faktları məhz bu kəndlə bağlıdır.
Yuxarıda haqqında bəhs edilən üsyan haqqında məlumatlar möhürlü, yaxud möhürsüz arxivlərdə saxlanmaqla yanaşı, bəzi məşhurların həyat və fəaliyyətinə dair yazılmış kitablarda da həmin məlumatların izinə rast gəlmək olur. Belə kitablardan biri Moskvada nəşr olunmuş “Qüdrətli narkom Beriyanın taleyi” (müəllif – B.Sokilov) kitabıdır.
30-cu illərin kəndli üsyanları ilə bağlı jurnalist Faiq Hüseynov “Bir üsyanın 85 illiyi…” adlı dəyərli məqaləsində B.Sokolovun yuxarıda adı çəkilən kitabından da bəhs etmiş və Hacı Axund üsyanı ilə bağlı bəzi məqamları məqaləsinə daxil etmişdir. Maraqlı və faydalı olduğunu düşündüyüm üçün F.Hüseynovun həmin məqaləsindən (B.Sokolovun kitabından iqtibas etdiyi) bir parçanı olduğu kimi buraya köçürürəm:
“Zaqafqaziya Dövlət Siyasi İdarəsi üçün ən böyük problem kollektivləşmə ilə əlaqədar 1930-cu ildə başlayan kəndli üsyanları oldu. Dekabrın əvvəlində Siyasi İdarə Gəncə uyezdində sayı min nəfərdən artıq olan üsyançılarla mübarizə ilə bağlı məruzəsində qeyd edirdi: ““Bandit” (o dövrdə qaçaqlara qarşı bu ifadə geniş istifadə olunurdu) hərəkatının başında keçmiş molla-ittihadçı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament üzvü olmuş Hacı Axund dayanır. Onun “bandit” dəstəsi qarşısına kütləvi qiyam qaldırmaq məqsədi qoymuşdur. Bu məqsədi həyata keçirmək üçün Hacı Axund tərəfindən geniş antisovet təbliğatı aparılır”.
Qiyam başlayan ərazilərdə əhali arasında tezliklə türk və ingilis ordusunun gələcəyi, Sovet Hökumətinin məğlub olacağı şaiyələri yayılır. Ətraf ərazilərdə kəndlilər kolxoza qarşı, yoxsulluğa qarşı mübarizəyə, din yolunda silah götürməyə çağırılırlar. Bu məqsədlə Şamxor və Gədəbəy rayonları ərazilərində vərəqələr yayılır. Türk ordusunun gəlişi ilə bağlı şayiələrin doğruluğunu sübut etmək üçün Hacı Axundun təlimatı ilə üsyançılardan biri türk ordusu zabitinin geyimində “bandit” dəstəsi ilə birlikdə ətraf kəndlərə gedir, dəstə üzvləri ona “paşa” deyə müraciət edirlər. Kəndlilərə Stalinə qarşı olan “sağ təmayüllü” bolşeviklərin də Hacı Axundla həmrəy olduğu bildirilir.
Bu tədbirlər nəticəsində Hacı Axundun ətrafında min nəfərdən artıq silahlı üsyançı toplaşmış, Şamxor və Qasım İsmayılov rayonlarının bir sıra kəndləri onun təsir dairəsinə düşmüşdür. Qaçaqların maddi təminatı isə əsasən varlı və ortabab kəndlilər tərəfindən həyata keçirilirdi.
Qiyamçılar noyabr ayının əvvəllərindən daha da aktivləşməyə başladılar. Hacı Axund üsyanı getdikcə təhlükəli xarakter alırdı. Üsyançılar hətta bir neçə gün Bakı-Tiflis dəmir yolunda qatarların hərəkətini dayandırmağa nail oldular. Həmin vaxtdan hökumət qiyamçıların fəaliyyət göstərdiyi ərazilərə silahlı ordu hissələri cəmləşdirməyə başladı. Dövlət Siyasi İdarəsinin silahlı dəstələri qiyamın yayıldığı ərazilərdə kəndləri ciddi nəzarətə götürərək, qaçaqlara yardım etməkdə şübhəli bildikləri adamlarla bağlı amansız tədbirlərə əl atdı.
Görülən sərt tədbirlər nəticəsində qaçaqların çətinlikləri meydana gəlməyə başladı. Bu vəziyyət Hacı Axundu öz dəstəsini kiçik hissələrə bölməyə məcbur etdi. Silah–sursat çatışmazlığından qiyamçıların çoxu evlərinə döndü.
Nəhayət, 1930-cu il 9 dekabrda Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Mixail Frinovskinin (qeyd: Mixail Frinovski 6 avqust 1930-cu ildən 3 aprel 1933-cü ilə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, 1937-1938-ci illərdə SSRİ XDİK sədrinin 1-ci müavini olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 1940-cı il 4 fevral tarixində güllələnməyə məhkum edilmiş, həmin gün güllələnmişdir) başçılığı ilə ordu qüvvələri Düyərli kəndinin (Şəmkir rayonu) qışlaqlarının birində Hacı Axundu 9 nəfər silahdaşı ilə birlikdə mühasirəyə aldı. Həmin gün baş verən döyüşdə Hacı Axund və silahdaşları həlak oldular.
O dövrdə Dövlət Siyasi İdarəsi Hacı Axund üsyanının yatırılmasında ən sərt repressiyalardan istifadə etmişdir. Belə ki, kəndlilər girov götürülür, onlar gizlənmiş üsyançıların təslim edilməsinə məcbur edilirdi. Ələ keçmiş qiyamçılar, onlara kömək etməkdə şübhəli bilinən adamlar yerindəcə güllələnirdi. Təkcə 1930-cu il 8 dekabrda Düyərli kəndində əhalinin gözü qarşısında 23 qaçaq, 10 nəfər onlara kömək etməkdə şübhəli bilinən adam güllələnmişdir. Könüllü olaraq silahı yerə qoyan qaçaqlar da bir müddət sonra güllələndi, yaxud sürgün edildi”.
F.Hüseynov məqaləsini aşağıdakı cümlə ilə bitirir: “Beləliklə, ümid etmək olar ki, bu yazı tarixçilərin diqqətini cəlb edəcək və həmin bu qanlı hadisənin dərindən araşdırılmasına səbəb olacaqdır”.
Hörmətli həmkarımız, Faiq Hüseynov, Sizin qaldırdığınız bu vacib məsələ tarixçilərə təsir etmədi, yeni tədqiqatlar aparmadan, ortaya yeni bir şey qoymadan, əvvəlki illərdə yazılanları tutuquşu kimi təkrar etməkdən irəli getmədilər.
Bu qaranlıq əhvalata (faciəyə) az da varsa, işıq tutmaq üçün araşdırma aparmaq istədim. Həmin kənddən “Zəhmətkeş” qəzetinin Çərkəz Abdullayeva adlı çox fəal bir ştatdankənar (ictimai) müxbiri vardı. Müntəzəm olaraq qəzetdə müxtəlif mövzularda yazıları dərc olunurdu. Bu müşkülün çözülməsində onun köməyindən istifadə etmək qərarına gəldim. O, növbəti dəfə redaksiyaya gələndə bu barədə söhbətimiz oldu. Sanki çoxdan bu təklifi gözləyirmiş kimi, Çərkəz xanım sevincək razı oldu və öz kəndlərindən olan repressiya qurbanlarının işini araşdırmaq üçün canla-başla çalışacağını bildirdi. Bir neçə gündən sonra o, yenə redaksiyaya gəldi və tapşırıqla bağlı görəcəyi işləri planlaşdırdığını söylədi. Bildirdi ki, həmin illərin şahidi olmuş yaşlı insanlar barədə məlumat toplayıb və bu işdə onların köməyindən (özü “bələdçi kimi” deyirdi) istifadə etmək qərarına gəlib. Biz razılaşdıq. Aradan az bir müddət keçdikdən sonra Çərkəz xanım redaksiyaya gəldi və bir neçə şagird dəftəri həcmində olan qeydlərini stolun üstünə qoydu.
Ötən əsrin 94-cü ili idi. Rayon qəzetinin fəaliyyətini davam etdirməsi qarşısinda problemlər yaranmışdı. Qəzetin təsisçilərindən biri sayılan İcra Hakimiyyəti maliyə köməkliyi göstərməkdən (guya vəsait çatışmazlığı səbəbindən) imtina etdi. Əməkdaşlar əmək haqqı almadan da qəzetin işini davam etdirməyə hazır olduqlarını bildirdilər. Lakin hətta qəzetin çapı üçün kağız almaq mümkün deyildi. Qəzet böyük fasilələrlə işıq üzü görməyə başladı. Belə olduqda, redaktor Musa Yaqub rayon qəzetinin fəaliyyətinin müvəqqəti (maliyə imkanı yaranana qədər) dayandırılması təklifi ilə təsisçi sayılan əməkdaşlara müraciət etdi. Əməkdaşlar razılaşdılar. Beləliklə, rayon qəzeti (“Cavanşir yurdu”) fəaliyətini dayandırmalı oldu və bir daha işıq üzü görmədi.
Bundan bir neçə gün sonra İcra Hakimiyyəti özünün təsis etdiyi “Girdiman” adlı qəzet nəşrə başladı. Həmin qəzet isə ilk nömrəsində elan elədi ki, bu qəzet əvvəlkinin (yəni 70 illik tarixi olan “Zəhmətkeş” – “Cavanşir yurdu”nun) davamı deyil. Bununla da rayon qəzetinin həm özü, həm də arxivi məhv edildi.
Şahmat leksikonunda deyildiyi kimi, bu “at gedişi” ona görə edilirdi ki, qəzet əvvəlki adını saxlasaydı, kimin redaktorluğu altında çıxmasına baxmayaraq, Musa Yaqub təsisçilərindən biri kimi həmişəlik baş redaktor olaraq qalacaqdı. İcradakılara isə bu lazım deyildi. “Girdiman” qəzeti də bir neçə nömrəsi çıxandan sonra fəaliyyət göstərmək imkanına malik olmadığından bağlandı.
Şahməmməd Dağlaroğlu özünün təsisçisi olduğu “İsmayıllı xəbərləri” adlı qəzeti qeydiyyatdan keçirdikdən sonra rayon mətbuatı sahəsindəki bu boşluq dolduruldu. Özünün işgüzarlığı nəticəsində Ş.Dağlaroğlu müntəzəm olaraq qəzeti çıxarmağa başladı və bu sahədəki fəaliyyətini (işini) uğurla davam etdirir.
Bu uzun izahatı yazmaqda məqsədim odur ki, Kürdmaşının repressiya qurbanları barədə tədqiqat aparıb, materialları redaksiyaya təhvil verən Ç.Abdullayeva, yəqin ki, işinin (zəhmətinin) nəticəsini görmədiyindən, ruhdan düşmüş vəziyyətdə və bizə qarşı da xoş olmayan bir münasibətdə olar (buna haqqı da var).
İzahatdan aydın oldu ki, Çərkəz xanımın yazılarından rayon qəzetində nə üçün (qəzetimiz də Kürdmaşının günahsız qurbanları kimi, bir növ, “repressiyay”ya məruz qaldığına görə) istifadə olunmadı.
İndi isə Çərkəz xanımın böyük zəhmət hesabına hazırladığı qeydləri çapa hazırlayıram (Bir hissəsini qabaqcadan internetdə paylaşmaq qərarına gəldim).
***
Yazını oxuyanda bir məsələni diqqətdə saxlamaq lazımdır: Ç.Abdullayevanın repressiya qurbanlarının qohumları ilə apardığı müsahibələr, sorğular və cavablar, ümumiyyətlə onun qeydlərinin hamısı 1994-cü illə bağlıdır. Adlar, tarixlər və sair barədə yanlışlıqlar və əlavə suallar yaranmasın deyə, bunu nəzərə çatdırdım.
***
Məlumdur ki, “Hacı Axund üsyanı” (yaxud, “Qaraqoyunlu üsyanı”) 1930-cu ildə alovlanıb-yayılmağa başlamışdır. Az müddətdən sonra ordu hissələri tərəfindən mühasirəyə alınan üsyan başçılarının və döyüşçülərin (üsyançıların) həlak olması ilə elə həmin ildə üsyan məsələsi bitmişdir. Üsyançılara qoşulanlar və onların qohumları da həmin ittihamla həbs edilərək güllələnməyə və digər cəzalara məruz qalmışlar.
Bütün İttifaq (SSRİ) miqyasında tüğyan edən 36-37-ci il repressiyalarında isə kəndli üsyanlarında iştirak əsas mövzu deyildi. Kürdmaşı faciəsinin özünəməxsus cəhətlərindən biri də o idi ki, “Qaraqoyunlu üsyanı”ndan 6-7 il keçməsinə baxmayaraq, həbs edilib-işgəncə verilərək güllələnlərin və digər cəzalara məruz qalan insanların əsas “cinayəti” həmin üsyanda iştirakı ilə əlaqələndirilirdi. Kürdmaşılıların kütləvi surətdə üsyanda iştirakı təsdiq edilsəydi, elə həmin ildə (30-cu ildə) müvafiq tədbirlər görülərdi. Ola bilsin ki, məhdud sayda insanlar çağırışa qoşularaq, üsyançılara yardım etmişlər. Lakin söylənilənlərdən məlum olur ki, bu, kütləvi hal almamışdır. Kənddə bu fitnəkarlığın kimin tərəfindən və nə məqsədlə törədildiyi də qaranlıq qalır. Hadisələrin şahidi olmuş yaşlı insanların söylədiklərindən məlum olur ki, evində silah saxlayanları aşkara çıxarmaq üçün müxtəlif hiylələrə əl atmışlar, Məsələn, gecə vaxtı şaiyə yaymışlar ki, adamların şəxsi mal-qarasını oğurlamaq məqsədilə kəndə quldurlar doluşmuşlar. Bunu eşidən hər kəs əlinə keçən silahı (çoxunda isə, sadəcə olaraq, balta, yaba və s.) götürüb kəndin ətrafına çıxmışlar. Əvvəlcədən təlimatlandırılmış adamlar isə, silahı olanları qeydə almışlar.
Repressiya qurbanları və onların yaxınlarının söhbətlərindən məlum olur ki, əslində, 36-37-ci illər repressiyasının şiddətlənməsindən istifadə edən çuğullar günahsız insanları şərləyib tutdurmuşlar. “Epidemiya” halını almış bu çuğulluq nəticəsində kimin kimdən acığı gəlirmişsə donos yazıb, rəqibinin üsyanda iştirak etməsini təsdiqləyirmiş. Həmin illərdə güc strukturlarında hədsiz ixtiyar sahibinə çevrilmiş yaramaz ünsürlər isə heç nədən çəkinməyərək, “istintaq” adı altında görünməmiş qanunsuzluqlara-cinayətlərə imza atmış, günahsız insanları dəhşətli işgəncələrə məruz qoymuşlar.
Aşağıda Kürdmaşının repressiya qurbanaları barədə yazılanlar Çərkəz Abdullayevanın bizə təqdim etdiyi qeydlərə əsaslanır.
1-Cİ BƏLƏDÇİM – Əliyev Paşa Qasım oğlunun dedikləri:
Xeyli adamı tutub idarəyə aparmışdılar. Bir gün gəlib məni də apardılar. Daxili işlərdə çalışan Vartanov adlı birisi dedi: “Yaxşı bax, bu adamları tanıyırsan?” Dedim, bəli hamısını tanyıram. Dedi: bunlar Qaraqoyunlu üsyanında iştirak ediblər. Onlarda tüfəng görmüsənmi? Dedim, xeyr, görməmişəm. Bu sualı bir neçə dəfə təkrar elədilər. Mən də eyni cavabı verdim. Buraxdılar. Getdim evə. Evdəkilər sevindilər ki, məni buraxıblar. Elə bir stəkan çay içmişdim ki, Manafov və Şərifov bir neçə nəfərlə gəldilər. Deyirdilər Şərifov milis rəisi, Manafov da onun köməkçisidir. Evimizdə yoxlama apardılar. Tüfəng axtarırdılar. Heç nə tapmadılar. Dedilər səndə tüfəng var. Harda gizlətmisən, get gətir. Dedim, məndə tüfəng yoxdur. Məni qamçı və dəyənəklə döydülər, sonra apardılar kəndimizdə Əşrəfin tövləsinə. İçəri salıb qıfılladılar. Mənimlə birlikdə İskəndəri, Rəhimi, Qulammirzəni, Şəmini də içəri saldılar.
Milislər qapıda keşik çəkirdilər. Səhərədək qaldıq orada. Səhər saat doqquz olardı. Gəlib bizi çıxartdılar, məhkəmə qurdular. Hakimin adı Vakis Semyonoviç idi. Məhkəmə birinci mənə dedi: Komsomol, dur ayağa! Durdum. Dedi: Səndə tüfəng var, niyə təhvil vermirsən? Dedim, məndə heç vaxt tüfəng olmayıb. Bir neçə nəfər yalandan şahidlik edən satqınlar vardı. Onları çağırdılar. Dedilər bunda tüfəng görmüsüzmü? Dedilər, bəli, görmüşük.
Tüfəng maddəsi 266 idi. 5 il işi vardı. Söz qaytardığıma, “dikbaşlıq” etdiyimə görə mənə 6 il iş verdilər. Dedim, sən yalandan mənə iş verdin. Mən 6 ilə gedib gələcəm. Amma ədalətsiz olduğuna görə, mən gələndə sən olmayacaqsan. Maddəm elə idi ki, mən günə-gün, düz altı il yatdım. Qayıdanda eşitdim ki, Vakis Semyonoviç ölüb. 6 il yatsam da, əhdimə çatdım deyə, içim rahat oldu.
Qayıdandan sonra gördüm ki, ailəmizə zülm ediblər. Xalq düşməninin ailəsidir deyə, işlədiblər, haqq da verməyiblər. Ev-eşik pis gündə. Uçub dağılır. Anam, yoldaşım, 2 uşağım ağır vəziyyətdə, anam uzun müddət aclıq çəkdiyindən, xəstələnmişdi. Mən gələndən az sonra vəfat elədi.
55-ci il yanvarın 5-də bəraət aldım.
Hazırda 83 yaşım var. 4 oğlum. 3 qızım, 14 nəvəm var. Getsin o günlər…
Mən türmədə olanda ailəmizlə heç bir əlaqəmiz olmadığına görə, bilmirdim ki, qardaşımı da tutublar. Qardaşımdan xəbər tutmaq üçün çox çalışdım. Dəfələrlə hökumət idarələrinə müraciət etdim. Axırda bir gün çağırdılar məni. Otaqda bir qız oturmuşdu. Qarşısında qovluq vardı. Başqa heç kim yox idi. Qovluqdakı kağızlara baxa-baxa dedi:
– Axtarma, heç yerə müraciət də etmə. Sənin qardaşın Rüstəmi Qaraqoyunlu üsyanına görə güllələyiblər.
Mən dözməyib ağladım. Soruşdum ki, güllələnənləri harada dəfn edirdilər. Qız da mənim vəziyyətimi görüb ağladı. Kim bilir, o nə qədər mənim kimi talesiz insanı cavabsız yola salmağa məcbur olmuşdu. Dedi: “Onların əksəriyyətini Nargində güllələyirdilər. Qəbirləri isə yoxdur…”.
2-Cİ BƏLƏDÇİM – 84 yaşlı Səlmi Ələkbərova
Səlmi nənənin həyat yoldaşı Ələkbərov Əmiralı Ələkbər oğlu haqqında dedikləri:
“Hökümət təzə qurulan vaxtlarda onu milisdə işləməyə qoymuşdular. Bir neçə il Ərəbmehdibəydə, bir il də kəndimizdə işlədi. Kolxoz təzə qurulanda kolxoza sədr seçdilər onu. Bu Qaraqoyunlu əhvalatı başlananda rayondan gəlib iclas apardılar, işdən çıxartdılar. Dilindən iltizam almışdılar ki, ertəsi gün gəlsin idarəyə. İclas adıyla apardılar rayona. Bir də geri qayıtmadı. Balaca qardaşımla piyada getdik dalıycan. Çörək, paltar apardıq götürmədilər. Deyirdilər, nə üzlə gəlmisiniz? Onlar vətən xainidir. Sizi də tutub salarıq onların yanına. Onda üç uşağım vardı. Hamilə idim. Dedilər uşaqlarının yanına qayıtmaq istəyirsənsə, rədd ol get burdan. Bu işlərin əsas başında duran Manafov idi. Bizi qapıdan bayıra ayaq basmağa qoymurdular ki, xalq düşməninin ailəsisiniz. Vergilərimizi çoxaltdılar. Hökümətə yağ, ət, yun, yumurta verin deyirdilər. Hardan verək? Yun əvəzinə yorğan-döşəyimizin içini söküb apardılar. Bir inəyim vardı. Yağını verirdim. Yumurta da verməli idim. Yox idi. Dilənərək tapıb verirdim. Heç kim yaxın durmurdu. Bilsəydilər ki, kiminləsə qohumluğumuz var, onu da aparardılar.
Uşaqlarımın ikisi acından, xəstəlikdən öldü. Qorxudan qohumlar da uzaqdan baxırdılar. Balaca qardaşım qaçıb getdi Türkmənistana. Ondan böyük qardaşım da Bakıya, sonra isə harasa getdi. Ən böyük qardaşım xəstə, qoca idi deyə, onu aparmadılar. Evdəki palaza qədər satıb vergiləri ödəyirdik. Xəbər tutmağa gedəndə, o gülləyə gəlmiş Vartanov deyirdi ki, yoldaşın güllələnib. Çox baş aparsan, sən də onun yanına gedərsən.
Qaynanam getdi ki, bir xəbər bilsin. Dedim, getmə, səni döyüb-öldürərlər. Qoy mən gedim. Döyəndə də, məni döysünlər. Razılaşmadı, getdi. Ağzı-burnu qan içində qayıtdı. Manafov ürəyinə güllə dəymiş “Kəblə Fətullah” adlı dəyənəklə döyürdü dustaqları. Qaynanamı döyüb qana buladıqdan sonra, gülə-gülə deyiblər ki, dişlərin də yoxdur vurub sındıraq.
(Çərkəz xanımın müsahibə aldığı repressiya qurbanlarının əksəriyyəti “Kəblə Fətullah” dəyənəyi ilə döyüldüklərini söyləyirlər. Təəssüf ki, bu barədə heç bir əlavə izahat verməyib. Bu, polis dəyənəyi, ya başqa bir şey imiş? Müəyyənləşdirə bilmədik – M.M.).
Zərəfşan adlı qadın “kəblə Fətullah” dəyənəyi ilə döyüləndə, cüt uşaq salmışdı. Axşamayaxın Zərəfşanın özü də öldü. Zərəfşanın ölümü bir çoxlarını xilas elədi. Bakıya xəbər vermişdilər. Yoxsa, çox adamı döyə-döyə öldürəcəkdilər. Zərəfşan ölən günün səhəri Şərifovla Manafov yoxa çıxdılar. Hara getdilər, bilmirəm”.
Səlmi ana 2 övladını böyüdə bilib. Oğlu Yelmarın 5 uşağı, qızı Minayənin 3 oğlu var. Yelmarın oğlu Ceyhun Əfqanıstanda həlak olub. Kürdmaşı məktəbinə Ceyhun Həsənovun adını veriblər.
3-cü BƏLƏDÇİM – Telli Ələkbərova
Qapını gəlini Zərəfşan açır. Xoş üzlə qarşılayırlar. Axı ilk gəlişim deyildi. Neçə il əvvəl 70 illiyini yazmışdım Telli nənənin. Bu dəfə isə onun həyat yoldaşı, repressiya qurbanı Ramazan Şirin oğlu barədə yazmaq istəyirdim. Məqsədimi biləndə kövrəldi, ah çəkdi:
“Nə mənası var, – dedi, – onsuz da olan oldu. Onu bir daha geri qaytarmaq mümkün olmayacaq… Ovaxtdan 57 il keçir. Apardılar. Bir daha geri qayıtmadı. İllərlə yolunu gözlədik. Amma nə xeyri?
37-ci il oktyabrın 25-i idi. Taxıl sahəsində səpini təzəcə başa çatdırmışdılar. Nahar eləməyə gəlmişdi. Gəldilər dalıycan. Hökümət çağırır dedilər. Ertəsi günü mən və Yəmən qarı getdik dallarıycan Göyçaya. “Həmşəri” deyilən birinin evində qaldıq. Bizi dustaqlarla görüşməyə qoymadılar. Həmşərinin köməyilə əlaqə saxladıq. Çörək, paltar göndərdik. Ramazan əynindəki paltarları soyunub göndərmişdi. Köynəyinin astarında yazı vardı. “Bizi aparırlar. Bilmirəm ölümə, ya hara gedirik”. Gedəndə demişdi ki, əmimin oduna düşdüm. Deyiblər ki, əmin Kəblə Rüstəm Əli oğlu hökümət əleyhinə olanlara qoşulub. Sən də onun qardaşı oğlusan, onunla bir olmusan. Amma onun heç nədən xəbəri yox idi.
Əvvəli belə başladı ki, Abdulrəhimin evində iclas keçirilirdi. Kənddə aşağı məhəllə ilə yuxarı məhəllə arasında çəkişmə, dedi-qodu yaranmışdı. Adamlar yola getmirdilər. Başlayırlar ki, nə oldu bütün vəzifəlilər – ispalkom, sədr, partkom, vergiyığan, hamısı aşağı məhəllədən olur? Bizimkilərdən niyə vəzifəyə qoymurlar? Qohumbazlıq edirsiniz.
Aşağı məhəllədən olanlar da deyirdilər ki, siz tənbəlsiniz, işləmirsiz, biz nə edək? Beləcə, narazılıq ədavət həddinə çatmışdı. Bir-birinə yalandan-doğrudan şər atdılar, bütün camaatın evini yıxdılar. Axırıncı dəfə Əşrəfin evində iclas olanda Ramazana (yoldaşıma) dedilər ki, tüfəngi gətir. O, and-aman elədi ki, məndə tüfəng yoxdur. Əl çəkmədilər. Dedilər, tüfəngi versən, canını qurtararsan. Yoxsa, gedəcəksən əminin yanına. Ramazan olan-olmazdan keçib, pul düzəltdi. Gecə ikən getdi Qarayazıya, bir tüfəng tapıb gətirdi. Tüfəngi təhvil verəndən sonra elə bildi canını qurtaracaq. Sən demə, bunlara elə tüfəng lazımmış ki, onu yola salsınlar gedər-gəlməzə.
Ramazan vergiyığan işləyirdi. Dedi, icazə verin, yığdığım pulları təhvil verim hökümətə, sonra hara istəyirsiniz aparın. Pulları təhvil verib gəldi. Yola düşəndə sonuncu sözü bu oldu: “Şeytanlar yıxdı evimi”. 5 il oturub qızımla gözlədik. Gəlmədi, heç bir xəbər də çıxmadı”.
-Maraqlanıb dalınca getmədiz, axtarmadız? – deyə, soruşuram.
“Xalq düşməninin” ailəsi idik. Hara gedəcəkdik, necə gedəcəkdik? Qorxudan evdən bayıra çıxa bilmirdik. Hələ də gözümüz yoldadır… Gecə-gündüz işləyib-çalışırdıq kolxozda. Bir balaca gecikən kimi, “xalq düşməninin ailəsisiniz” – deyib gözümçıxdıya salırdılar. Müharibə illərində mən və yoldaşlarım – Bilqeyis, Zərxanım, Ceyran ən ağır işlərdə çalışırdıq. Adımızı “partizan dəstəsi” qoymuşdular. Gündə 10 sota yer belləyirdik, 30 sota biçin biçirdik. Yerfındığı əkib, yığıb, döyürdük. Səsikəsik idik. (“Səsikəsik” – seçki hüqundan məhrum edilən – M.M.). Danışmağa haqqımız yox idi…
Allaha şükür, qızım Nailəni böyüdə bildim. Qızımız Həbibə anadan olanda Ramazan qurban kəsib paylamışdı. İndi Həbibənin 5 oğlu 1 qızı var. “Xalq düşməni” dedikləri Ramazanın iki oğlu hazırda (1994-cü ildən söhbət gedir – M.M.) Qarabağ müharibəsində vuruşur. Bir oğlu Əlisahab başından yara alıb, gözünün biri görmür. Kənddə elektrik işləyir. Babası Ramazanın adını daşıyan nəvəmiz orta məktəbi bu il bitirir”.
4-CÜ BƏLƏDÇİM – uzunömürlü Nübar nənə
“Kolxoz qurulanda atam bir cüt öküz, bir cüt kəl, bir araba verdi. Bununla əl çəkmədilər. Gündə gəlirdi bu yaramazlar – dana ver, kəl ver, araba ver. İstədiklərini verirdik aparırdılar. Axırda gəlib evimizi, anbarlarımızı axtardılar, nə qədər taxılımız vardı, hamısını süpürüb apardılar. Atam öz halal zəhməti ilə çalışıb toplamışdı var-dövləti. Elə bil bu avara şeytanlara borcu varmış.
Bir gün yenə gəldilər ki, sənin iki kotanın, iki cüt kəlin var. Sən kulaksan. Ağsaqqal kişini döyə-döyə apardılar. Bir neçə nəfər də vardı, kulak olmaqlarına görə günahlandırmışdılar. Apardılar hamısını Gəncimalının evinin yanına. Kişiləri ayrı, qadınları ayrı düzmüşdülər sıraya. Qışın şaxtasında döyürdülər, soyuq suyu tökürdülər üstünə, başına. Qarolçu qoymuşdular ki, bunlar bir-birinə yaxın gələrək birləşib isinməsinlər. Bir-birinə yaxın düşən kimi, döyüb uzaqlaşdırırdılar.
Siftə atları, sonra mal-qaranı, silahları yığıb, dalınca da adamları başladılar yığmağa. Kulak da ki, elə kulak idi. Hər şeyi alırdılar, vaxt keçir, kulak elə kulak olaraq qalırdı. Vergiləri ödəyə bilmirdik. Yoxdur, hardan verək? Deyirdilər kulak ailəsisiniz, hardan var, tapın verin. Verməyəndə də hər gün aparıb döyürdülər. Atama deyirdilər ki, Qaraqoyunlu üsyanına qoşulanlara köməklik etmisən. Hamıdan tüfəng istəyirdilər. Atamı, Bənövşə arvadı o qədər döydülər ki, axırda məcbur qalıb Alpouta tanışlarının yanına getdilər. Tüfəng alıb gətirdilər. Bilirsən, qızım, çətindir, danışa bilmirəm bunları. Az qalır dilim alışıb-yansın. Zərəfşan həlak olandan sonra bir ara sakitlik yarandı…”.
Nübar nənənin bir oğlu, bir qızı, 18 nəvəsi, 21 nəticəsi var. (94-cü ilin məlumatıdır – M.M).
5-Cİ BƏLƏDÇİM – bacılar:
80 yaşlı Zeynəb, 68 yaşlı Fatma – ataları Rüstəm Zeynalabdin oğlu Rüstəmov haqqında:
Zeynəb: “Atamız həkim idi. Təhsil almamışdı. Onun atası da, babası da həkim olub. İrandan, Ərəbistandan gətirilmiş tibb kitabları da vardı. Hər birini neçə camışa almışdı. Müharibə illərində kitablar yoxa çıxdı. Oğurladılar. Hər cür xəstəliyi müalicə edə bilirdi atam. Axşamacan gül-çiçək toplamaqla məşğul olardı. Dərmanların da hamısını özü həmin otlardan, çiçəklərdən düzəldərdi. Onun müalicə edib sağaltdığı ağır xəstələrdən indi də yaşayanı var. Biri (Gülsüm) elə xəstəxanada şəfqət bacısı işləyir”.
Fatma: “Atam hər cür yaranı, ilanvuranı, qan-sümük xəstələrini sağalda bilirdi. 37-ci ilin qış ayı idi. Təndirdə çörək bişirirdik. Kənd Sovet sədri Rizvan gəıldi dalıycan. İdarəyə aparandan sonra, orda deyiblər ki, sən heç bir sənədin olmadan həkimlik edirsən. Bir də eşitsək ki, bu işlə məşğul olursan, azadlıqdan məhrum ediləcəksən”.
Zeynəb: “Gəlib evimizdə axtarış apardılar, heç nə tapmadılar. “Təmizlik kağızı” da verdilər. Amma yenə əl çəkmədilər. Şeytanlar onu da bağlamışdılar Qaraqoyunlu əhvalatına. Həbs olundu. Daha heç yerə buraxmadılar.
Atam qızım Nisəni çox istəyirdi. Xəbər göndərmişdi ki, görüşə gəlsinlər, Nisəni də gətirsinlər. Araba tutub getdik. Gördük, yoxdur, ötürüblər. Ağlaya-ağlaya qayıtdıq geri.
Manafovla Şərifov zülm edirdi bu camaata, atama da o cümlədən. Zərəfşan ölməmişdi onda hələ. Atam sonuncu tutulan oldu. Zərəfşan öləndən sonra Manafovla Şərifov qaçdılar, yoxa çıxdılar. Adamlar danışırdı ki, hər ikisi Girk ermənisi olub (Şamaxı və Quba qırğınlarının əsas qatili, gəmidə 26-larla birlikdə qaçmış Tatevos Əmiryanın və onun qardaşı Arsen Əmiryanın kəndindən – Kürdmaşının yaxınlığındakı Girk kəndi – M.M.). Adlarını dəyişərək, müsəlman adı ilə işləyiblər. Zərəfşanın ölümündən sonra olsaydı, atam sağ qalacaqdı. İndi atamın yurdunda bacım Fatma qalır.
Rüstəm babanın nəvəsi Səmayənin oğlu Yalçın Qarabağı ermənilərdən təmizləyəndə döyüşdə şəhid oldu (Birinci Qarabağ müharibəsindən söhbət gedir – M.M.).
6-CI BƏLƏDÇİM – 77 yaşlı Mina nənə
Həyat yoldaşı və qaynı haqqında danışdı.
“Məmmədov Məlik Məşədi Əhəd oğlu. Həyat yoldaşım Mövsümün qardaşı, milis işçisi idi. Yaxınlıqda olan 7 kəndə baxırdı. Kənd adamlarının hamısı ilə qardaş-bacıları kimi rəftar edirdi. Hamı ondan razı idi. Camaat başına and içirdi. Ancaq xainlərin, paxılların tələsindən, şərindən qurtara bilmədi. Bir gün iclasa çağırdılar, o gedən getdi. Heç bilmədik nədə günahlandırıblar. Görüş də vermədilər. Körpə oğlu Bəhəri yetimxanaya verdilər. Sonralar axtardıq. Bəhər də tapılmadı…
Ondan az sonra qardaşı Mövsümü (həyat yoldaşımı) də apardılar. O da izsiz-soraqsız yoxa çıxdı. Körpə uşağım Məsimlə qaldıq bu yollarda. Bugünə qədər gözlərimiz yoldadır. Bəlkə Məlikdən, Mövsümdən, Bəhərdən bir xəbər gələ. O tuthatutda gedələrin hansından xəbər gəlib ki? Elə bil insanlar, körpə uşaqlı ailələrin başçıları bunlar üçün heç nə idi. Tutub aparırdılar, daha baxmırdılar ki, onlardan arxada qalan arvad-uşağı kim saxlayacaq. Əsl güllələnməli olan namərdlər elə adamlarımızı sorğu-sualsız tutub aparanlar idi”.
7-Cİ BƏLƏDÇİM – 69 yaşlı İsrafil Quliyev.
Qapını gəlini və qızı Zümrüd açdı. Evə dəvət etdilər. İsrəfil dayı da evdə idi. İdarədə mühasib işləyir. Günorta naharına gəlmişdi. Nə üçün gəldiyimi bildikdə, uşaq kimi kövrəldi. Bildiklərini danışmağa razılıq verdi.
Atası Məmmədov Mirzə Kəblə Qulu oğlu haqqında danışır.
“37-ci ilin may ayı idi. Axşam atamı çağırdılar ki, hazırlaş, sabah İsmayıllıya gedəcəksən. Çağırıblar. Nə üçün çağırıblar, öyrənə bilmədik. Səhər getdi. Gözlədik, qayıdıb gəlmədi. Dalıycan getdik. Görüş vermədilər. Soruşduq ki, niyə tutublar? Dedilər Ziyanovçudur (Zinovyevçi – M.M), yəni, hökümətin əleyhinə işləyirmiş. Ondan sonra 6 ay heç bir xəbər tuta bilmədik. Kimdən, hansı idarədən soruşduqsa, gördüm deyən olmadı. Bir dəfə xəbər gəldi ki, İsmayıllıdadı. İsmayıllıdan Ağa adlı bir kişi ilə Yatırmış.
Manafov bizi çağırtdırdı. Hədə-qorxu gəldi. Ailə üzvlərimizin də tutulacağını bildirdi. Bizdən at istədi. Atımızı verdik getdi. Sonra tüfəng istədi. Elə bildik tüfəng versək, bizdən əl çəkərlər. Anam Aşağı Qaraməryəmdən tanışların vasitəsilə bir tüfəng alıb gətirdi, təhvil verdik onlara. Dedik, bizdən əl çəkərlər, bəlkə atamı da buraxarlar. Daha sonra bizdən heç nə soruşan olmadı. Atamdan isə bir xəbər çıxmadı.
Bir də Göyçaya “yatab” göndəriləndə xəbər tutduq. Getdik Göyçaya. Vasitəçilərin köməyi ilə görüşə bildik. Başı sarıqlı, tanınmaz halda idi. Dəyənəklə vurub başını partlatmışdılar. Soruşdum ki, nə olub sənə? Dedi, bala, o qədər başıma vurublar ki, gündə neçə dəfə huşumu itirmişəm. Manafovnan Şərifov bizi bu hala salıb. Döyürdülər, sonra başımı suya salıb, yenə döyürdülər ki, boynuna al. Nəyi boynuma alım? Boynuna al ki, ziyanovçusan. Mən fəhlə adamam, ziyanovçu nə bilirəm? Qəsdləri müsəlmanları qırmaqdır. Başqa heç nə. Göyçaydan yatab göndəriləndə bir də görüşə bildik. Dedi, bala, bilmirəm hara aparırlar. Onsuz da başımdakı yara ilə mən yaşaya bilməyəcəm.
Vəziyyətimiz pis idi. Yeməyə heç nə tapa bilmirdik. Kirişlə, jımxla, ot-ələflə dolanırdıq. Gördük burada yaşaya bilməyəcəyik. Acından öləcəyik. Anam, Göyçək adlı bacım və mən yığışıb getdik Tovuza. Allah səbəbkarlara kömək olsun. İmkan yaratdılar, dolandıq, yaşadıq. 5 ildən sonra ailəliklə qayıtdıq kəndimizə. 1942-ci il idi. Çuğullar yenə bizdən əl çəkmirdilər. Məni satmışdılar ki, vətən xaininin oğludur. Əsgər getməyib.
42-ci ilin mart ayında apardılar əsgərliyə. 6 ay Sumqayıtda məşq etdirib öyrətdilər. Ondan sonra göndərdilər fronta. Döyüşən hissələrə qoşuldum. Döyüşlərin birində askoldan başımdan yaralandım. 8 ay qospitalda yatdım yarıhuşsuz vəziyyətdə. Anama “qara kağız” (ölüm xəbəri) göndəriblərmiş.
Frontdan qayıdandan sonra bizə xalq düşmənin ailəsisiniz demirdilər. Hara müraciət etdimsə də, atam haqqında heç bir xəbər tuta bilmədim”.
Repressiya qurbanı olan Mirzə babanın yadigarları qalıb. Oğlu İsrəfil, qızı Göyçək, 12 nəvəsi, 7 nəticəsi var. Allah qorusun.
8-Cİ BƏLƏDÇİM – 63 yaşlı Xanım xala
Qapını oğlu Elşad açdı. Gələcəyimi bilirdilər. Gəlini məni səmimi qəbul edib, evə dəvət etdi. Xanım xala atası Əzizov Məşədi Qurban Həsən oğlu və anası Zərəfşan haqqında danışır.
“Birinci sinifdə oxuyurdum. Gecə gəlib atamı çağırdılar. Atam üzümdən öpüb qapıya sarı getdi. Balaca qardaşım da onun dalınca qaçdı. Qapıdan çıxandan sonra ona nə dedilərsə, qayıtdı. Sabah məni İsmayıllıda gözləyirlər dedi.
Ertəsi gün getdi. Bir daha geri qayıtmadı. Qardaşım üç dəfə görüşünə getdi, əppək apardı. Hər dəfə də əppəyi almışdılar, ancaq görüş verməmişdilər. Nə üçün apardıqlarını bilmədik. Söyləyirdilər ki, tutulanları əvvəlcə lağa qoyur, sonra oynadıb döyürdülər. Atam deyirdi, mən oynamaq bacarmıram, məni lap çox döyəcəklər.
Kişiləri tutub aparandan sonra arvadlarını çağırıb döyürdülər ki, tüfəng verin. Kimisi pulnan alıb verirdi. Kiminsə yox idi, hardan versinlər? Anam Zərəfşanı da çağırdılar, tüfəng istədilər. Demişdi tüfəngimiz yoxdur, hardan verim? Anam hamilə idi. “Kəblə Fətulla” dəyənəyi ilə o qədər döydülər ki, anam 2 oğlan uşağı saldı. Axşamüstü özü də öldü. Bundan sonra Manafov və Şərifov qaçdılar. Anam ölümü ilə qalanları bu cəlladların zülmündən xilas etdi.
Kolxoz qurulanda kəlimizi, arabamızı, inəyimizi yığıb verdik kolxoza. Dedilər ferma yaradırlar. Bizim də mal-qaramız çox idi. Atam 5-6 baş mal verdi fermaya.
Atam gedəndən, anam həlak olandan sonra böyük bacım Ağca (rəhmətlik) çətinliklə saxlayıb böyütdü bizi. Sonra müharibə düşdü araya. Böyük qardaşım Laçın müharibədə həlak oldu. 4 bacı, 4 qardaş idik. Qardaşım Məmmədlə mən qalmışıq”.
Zalımların zülmünə tuş gəlsələr də, Qurban kişinin nəsli kəsilməyib. Allaha şükür, çoxlu nəvə, nəticə və kötücələri qalıb.
9-CU BƏLƏDÇİM – 70 yaşlı Baba kişi
“4-cü sinifdə oxuyurdum. Hər gün eyni yolla məktəbə gedib-gəlirdim. Kənddə biri vardı, “Siyasi Əşrəf” deyirdilər. Yolumuz həmin Əşrəfin evinin yanından idi. Bir gün dərsə gedəndə Əşrəfin evinin yanında çoxlu adamın yığışdığını gördük. Zərəfşan xala sağ idi onda hələ. Adam lap çox idi. Elə bil kəndin hamısını buraya yığmışdılar. Yanlarına milis qoymuşdular ki, qaçıb dağılışmasınlar. Manafovla Şərifov bir-bir çağırırdılar irəli. Hər ikisinin əlində “Kəblə Fətulla” dəyənəyi vardı. Dəyənəyin əltutan yeri hamar, döyən yeri qırış-qırış, düyün-düyün idi.
Adam eyvana çıxandan sonra döyürdülər, tüfəngi gətir deyirdilər. Döyülənlər ağrıdan elə çığırırdılar ki, fəryadları göyə qalxırdı. Biz orda olanda Tükəzban qarı ilə Yəmən qarını döyürdülər ki, tüfəngi verin. “Kəblə Fətulla” ilə qarıları o qədər vurdular ki, hər ikisinin dili tutuldu, qışqırıqları da kəsildi. Yerdə uzanıb qalmışdılar. Sürüyüb eyvanın küncünə uzatdılar…
Biz qorxudan qaçıb getdik. Bir neçə gündən sonra atam Qaranı da tutdular. Sonra əmim Pəsini apardılar. Bu zalımlar bir nəfəri tutandan sonra, başlayırdılar onun qohum-qardaşını axtarmağa. Bir-bir dənləyirdilər”.
10-CU BƏLƏDÇİM – 69 yaşlı İsbi Quliyev
Atası Həsənov Məhəmmədəli Ağa oğlu haqqında danışır.
“37-ci ilin bir payız günü idi. Axşam iki milisyə gəldi həyətimizə. Atamı çağırıb dedilər ki, hazırlaş çıx, rayona getməlisən. Kənddən çox adamlar getmişdi. Bilirdik ki, gedənlər geri qayıtmır. Qucaqlaşdı, öpüşdü bizimlə, köhnə şineli vardı, onu atıb çiyninə çıxdı. Bu, atamızla son görüşümüz oldu. O gedən oldu, bir də geri dönmədi. Bir gün İsmayıllıda qaldı. Sonra 12 nəfər “siyasi” ilə birlikdə maşına yığıb apardılar.
Atam kolxozda işləyirdi. Təzəcə ev tikmişdik. Hələ heç üstünü tam örtməmişdik. Damın yarısını saxsı ilə, yarısını da qamışla örtmüşdük. Elə yarımçıq da qaldı. Atama deyirdilər, Qaraqoyunlu üsyanına qoşulmusan, xalq düşmənisən. Biz də “xalq düşməninin” övladları olduq. 35-36-cı illərdə Şamxor tərəfdən gəlmişdilər kəndimizə. Deyirdilər, gəlin bizə kömək edin. Ağsaqqallar camaatı başa salırdı ki, ağıllı olun, hökümətlə hökümətlik etmək olmaz. Kökünüzü kəsərlər. Bəlkə gedənlər də olub. Amma atam heç yerə getmədi. Elə öz kəsbkarlığı ilə məşğul idi. Amma böhtançılar vardı, sağa-sola baxmadan hamını şərləyib üzünə dururdular. Kəndçilərimizin hamısı kimi, atam da bu böhtanın qurbanı oldu.
Maşın keçəndə yolda dayanmışdıq. Dustaqlar qışqırırdılar, ay adamlar, bizim heç bir günahımız yoxdur, bizi hahaq yerə öldürməyə aparırlar.
Məndən başqa anam və azyaşlı 5 qardaşım, iki bacım vardı. Böyükləri 5-6-cı siniflərdə oxuyurdular. Atamın dalınca getməyə, axtarmağa heç kimimiz yox idi. Xalq düşmənisiniz deyib, evimizi qarət elədilər. Bir dəst mitil, çay içməyə bir stəkan da qalmadı. Dilənçi kökünə düşüb, qaldıq küçələrdə. Uşaqlar acından ölməsin deyə, qapı-qapı düşüb dilənirdik. Adamlarda elə qorxu yaratmışdılar ki, “xalq düşməni”nin balaları küçədə acından yıxılıb ölsəydi, heç kim yaxın durmurdu. Artıq kəndimizdə yaşamaq mümkün deyildi. Şamxora getmək qərarına gəldik. Gizlədə bildiyimiz bəzi əşyaları, mis qab-qacağı dalımıza yükləyib, poyız (qatar – M.M.) dayanan yerə getmək üçün yola çıxdıq. Böyük bacım Firuzə də 5 uşaqla bizimlə gedirdi. Onun da satmaq üçün bəzi zinət əşyaları, qab-qacağı vardı. Bir arabaçıya rast gəldik. Allah köməyi olsun, bizi heç nə istəmədən oraya qədər apardı.
Qaraçəmənli adlanan yerdə düşdük. Yaxınlıqda kənd vardı. Getdik. Bir kimsəsiz xarabalıq rastımıza çıxdı, bir neçə gün orada daldalandıq. Adamlar üçün pambıq çöpü toplayırdıq, kim nə verirdi, uşaqları birtəhər dolandırır, acından ölməyə qoymurduq. Həmin günlərdə 3 nəfər yaşlı kişi qaldığımız yerə yaxınlaşadı. Soruşdular ki, burada niyə qalırsız? Dedik ki, qəribik, heç kimi tanımırıq. Onlardan biri – Müseyib adlı kişi bizi öz evinə apardı. Qızına tapşırdı, vanna, su gətirdi, əl-ayağımızı yuyub rahatlandıq. Təndirdə çörək bişirirdilər. Hamımız neçə gün idi ac idik. Pambıq çöpündən ötrü bizə verilənlərlə qarın doymurdu. Çörəyin ətri gələndə ağzımız sulandı. Qızına dedi, gətir bir çörək ver bunlara. 10 nəfərdən çox adamın bir çörək harasına çatar? Hərəmizə düşən bir tikəni həmin anda yeyib qurtardıq. Düşündüm ki, insafınız olsun da, bir çörəklə bizim qarnımız doyar? Elə bil ürəyimdən keçəni kişi bildi. Az sonra qızına dedi ki, bir çörək də gətir ver uşaqlara. Bu çörəyi də yedik. Bir azdan kişi yenə bizə çörək göndərdi.
Müseyib kişi, Allah ona rəhmət eləsin, gülüb dedi: – Yəqin fikirləşmisiz ki, bu kişi nə xəsisdir, bizə çörək vermək istəmir. Aclıq çəkən adamlara oxşayırsınız. Qorxdum ki, birdən-birə çox yesəniz, bağırsağınızda narahatlıq əmələ gələr. İndi hər şey qaydasındadır. Ailə üzvlərimiz kimi yeyib-içə bilərsiz.
Müseyib kişi kolxozun sədri ilə danışdı. Kolxozun sədri Mazan müəllim bizim kolxozda qalıb işləməyimizə razılıq verdi. Soruşdu ki, neçə nəfərsiz? Ailə üzvlərimiz 13 nəfərdir. Bizə yaşamağa ev də verdilər. Bacımla mən kolxozda işləyirdik. Uşaqlar da pambıq çöpü toplamaqla bir qarın çörək ala bilirdilər. Kəndin camaatı bizə çox hörmət elədi. Allah hamısının köməyi olsun, biz görən günləri görməsinlər.
Müharibə başa çatanda bacımın yoldaşı frontdan qayıdıb gəldi. Soraqlaşa-saraqlaşa gəlib bizi tapdı. Yığışıb Göyçayın İnçə sovetliyinə köçdük. 63-cü ilə qədər orada yaşadıq. Sonra anamın təkidi ilə kəndimizə qayıdıb gəldik. Qeybulla müəllim sədr idi. Bizi yaxşı qəbul etdi. Bizə ev-eşik qurmaq üçün sota verdi. Bütün kənd camaatının evini yıxan vicdansızlar yenə də bizdən əl çəkmək istəmirdilər. Yazdılar ki, kolxoz sədri xalq düşməninin ailəsindən rüşvət alıb, sota verib. Bütün tutulanlar, o cümlədən atam da 55-ci ildə bəraət almışdı. Bunlar bizi hələ də xalq düşməni sayırdılar.
O illərin ağrısı-acısı qəbrə qədər mənimlə gedəcək. Onları unutmaq mümkün deyil…”.
Pislik şeytanlara, böhtançılara, satqınlara qaldı. Məhəmmədəli babanın soyu davam edir. Çoxlu nəvə-nəticələri, kötükcələri var. Allah hamısını qorusun!
11-Cİ BƏLƏDÇİM – 72 yaşlı Cəbiyev Əli Kəblə İsrail oğlu
Atası Bədəlov Kəblə İsrail Cəbi oğlu haqqında danışır.
“Xırman vaxtı idi. Atamgil də taxıl biçinində idilər. Birbaşa biçin üstünə adam göndərdilər ki, Kəblə Hüseyni, Hüseynalını və atamı İsmayıllıya çağırırlar. Hər üçü atlarını minib getdilər. Axşamüstü tanış adamlar atlarını qaytarıb gətirdilər. Özləri isə gəlmədilər. Səhərisi çörək götürüb getdim ki, görüşüm, vəziyyətindən xəbər tutum. Çörəyi götürdülər, görüşə isə icazə vermədilər. Bunları tutub gətirənlər sanki adam deyildilər. İnsanlıqdan xəbərləri yox idi. Guya biz atamızla sonuncu dəfə görüşsəydik nə olacaqdı ki?.. Dedilər, bunlar xalq düşmənləridir. Heç kimlə görüşə bilməzlər. İndi də bilmədik ki, onlar necə xalq düşməni olublar.
Bir neçə gündən sonra yatab eləyib apardılar. Bir daha üzünü görmədik. Üstündən bir il ötəndən sora atamdan məktub gəldi. Yazırdı ki, Xabarovskda sürgündəyəm. Ondan sonra daha heç məktub da gəlmədi. Dalıycan gedib, axtarıb, soraqlaşmaq da olmazdı. Maraqlanan olsaydı, onları da xalq düşməninin adamı kimi tutub aparardılar. Heç kəs canının qorxusundan səs çıxara bilmirdi. 8 uşaqla bir ana qaldıq çətin vəziyyətdə. Xalq düşməninin ailəsidir deyə, evdən çölə çıxa bilmirdik. İşə buraxmırdılar, məktəbə qoymurdular. Ən yaxın adamlarımız da həyətimizə sarı uzaqdan baxmağa belə qorxurdular.
41-ci il iyunun 19-da əsgərliyə apardılar. Elə mən gedəndən bir neçə gün sonra müharibə başlandı. Ağır döyüşlərdə iştirak etdim. Axırda bir ayağımı top qəlpəsi apardı. Uzun müddət ölüm-dirim arasında qaldım.
Müharibədən gəldim, gördüm ev yox, eşik yox, hamısı sahibsizlikdən dağılıb gedib. Anamgil kəndimizdə yaşamağın mümkün olmadığını görüb, köçüb getmişdilər Qubaxəlilliyə. Bacılarımdan biri orada acından ölmüşdü. Qalanları kolxozda işləyib birtəhər dolanmışdılar. Ailəmizi yığışdırıb gətirdim kəndimizə. Müharibənin sonunacan frontda olmuşam, bir ayağımı da itirib qayıtmışam, yenə də ailəmizə xalq düşməninin ailəsi, mənə də xalq düşməninin oğlu deyirdilər. Atan siyasidir deyə, müharibə əlili kimi məni bir yüngül işə qoymurdular. Şikəst ayağımla çalışıb-işləməklə ailəni birtəhər yarıac-yarıtox dolandırırdım.
Atamgil bəraət alandan sonra, bizə qarşı münasibət bir az dəyişildi. Məni “Vətən əlili” kimi işə qoydular. Amma atamdan heç bir xəbər tuta bilmədim. Xabarovsk sürgünündən hara getdi, başına nələr gəldi öyrənə bilmədik. O qədər canımıza şübhə dolmuşdu ki, hətta bəraətdən sonra da atamız haqqında ordan-burdan qorxa-qorxa soruşurduq. Elə biz yox, tutulanların hamısınınn qohum-əqrabası o vəziyyətdə idi. Çox az adam, əsasən də, bəzi savadlılar axıracan gedərək tutulan qohumları barəsində məlumat ala bildilər”.
Satqın, paxıl adamların pislikləri özlərinə qaldı. Onlar Allahın divanında da varsa, cavab verəcəklər. Tutulanların isə nəsli kəsilmədi. Kəblə İsrail babanın da soyu davam edir – 28 nəvəsi, 40 nəticəsi var. (Müxbirimiz Ç.Abdullayevanın araşdırma apardığı 94-cü ilin məlumatlarıdır – M.M.).
12-Cİ BƏLƏDÇİM – 67 yaşlı Lumu nənə
Atası Kəblə Abuzər Baxış oğlu Baxışov haqqında danışır.
“Axşamüstü idi, evdə oturmuşduq. İki nəfər gəldi. Atama dedilər ki, İsmayıllıya getməlisən, çağırıblar. Atamı elə gecə vaxtı götürüb apardılar. Rayondan xəbər gəldi ki, atamızı tutublar. Nədən ötrü, bilmədik. İki gündən sonra çörək apardıq, görüşmək istədik. Çörəyi aldılar, amma görüş vermədilər, heç üzünü görməyə qoymadılar. Kor-peşman qaydıb gəldik. Anamız rəhmətə getmişdi. İndi də atasız qaldıq. 5 uşaq qaldıq sərgardan, Allah umuduna. Bir gün sonra eşitdik ki, atamızı başqa tutulanlara bir yerdə ötürəcəklər. Yol kəndimizin içindən keçir. 5 uşaq (ən böyüyü mən idim) düzüldük yolun qırağına ki, bəlkə atamızı uzaqdan da varsa, görək. Xeyli gözlədikdən sonra gördük ki, bir üstüaçıq maşında gəlirlər. Yolun qırağında başqa adamlar da vardı. Dustaqlar ucadan qışqıra-qışqıra keçib getdilər. Bəziləri ağlayırdı. Atam da onların arasında idi. Bizə əl yellədi. Qışqıranların nə dediklərini başa düşmədik.
Bibim oğlu Ucara qədər getdi dalıycan. Çörək, paltar da aparmışdı. Görüşməyə qoymamışdılar, çörəyi, paltarı da götürməmişdilər.
5 uşaq başsız, yetim, atasıız-anasız qaldıq damın altında. Qorxudan heç kim bizimlə maraqlanmadı. O vaxtı “siyasi” adlandırılanların qapısını açmağa heç kim cəsarət etməzdi. Yoxsa, deyərdilər ki, siyasilərlə əlbir olmusuz. Üç qardaş, iki bacı qaldıq pis vəziyyətdə. 10 yaşım olardı, ağlıkəsən mən sayılırdım. Balaca olduğuma, həm də “düşmən” ailəsindən olduğumuza görə işə də buraxmırdılar. Dilənə-dilənə, göy-göyərti yeməklə dolanırdıq, əgər buna dolanmaq demək olardısa… Atamgilin bir ləzgi tanışı vardı Qalacıqdan. Qardaşlarımdan birini apardı saxlamağa. Qalanlarına kəndimizin adamlarından yaxın duran olmadı.
Evimizdə də heç nə qalmamışdı ki, satıb, arpadan, undan alaq. 4 yetim qaldıq ayağıyalın, başıaçıq. Təkcə bibim, atamın bacısı hər gün bizə baş çəkirdi. Uşaq idim, yuxudan dura bilmirdim. Hər səhər bibim gəlib məni oyadırdı ki, durub uşaqlara göz-qulaq olum. Arada əlinə düşəndən bizim üçün də gətirərdi.
Bacım rəhmətə getdi. Hazırda üç qardaş, bir bacı varıq. Atamın yurdunda böyük qardaş Əliş oturur. Ondan kiçik qardaşım Baxışın oğlu Arif Qarabağ uğrunda döyüşlərdə Qubadlıda itgin düşüb. (Birinci Qarabağ Müharibəsindən söhbət gedir – M.M.). Yoldaşı Gülşənin, iki yaşlı qızının gözü indi də qalıb yollarda ki, bəlkə bir xəbər gələ. Qardaşım Əhədin oğlu Mahir də Qarabağ döyüşlərindədir. Görürsüz də, bu gün Qarabağda vuruşanlar da “xalq düşmənləri”nin övladlarıdır. O adı bizə yapışdıranlara Allah lənət eləsin”.
Hazırda Abuzər babanın çoxlu nəvə-nəticəsi həyatdadır. Pislik şeytanlara, satqınlara qaldı…
13-CÜ BƏLƏDÇİM – Abdullayev Əli Məmmədbağır oğlu (atam), 65 yaşında.
“36-37-ci illərdə kəndimizdə (Kürdmaşıda) törədilən qırğın misli-bərabəri görünməmiş bir faciə idi. Sanki nə Dövlət vardı, nə hakimiyyət vardı, nə insan hüququ və bu hüququ cüzi də varsa qoruyan bir təşkilat vardı. Belə bir özbaşınalıq, bəlkə də, heç zaman və heç bir quruluşda olmayıb. Bəlkə də bu faciəni tarix dərslərindən öyrəndiyimiz orta əsrlərdə Avropa ölkələrində baş vermiş inkvizisiyanın dəhşətləri ilə müqayisə etmək olardı.
Kürdmaşı bir neçə erməni kəndinin əhatəsində yerləşir. 18-ci ildə Qafqaz İslam Ordusu köməyə gələndə burada bir neçə gün bənd olmuşdu. Hətta erməniləri və bolşevikləri qovub Girdimandan o taya ötürəndən sonra da kəndimizdə bir bölük əskər qalıbmış. Gözünü qan örtmüş yırtıcı daşnak başçılarının ən təhlükəli və qəddarları kəndimizin yaxın qonşuluğundakı Girk kəndindən idi. Əslən həmin kənddən olan Tatevos və Arsen Əmiryan qardaşlarına sonradan burada heykəl də qoymuşdular. Arsen komissarlar sırasında vəzifə daşısa da, terrorçubaşçısı – Şamaxı və Quba qırğınlarının başında duranlardan biri Tatevosun komissarlara heç bir dəxli yox idi.
Daşnaklar 18-ci ildə ətrafda gizlənmiş erməni terrorçularının üzə çıxarılıb ifşa olunmasında kürdmaşılıların rolunun olduğunu güman edirlərmiş. Buna görə də ömrü-boyu qisas arzusu ilə yaşayırlarmış. 36-37-ci illərdə ələ düşən təsadüfi fürsətdən (Qaraqoyunlu üsyanında iştirak) istifadə edərək, kürdmaşılılardan qisas almağa başladılar. Rayon milis idarəsindən başqa, Kürdmaşıdakı “xalq düşmənləri” ilə mübarizə üçün iki nəfər qəddar “əməkdaş” (Şərifov və Manafov) ayırmışdılar. Sonradan məlum olub ki, bu iki nəfər saxta azərbaycanlı soyadından istifadə edən ermənilərmiş (bəlkə də, Əmiryanların Girkdəki əqrabalarından).
Onda mənim 9 yaşım olardı. Kəndimizdə baş verənləri görür və hər şeyi başa düşürdüm. Biz uşaqlar da qorxu içindəydik. Elə bir ev yox idi ki, Şərifovun adamları ora baş çəkməmiş olsun. Adamlara işgəncə verilən yerlə evimizin arasında məsafə 250 metr olardı. Məhəllə uşaqları diqqəti cəlb etmədən xəlvət bir guşədən qorxudan əsə-əsə adamların döyülməsini müşahidə edirdik. Necə qorxmayasan? Analara – kəndimizin qadınlarına elə zülm edirdilər ki, gözümüzün yaşını saxlaya bilmirdik. Dustaq edilib rayona aparılan kişilərin arvadlarını, analarını, digər qohumlarını uzunluğu 70-80 santimetr olan “Kəblə Fətullah” adlandırılan dəyənəklə döyüb tüfəngi gətirmələrini tələb edirdilər. Gözümlə görmüşəm ki, qışın şaxtasında qadınları ayağıyalın, başıaçıq halda saatlarla qarın içində saxlayır, buz kimi soyuq suyu vedrə ilə başlarından tökürdülər. Davam gətirməyib huşunu itirənləri ayıldıb, yenidən işgəncə verməyə başlayırdılar. Bəziləri bu dəhşətli işgəncələrdən qurtulmaq üçün qohumlarının, tanışlarının vasitəsilə uzaq yerlərdən pulla tüfəng alıb gətirərək Şərifova təhvil verirdilər. Tüfəngi təhvil verənlərin ailə üzvlərini (qadınları) buraxırdılar. Amma elə bu tüfəngin nömrəsini rəsmiləşdirərək, sahibini üçlüyün qərarı ilə güllələnməyə məhkum edirdilər.
İşgəncə verilənlərin sayı 80-i keçəndə “xalq düşməni” adlandırılan Molla Qurban Həsənov adlı kişinin hamilə arvadı Zərəfşan “Kəblə Fətullah”la döyülərkən dözməyib, iki uşaq xəta elədi (saldı). Evə apardıqdan sonra uşaqlar da, Zərəfşan da öldü.
Kəndin savadlılarından kimsə bu barədə hansı vasitələrləsə Moskvaya Stalinə teleqram vurmağa imkan tapır. Bundan sonra adamları döyməyi dayandırdılar. Şərifovla Manafov da həmin gün yoxa çıxdılar. Bir daha onları Kürdmaşıda görən olmadı. Amma sonradan söyləyirdilər ki, bu iki qaniçən də mühakimə olunub. Onların məhkəməsində şahidik etmək üçün kəndimizdən də adamlar gedirlərmiş. Təəssüf ki, bu məhkəmənin nəticəsi barədə heç bir məlumatımız yoxdur.
Allah rəhmət eləsin Zərəfşan xanıma! Öz ölümü ilə başqalarını həyatını xilas etdi. Yoxsa, belə görünürdü ki, kənddəki kişilərin sonuncusunu tutub aparmayınca, bu işgəncələrin axırı olmayacaq…”.
1936-1937-ci illər Kürdmaşı kəndindən repressiya qurbanları
- Həsənov Məhəmmədəli Mustafa oğlu.
- Bədəlov Kəblə İsrail Cəbi oğlu.
- Bədəlov Cəbi Cəbi oğlu.
- Baxışov Kəblə Abuzər Baxış oğlu.
- Abbasov Əliisa.
- İskəndərov Nəsrəddin Allahyar oğlu.
- Cəfərov Kəblə Hüseyn.
- Məşədi Mehdi Abdullayev.
- Abbasov Abdulla.
- Ələkbər.
- Ağayev Qara Əhəd oğlu.
- Ağayev Rəhim Ağa oğlu.
- Cəfərov Məşədi Məşədi Həsən oğlu.
- Cəfərov Hüsən Məşədi Həsən oğlu.
- Cəfərov Əli Məşədi Həsən oğlu.
- İskəndərov Kəblə İskəndər Əliyar oğlu (ata).
- İskəndərov Ziyad İskəndər oğlu (oğul).
- İskəndərov Hüseyn Əliyar oılu.
- İskəndərov Kəblə Qurban Əliyar oğlu.
- İskəndərov Əhməd Əliyar oğlu.
- İsmayılov Əlövsət İmamqulu oğlu.
- Ağayev Məhəmməd Məmməd oğlu.
- Ağayev Qulu Məmməd oğlu.
- Rüstəmov Rüstəm Zeynal oğlu (həkim).
- Abbasov Əşrəf.
- Ələkbərov Hüseynalı Ələkbər oğlu.
- Ələkbərov Gəncimalı Ələkbər oğlu.
- Ələkbərov Əmiralı Ələkbər oğlu (üç qardaş).
- Məmmədov Mirzə Kəblə Qulu oğlu.
- Əliyev Qurban Qasım oğlu.
- Əliyev Ağakərim Qasım oğlu (iki qardaş).
- Hacıyev Kəblə Haşım.
- Hacıyev Mehdi Kəblə Haşım oğlu (ata-oğul).
- Kəblə Məhəmmədəli Mustafa oğlu.
- Hacıyev Kəblə Ələskər.
- Həsənov Məhəmmədəli Alı oğlu.
- Abbasov Fərman.
- Aslanov Qulamhüseyn Məmmədalı oğlu.
- Məhəmməd Kəlbalı oğlu.
- Abbasəli.
- Molla Məmməd.
- İskəndərov Rəhim Mehdi oğlu.
- Mürsəlov Həsən.
- Mürsəlov Ağakişi Balakişi oğlu.
- Hüseynov Kəblə Abdulrəhim.
- Hüseynov Hüseyn.
- Hüseynov Çərkəz.
- Hüseynov Səməd Çərkəz oğlu.
- Mürvət Əliqulu oğlu.
- Rəsul.
51. Daşdəmir. - Rzayev Kərbəlayı Hüseyn İrza oğlu.
- Əlibəyov Əlibəy.
- Əlibəyov Balabəy (iki qardaş).
- Balabəyov Həsən Balabəy oğlu.
- Ağayev Ağasəlim Əhəd oğlu.
- Ağayev Hüseynqulu Əhəd oğlu (iki qardaş).
- Dibiş (ləqəbi) İbad.
- Bürcalı.
- Məşədi Hüseyn.
- İdi Kəblə Abış oğlu.
- Şirinov Hüseynqulu Şiralı oğlu.
- Nağıyev Kəblə Nəsir.
- Nağıyev Rüstəm.
- Nağıyev Əli (ləğəbi – Çopur).
- Ramazan Şiralı oğlu.
67. Zaman Şiralı oğlu (iki qardaş). - Qüddəsər.
- Hüseyn.
- Bodanoy (ləğəbi) Əli.
- Məmmədov Məlik Məşədi Əhməd oğlu.
- Nağıyev Hacı.
- Rəsul.
- Zərbalıyev Əlövsət Zərbalı oğlu.
- Zərbalıyev Abbas.
- Qarayev Məhəmməd Molla Qara oğlu.
- Dəyənək (ləğəbi) Ələkbər.
- Nağıyev Məşədi Yusif.
- Nuriyev Alışan.
- Əzizov Məşədi Qurban Həsən oğlu.
- Məşədi Usub Əliqulu oğlu.
- Kəblə Hüseyn Əliqulu oğlu (iki qardaş).
- Kəblə Paşa.
- Nəbiyev Rüstəm Əli oğlu.
- Nəbiyev Məlik Rüstəm oğlu.
- Nəbiyev Əli Rüstəm oğlu (ata və iki oğul).
- Əzizov Məhərrəm.
- Kəblə Bilal.
- Hüseyn Bilal oğlu.
- Nuru Bilal oğlu (ata və iki oğul).
- İsmayılov İsmayıl.
- İsmayılov Ramazan İsmayıl oğlu (ata-oğul).
- Əliyev Mirsaleh Bəyalı oğlu.
- Əliyev Həsənqulu.
- Mazan.
- Kərim (həyat yoldaşı ilə sürgün edilib, sürgündə vəfat ediblər).
- Molla Hacı Ağakişiyev (Aşıqbayramlı).
- Kərim Soltan oğlu (Talış kəndindən).
***
QEYD:
Öz “BƏLƏDÇİ”lərinin köməyi ilə Kürdmaşıdakı repressiya qurbanları barədə zəngin məlumat toplayıb təqdim etdiyinə görə, qəzetimizin ən fəal (və fədakar) ictimai müxbiri Çərkəz Abdullayevə (həm də bu işdə ona köməklik göstərənlərin hamısına) dərin təşəkkürümü bildirirəm. Çərkəz xanımın araşdırmaları 1994-cü ilə aiddir. 36-37-ci illərdə baş vermiş repressiya barəsində hadisələrdən 57 il sonra məlumat toplandığına görə Çərkəz xanım və onun bələdçiləri repressiya qurbanlarından bir neçəsinin adlarını dəqiqləşdirsələr də, soyadları və hətta bəzi hallarda ataları barədə məlumatları bərpa edə bilməmişlər. Soyad və atalarının adları bilinməsə də, repressiyaya uğrayanların adları dəqiq olduğundan, həmin adları siyahıda saxladıq.
Qeyd etmək lazımdır ki, 80 nəfərə yaxın güllələnmə cəzasına məhkum edilənlərdən əlavə, sürgün və həbsxanalarda itkin düşən repressiya qurbanların bu siyahıya daxil edilmişdir.
***
İş kəsilərək həbsxanaya salınanlar: İdris, Rzaqulu, Rəhim, Aslanov Qulaməli (sonralar ölüb), Sadıxov Sadıx Heydər oğlu (5 il), Əliyev Paşa Qasım oğlu (6 il), 1994-də sağ-salamat idi.
***
37-ci ilin işkəncələri kənd əhalisi arasında elə bir vahimə yaradıbmış ki, hətta bəraət veriləndən sonra da kimsə öz repressiyaya uğramış qohumlarını axtarmağa cəhd etməmişdir. Lakin bəzi savadlılar axıra qədər gedərək repressiya edilən qohumları barədə məlumatları əldə edə bilmişlər. Belələrindən biri, vaxtilə Kürdmaşı məktəbinin direktoru olmuş İskəndərov Əliyar İskəndər oğluna Milli Təhlükəsizlik Nazirliyindən onun repressiya olunmuş qohumları barədə verilmiş arayışı nümunə üçün təqdim edirik.
***
MİLLİ TƏHLÜKƏSİZLİK NAZRLYİ
26.93.92. № 11/14 U-66
Azərbaycan Respublikası İsmayıllı rayon Kürdmaşı kənd sakini İskəndərov Əliyar İskəndər oğlu.
Hörmətli Əliyar İskəndər oğlu
Ərizənizlə əlaqədar olaraq, Sizə qohumlarınız haqqında məlumat veririk.
- İskəndərov İskəndər Əliyar oğlu – 29 noyabr 1937-ci ildə həbs edilmişdir.
- Qardaşınız İskəndərov Zahid İskəndər oğlu – 20 dekabr 1937-ci ildə həbs edilmişdir.
- Əminiz İskəndərov Kəblə Qurban Əliyar oğlu – 17 noyabr 1937-ci ildə həbs edilmişdir.
- Əminiz İskəndərov Hüseyn Əliyar oğlu – 20 dekabr 1937-ci ildə həbs edilmişdir.
- Əminiz İskəndərov Nəsrəddin Məşədi Allahyar oğlu – 17 dekabr 1937-ci ildə həbs edilmişdir.
Az. SSR Xalq Daxili İşlər Komissarlığı xüsusi üçlüyünün 31 dekabr 1937-ci il qərarına əsasən, adları çəkilən qohumlarınız güllələnməyə məhkum edilmişdir. 21 yanvar 1938-ci il gecə saat üçə on beş dəqiqə işləmiş hökm yerinə yetirilmişdir.
Onların ölümü haqqında şəhadətnaməni İsmayıllı rayonunun VVAQ şöbəsindən ala bilərsiniz.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 5 oktyabr 1955-ci il tarixli qərarına əsasən yuxarıda adları çəkilən qohumlarınız bəraət qazanmışlar.
Qohumlarınızın 30-cu illərdə keçirilən cəza tədbirlərinin günahsız qurbanı olmağı ilə əlaqədar Sizin dərdinizə şərik oluruq.
Təəssüf ki, arxiv işlərində qohumlarınızın güllələndiyi və dəfn olunduğu yer haqqında heç bir məlumat yoxdur.
Əlavə olaraq Sizə bildiririk ki, dayınız Abbasov Əşrəf Abbas oğlu və yeznəniz İsmayılov Ramazan İsmayıl oğlunun mühakimə edilməsinə dair Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin arxivlərində heç bir məlumat yoxdur.
Şöbə rəisi: Qurbanlı A.Y.
***
Vəsiqə 2418.
Ümumittifaq Əzilmiş Günahsız Siyasi Qurbanlar Assosasiyası Azərbaycan Şöbəsi. Vəsiqə 2418.
İskəndərov Əliyar İskəndər oğlu üzv hesab olunur.
Assosasiyanın Prezidenti Ə.F.Mehdiyev.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1989-cu il №-10036-X.1 Fərmanı ilə təminat və xidmət güzəştlərindən istifadə edilir.
Vəsiqə ömürlükdür.
***
MƏMMƏD MİRZƏ
(Müəllif yazını çapa təqdim etdikdən bir neçə gün sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin).