Mən o zamanlar elə bilirdim ki, bir daha yurdumuza bahar gəlməyəcək, bir daha çiçəklər, güllər açmayacaq. Musanın məzarı üstünə tökülən o çiçəkləri gördükcə, onların solduqlarını və çiçəklərin küsdüyünü sanırdım.

Kəndimizdən hər gün Tircan məktəbinə gedərdim. Meşələrin yavaş-yavaş canlandığını gördükcə, yanıldığımı anlayırdım. Ana təbiət öz işindəydi. Zoğal ağaclarının sarı çiçəkləri də məni çaşdırırdı. Yazın payıza döndüyünü sanırdım. Payızdımı? Nə tez gəldi payız? İlk və son baharı qarışdırırdım. Nədən saralır meşə belə? – düşünürdüm. Elə bu düşüncələrlə otuz il keçdi. Fəsillər, aylar, illər keçdi. Amma onlar üçün bir gün yazacağımdan vaz keçmədim. Və bu vətən oğulları üçün yazmağa başlayanda ilk olaraq Tircan məktəbində onlar üçün hazırlanan guşədən başladım.

Məktəbin otağının qapısından keçərkən diqqətim Gülynaq müəllimin dərsinə yönəldi. Bu sinifdə gedən dərs məni o illərə apardı. Nə sinif yoldaşlarım, nə də müəllimlərim vardı. Məktəbin soyuq divarlarında bir kəpənək kimi sayrışan xəyallarımı tutmağa çalışırdım. Ən çox atalı illərimi.

Onsuz da həyəcanlı idim. Bir anlığa özümü toparlamağa çalışdım. Gəlişimin səbəbin Gülyanaq müəllimə dedikdə, Musanın ildönümünün keçirilməsindən danışdı. Və o şəhidlərin guşəsin mənə göstərdi. Divara baxanda orda onlarla bərabər axirətdə olan müəllimlərimin də şəkillərini gördüm. Hər şey məktəbdən başlanır, – deyirlər. Bir zamanlar onlara vətənpərvərlik aşlayan müəllimlər, onların təlim-tərbiyəsində ən mükəmməl rolu olan…
Salam, hörmətli redaksiya. Salam, hörmətli şairimiz Şahməmməd Dağlaroğu. Sizin redaksiyanıza yazanda və yazılarımın işıqlandırılmasını görəndə qürur və sevinc hissi keçirirəm. Bu dəfə də yenə hər zaman olduğu kimi, şəhidlərimiz haqqında yazmağı düşündüm. Amma həyatın bəzən arzuolunmaz sürprizləri olur. Qardaş Türkiyədə olan tarixin ən dəhşətli fəlakətinin təsirindən hisslərimi cilovlayıb yan keçə bilmədim.Və qəlbimdən keçənləri yazmaq istədim. Budur həyat. İnsan oğlu dözür həyatın hər çətinliyinə. Həyat nə qədər çətin olsa da, yaşamaq o qədər şirin və mənalıdır. Həyatın bütün çətinliklərinə sinə gəlir insan.

Zamanın vurduğu yaranı yalnız və yalnız zaman özü sağaldır. Elə bu ayda Xocalı faciəsini yaşamadıqmı? Zamanla sarımadıqmı yaralarımızı? Allahın bu təbii fəlakətinin faciəsindən can qurtaran insanlar, yenidən doğuldular sanki. Yenidən göz açdılar bu zalım həyata. Onlar anadan yox, daşların torpağın altından, başlarına uçub-tökülən evlərinin altından doğuldular. İkinci  dəfə  göz açdılar bu zalım və zülümlü dünyaya. Bir anda məhv oldu həyat arzuları. Yaş fərqləri eyni olmayan, eyni gündə doğulmayanlar bir neçə saniyələr içərsində eyni qədəri, ölüm hissini yaşadılar. Doğmalarından ayrı düşdülər. Ana qucağında uyuyan körpələr səhəri çığırtılarla açdı. Dağladı, yandırdı könlümü onların bu fəryadı.

Peyğəmbərimizin elm və təshil haqqında gözəl hədislərindən birində buyurulur: Elm nə qədər uzaqda olsa belə, onun arxasınca gedin. Bu gözəl hədisə əməl edən dörd gəncimiz də elm üçün gedib, ölümə tuş gəldilər. Onlar tələbəlik illərini bir yerdə keçirib sonra ayrılacaqdılar. Amma həyatın bu acı qədəri onları öz vətənimizdə yenidən doğma torpağda qovuşdurdu. Hərəsinin bir amalı, bir arzusu, neçə-neçə xəyalı vardı…

Məni əsas düşündürən bu dağıntıların altından çıxan iki kitab oldu. Beyza Alkoçun “Enkaz altındakılar” və İmami Gazalının “Ölüm və ötəsi” kitablarını İsmayıllı FHN-nin xilasedicilərinin tapması oldu. Bu insanların qədərimi, taleyimi yazılıb bu kitablarda. Bütün dünya malı insan olmadan dəyərsiz bir əşyaymış həyatda. Toy günü məhv olan bəylə gəlinin acı taleyinə laqeyd qalmaq olmur. Gecəni səhərin planlarıyla yatıb acı qədərinə boyun əyənlərin bəlkə də planlarını yalnız Allah bilir.

Bu göz dağının bizlərə bir dərsi olacaqmı? Bir nəticə çıxara biləcəyikmi? Allahımızı tanıya biləcəyikmi? Nəfsimizə hakim olacağıqmı? Bütün həyat və insanlıq keyfiyyətlərimizi anlayacağıqmı?

Bunların da öhdəsindən gələcək Türk xalqı. Nələrin öhdəsindən gəlmədi ki? Bu fəlakət də yavaş-yavaş unudulacaq. Amma mənim uşaqlıq xəyallarımda, xatirələrimdə unutmadığım, hər zaman qəlbimdə gəzdirdiyim Tircan şəhidləri haqqında yazmağı unutmadım.
Elə “Hər şey məktəbdən başlanır”, fikrinə əsaslanaraq Musanın adını daşıyan məktəbdən başlamağımda da yanılmadım. Bu şəhidlərin hər birinin təhsil və tərbiyəsi bu məktəbdən keçib. Məktəbin “Şəhidlər” güşəsində yer alan, mənim körpə şəhidlərim – Aprel və Vətən müharibəsinin qəhrəmanları Mikayıl və Əşrəfin şəkilləri məni çox qəhərləndirdi. Mənim kiçik kəndimin böyük qəhrəmanları mövzusunda yazımı da onlara həsr etmişdim…

Çox həyəcanlı idim. Axşamüstünün qaranlığı, yoxsa səhərin ala-toranı olduğunu bilmirdim o anda. Ordan ayrılıb Musanın anasını – Şahsənəm ananı görmək istədim nədənsə. Ürəyimdən keçdi ki, mənə Musadan danışsın. Ona fikrimi deyəndə qarşımda otuz il bundan öncəki övladını itərən ana yox, balasını yenicə torpağa verən, dərdi isti bir ana dayanırdı. O, Musanın dünyaya gəlişindən, tez-tez çöpçüyə apardığı, çətin illərdən danışdı…

Bu torpağa bala vedim. 24 yaşında. Nələri yox idi, ay qızım? Mənim balam da ağıllı, tərbiyəli bir bala idi. Allah ona uzun ömürdən başqa hər şey vermişdi. Bilirsən? Mən onu son dəfə görəndə məndən soruşdu:

Ana bu hərbi paltar mənə yaraşır? Atası da dözmədi getdi. Mən qaldım. Zülüm çəkmək üçün. Dörd uşağımın ikincisiydi. Martda gəlmişdi. Martda da getdi. Musanın qardaşı Kamal əmi isə atasına bənzədi. O da bir oğlunu itirdi bu həyatda. Həm qardaş, həm ata, həm oğul itkisi onu susdurmuşdu. İllərini bu evdə onlarla keçirən bir gəlin vardı. Kamal əminin yoldaşı.

Sənin xatirəndə necə qaldı Musa?

Çox yaxşı. Bir mələk idi, gəldi və getdi bu həyatdan. Bir körpəm olmuşdu. Onu öpüb sinəsinə sıxdı. Kim öpəre, yeni doğulmuş körpəni? – deyib onun divardan asılan şəklini göstərdi. O şəkil ki, hər zaman sinifmizin otağından asılardı. O şəkilə verdiyim söz – bu gün, otuz ildən sonra canlanırdı.

Musa yaxşı oxuyurdu. Onun təhsil haqqında şəadətnaməsin göstərdi ana mənə. Ona rus dilindən “5” verən müəllim mənim atam idi. Təsadüfə bax. Mənim fikrim Musanın, körpənin ətrin çəkən və bu paltar mənə yaraşır? – deyən məqamdaydı. Hər şey uca Allahın qədəriymiş sanki. O körpə ətrini, dünyanın ən gözəl ətri olan, cənnət qoxusunu çəkdi. Özüylə cənnətə apardığı həyatın ən gözəl mənasın. Paltar isə ona babasının geydiyi qəhrəmanlıq simvoluydu. Ot kökü üstə bitər – deyib atalar. Musanın babası da faşistlərlə müharibədə döyüşmüşdür. Hər dövrün özünün qəhrəmanları olur. 1941-1945-ci illərin müharibəsində İmaməli kişi qəhrəmanlıq göstərərək həlak olmuşdu. Musa babasının bu qəhrəmanlığıyla hər zaman fəxr duyurdu…

Piriyev Musa Gülbaba oğlu 1969-cu ilin mart ayının 4-də Tircan kəndində dünyaya göz açıb. 1986-cı ildə, məktəbi bitirdikdən sonra o, Bakıda inşaat materialları sənayesinin maşın və avadanlıqları ixtisası üzrə təhsil alıb. Texnikumda oxuduğu vaxt Sovet ordusu sıralarına çağırılıb. 1987-1989-cu illərdə Rusiya Federasiyasının Krosnodar şəhərində SSRİ Müdafiə Nazirliyinin hərbi aviyasiya təyinatlı hərbi hissəsində xidmət edib. Hərbi xidməti keçdikdən sonra o, təhsilini davam etdirib…

Birinci Qarabağ savaşı başlayanda o da döyüşlərə qatılır. Ağdərə, Ağdam döyüşlərində  iştirak edir. 1993-cü ilin mart ayının 27-si Ağdərə istiqamətində yerləşən, “Qlobus” adlanan yüksəklikdə ağır yaralanır. Həkimlərin səyinə baxmayaraq martın 30-u xəstəxanada şəadətə qovuşur. Bu, 24 yaşlı gəncin doğulduğu ayda ölümsüzlük yazıldı qədərinə. Hər dəfə mart ayında Musanın yenidən doğulduğun sanırdım.
Bir Zəfər üçün min Zəfər… Bugünkü Zəfərimiz, bütöv bir Vətənimizin olması üçün getdi Zəfər. Bir qarış torpağı yağılara verməmək üçün canını fəda etdi. O da silaha sarılaraq qoşuldu sıralara. Getdi Vətənin müdafiəsinə digər Vətən oğullarıtək…

Aslanov Zəfər Məhərrəm oğlu 1973-ci ilin sentyabr ayının 11-də Tircan kəndində dünyaya gəlib. O, məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Biləcəri polis polkunda xidmət edib. Oradan da müharibə ilə əlaqədar olaraq, Zəngilan rayonunun Şayıflı kəndində post zastavasında xidmət edib. Gərgin döyüşlərdə iştirak edib. Zəngilan rayonun Qazançı kəndində dekabırın əvvəlləri 1992-ci ildə ağır döyüşlərdə itkin düşür. O illəri Şəhidin qardaşı, Tircan kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Firuz müəllim hələ də həyəcanla  anır. Qardaş itkisi Firuz müəllim üçün həyatda ən çətin illər olub. Anası Fəridə xanıma oğlunun yoxluğunu demək heç  də asan olmayıb. Bir ədəbiyyat müəllimi üçün ananın necə varlıq olduğunu bilmək və onu itirmək qorxusunu anlamaq o qədər də çətin deyil. Bir şəhid qardaşı onun itkinliyi ilə barışa bilmədiyini, hər kəlməsində qardaş fəryadı olduğunu anladırdı. Qadaşın adı gələndə gözlərinin dolduğun görürük. Hər tədbirdə ona söz verilir. Həm müəllim, həm də bir şəhid qardaşı kimi. Sanki bir dərsdəydim. Firuz müəllimin hər bir kəlməsi mənalı, kəsərli, eləcə də təsirli idi. Ailənin 5 uşağı tərbiyəli, vətənpərvər bir ruhda böyüyüb, tərbiyə alıb. Anası Fəridə xala gözləri qapıda, qulağı səsdə oğul dərdi, fəryadıyla köçdüyünü, ağır dərdini dilə gətirirdi şəhid qardaşı. Bir müəllim hər zaman şagirdlərinə Vətənin igid oğullarından danışanda qardaşı Zəfərlə qürur duyur.
Dar gündə hər zaman köməyə gedər Azərbaycan xalqı. Düşməninə də yardım əlini uzadar. Amma düşmən hər zaman düşməndir. Xislətində xainlik var.

1988-ci ildə Ermənistanın Spitak şəhərində zəlzələdən zərər çəkənlərə yardıma gedərkən ermənilərin partlatdığı təyyarədə həlak olur Mahmudov Sanil Hasil oğlu. Onunla yenicə ailə quran Aybəniz xanım ürəyində hələ də onun yasını saxlayır. Ona olan sevgisi heç vaxt  sönməyəcək yəqin ki. Onları ailə kimi bağlayacaq bir övladları olmasa belə.
Bəzən qəhrəmanlıq da nəsildən-nəsilə ötürülür. Akif də Musa kimi babasının davamçısı, Abdulla kişinin nəvəsidir. Qəhrəman, igid  bir oğul idi. Əhədov Akif Həzrətqulu oğlu Tircan kəndində 1970-ci ildə doğulub. O da kasıb, zəhmətkeş ailədə doğulub. Akif 1988-1990-cı illərdə Sovet ordusunda əsgərlik keçib. Şəhidin qısa, mənalı həyat yoluna baxanda Qarabağ cəbhəsində gərgin döyüşlərdə, Ağdərə bölgəsində vuruşub. Digər Vətən oğulları kimi, vətənini sevən bu igid 1993-cü ilin 25 yanvarında Baqauz kəndi yaxınlığında gedən qanlı döyüşlərdə şəhadətə qovuşmuşdur.
Mən bir barlı ağac idim. Doğrandı budaqlarım, – dedi Məmməd kişi. 11 uşaq – 8 oğul, 3 qız atası olan ata. Vətən üçün, torpaq üçün dəyərli, vətənpərvər oğullar yetişdirdi. Birinci Qarabağ müharibəsinin ağır itkiləri bu ailədən də yan keçmədi. Üç oğlunu – Namətdini, Vaqifi və Nemətdini vətən torpaqlarının qorunması, azadlığı üçün göndərdi. Üç qardaş döyüşlərin ən qızğın nöqtələrində – Vaqif 1992-ci ilin oktyabrında Sərhəng su anbarı ətrafında gedən ağır döyüşlərdə, Nemətdin Ağdam rayonunun Quzanlı qəsəbəsində, Namətdin isə Tərtərdə Marqusavanda 703-cü batalyonda döyüşürdü. Biri-birindən xəbərsiz.

Məmmədov Namətdin Məmməd oğlu 1961-ci ildə Tircan kəndində doğulub. 1977-ci ildə məktəbi bitirib. Keçmiş sovet ordusunda xidmət edib. O, Bakıda Kirov Maşınqayırma Zavodunda işləyib. 1994-cü ilin aprel ayının 21-də könüllü olaraq ordu sıralarına qoşulur. Balalarını Aygül xanıma əmanət edir. Aygül xanım da bu 3 balanı saxlamaq üçün Namətdinin ağır yükün – işini kişilər kimi həmin zavodda davam etdirir. Dönməyəcəyini bilən ata  qolundan saatını çıxardıb oğlu Mikayıla göndərir cəbhə yoldaşıyla. Bunu oğluma çatdırarsan, – deyir. Özü isə… May ayında gedən döyüşlərdən birində itkin düşür. O gündən gözləri yollarda qalan Güləndam ana oğul yolunu yana-yana gözləyir.

Mikayıl o zamanlar balaca idi. Atasının qol saatına baxar, sanki o saatın saniyələri ilə böyüyürdü. Nemətdin də orda, elə o döyüşdə ağır yaralanır. Onu ölmüş bilirlər. Necə olursa nəfəsinin olduğunu bilib Bakıya, xəstəxanaya çatdırırlar. Oradakı tibb bacısı Nemətdini Namətdinlə səhv salaraq, onun həyat yoldaşına xəbər çatdırır. O da gəlib qaynının bu vəziyyətini görəndə ikinci dəfə ağır məyusluq keçirir. Nemətdin bədəninin bir hissəsin itirir. Sağlamlığı cavan bir pəhləvan olan gəncliyini arxada qoyur. Şükürlər olsun ki, Vaqif sağ-salamat dönür. Güləndam ana, Məmməd ata bu itkilərdən çox yaşaya bilmirlər. Dünyalarını dəyişirlər. Dünyadan apardıqları  bolluca dərd olur…

Vaqifin həyat yoldaşı Ziyafət xanım hər zaman bu qəlbi qırıq ananın, atanın, sağlamlığın itirən qaynının qulluğunda durur. Cəsarətli xanımın öz qardaşı da Vətən üçün döyüşlərdə qazi olur. Və o da aldığı yaralardan dünyasını dəyişir. Bir qadın üçün doğmalarının, əzizlərinin itkisi ağır olsa da, bu ailənin ağrılarını daşımağın öhdəsindən gəlir. O qayınları ilə bağlı xatirələrini elə gözəl danışırdı ki…

Bizdə belə bir el sözü var: Oğul dayısına oxşayar. Dayılarına bənzədi Niftalı da.  44 günlük Vətən müharibədə bir neçə döyüşdə  – 9-10 istiqamətdə Suqovuşana qədər vuruşdu. Şəhid oldu. O, Ucar rayonun Bərgüşad kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdı. Anası Şirinbəyimin qardaş acısını, nənəsi Güləndamın balaların acısını, fəryadını gördükcə intiqam hissi bürüyürdü bü igidi. Böyüdü onların intiqamı üçün. Vuruşdu dayıları kimi taleyinə, qədərinə şəhidlik yazıldı.  Zamanla göstərir qəhrəmanlıq da özünü. Hər zaman bu keyfiyyətlər qandan, ailədən gəlir…
O illəri xəyalda canlandırdıqda “Ana abidəsi” qarşısında şeir deyən qızlar yada düşür. Onlardan kimisi şəhid analarının gəlıni oldu. Gənclik illərini keçirdilər şəhid ata-anasıyla, onların ailəsi ilə. Bu insanların hörmətin saxlamaq, qırıq könüllərin ələ almaq, onların istəyincə özünü aparmaq heç də asan bir məsələ deyildi. O vaxt şəhidin anaları gəlməzdi tədbirlərə. Gözünün yaşını yaylığına düyünləyib evin soyuq divarlarına dərdlərini deyərdilər. Ana abidəsinin qarşısında, çoxusunun dilində tək bir bayatı vardı:

Əzizim balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı?

O abidə ana idi, amma daş da olsa, sanki qəlbi kövrək idi. O şeir deyən qızların bir neçəsi 1992-1995-ci il şəhid analarının gəlni, bir neçəsi isə bu gün 44 günlük Vətən müharibəsinin şəhid analarıdır. Ortaq dərd birləşdirir bu anaları. Şəhid anası üçün zamanın fərqi olmaz ki…  İllər öncə balasın itirmiş Musanın anasıtək… Analar yaşadıqca onlar da yaşayar…
Qarabağ döyüşlərində Tircan kəndinin igid, qəhrəman oğullarından biri də Bəbirov Zaur Mazan oğludur. Təəssüf hissiylə  qeyd edim ki, onun da valideynləri övlad acısıyla bu həyatdan köçüblər. Anası Cəmilə xanım həyata gözlərini əbədi yumanda Zaurunu axtarmışdı. Zaur 1975-ci ildə oktyabr ayının 12-də çoxuşaqlı ailədə Tircan kəndində doğulub. O da bir neçə dəyanətli həmyerlisi kimi vətən torpaqlarını müdafiə etmək üçün canını fəda etmişdir. Murovdağ yüksəkliyində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək itkin düşmüş və şəhidlik statusu almışdır.

Tircanın bu dəyərli, unudulmaz oğulları doğulub boya-başa çatdıqları kəndin qeyrətli, namuslu, vətənpərvər övladlar Vətəni olduğun bir daha tam aydınlığı ilə göstərdi. İstər Musa, istərsə də Zəfər, Zaur, Akif ürəklərində hərəsi bir qızın sevgisini apardı bəlkə də. Amma yox! Vətən sevgisi bu sevgiyə üstün gəldi onların qəlbində.
HÖRMƏTLİ REDAKSİYA, yazdığım bu yazının həcmi xeyli böyükdür. Qəzetdə verib verməyəcəyinizi bilmirəm. Amma əminəm ki, oxuyacaq, Tircan-Maçaxı kəndlərinin qəhrəman oğulları ilə fəxr edəcəksiniz. Hər iki halda sizə öncədən dərin minnətdarlığımı bildirirəm…

Yazını sizə göndərdiyim tarixdə Xocalı soyqırımından 31 il zaman keçir. Xalqımızın başına gətirilən bu soyqırımının, orda ölənlərin – günahsız körpələrin vəhşicəsinə öldürüldüyü günüdür. Bu yaralar sağalsa da heç zaman unudulmayacaq. Çingiz Mustafayevin çəkdiyi kadrlar həmişə könlümüzü dağlayır.

Xocalı soyqırımına mən də könlümdən keçənləri yazmaq istədim. Kollar çiçək açdı körpələrin al-əlvan bəzəkli libasından. Soruşdu bir çiçək kolda açan digər qırmızı çiçəkdən: – Biz səni heç görməmişik. Adın nədir?

Mənim adım Çiçəkdir.

– Çiçək?!

Novruzgülü söylədi:

– Mən səni tanıdım. Sən bənövşəsən. Ətrindən tanıdım səni. Anam səni dərıib həmişə mənə gətirərdi.

– Novruzgülü çiçəkdən soruşdu:

– Hanı bəs sənin anan?

– Mənim anamı ermənilər vurdu. Mən də anamın əlindən kola düşdüm. Baxın, Çingiz əmi də burada idi. Çəkirdi bizi. Özü də ağlaya-ağlaya- deyib ağlamağa başladı qırmızı çiçək. Çiçəklər utandıqlarından tez qarın altda gizlənəndə qırmızı çiçək qışqırdı:

– Getməyin! Dayanın! Qorxuram burada.

Çiçək qız qırmızı donda idi. Günahsız qocaların, uşaqların qanı donmuşdu qarın üstündə… Günəş çıxdı. Torpaq isinib islandı bu haqsızlıqdan. Yağış yağmaq, yumaq istədi tökülən qanları. Amma deyəsən utandı. Günahsızların qanı yağışa yalvardı:

Utanma, yağ! Qarışaq ana torpağa. Onsuz da qanla az islanmayıb bu qara torpaq…

P.S. Bu yazını illərdir yorulmayan, yaralı körpəsini taqəti kəsilən qolları üstündə saxlayan abidə anaya baxaraq tamamlayıram. Daş olsa da, bu abidə mənə bir canlı ananı xatırladır. O, qadın – Anadır. Kövrək qəlbi yaralı bir Ana…

Zərifə Səmədova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir