Nazir Ziya Talıstanlı –  50 ildən artıqdır o, yazdıqlarını bu imza ilə oxucularına təqdim edir. Aşağıdakı qısa tərcümeyi-hal isə onun kimliyini müəyyən qədər açıqlayır və oxucuda bu insanı  görmək, yazdıqlarını oxumaq həvəsini canlandırır.

Nazir Xanbaba oğlu Qasımov 22 sentyabr 1954-cü ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini Fərqlənmə ilə bitirib. Tələbə ikən Ümumittifaq Komsomolu MK-nın “Əla təhsilə görə” döş nişanı və Fəxri fərmanını alıb. Nizami Gəncəvi adına fəxri təqaüdə layiq görülüb. Gəncə şəhər sovetinin deputatı seçilib.

Talıstan kənd orta məktəbində müəllim, həmin məktəbin qiyabi şöbəsi üzrə direktor işləyib. SSRİ Pedaqoji EA-nın Elmi Tədqiqat İnstitutunun dissertantı olub. Baş müəllim adını alıb. Məktəbin komsomol və partiya təşkilatının katibi, Talıstan kənd Nizami adına kolxozun partiya komitə katibi seçilib. Marksizm-Leninizm Universitetini bitirib. Kolxoz sədrinin müavini işləyib, kənd sovetinin deputatı seçilib.

N.Qasımov 1992-ci ildən 2021-ci ilədək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyib. Yaxşı işi çoxsaylı Fəxri fərman və Təşəkkürnamələrlə qiymətləndirilib. 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsini alıb. “Qızıl Qələm“ media mükafatı laureatıdır. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının “Vətənə xidmətinə görə Azərbaycan Veteran Təşkilatı“ medalı ilə təltif olunub. Sosial şəbəkədə keçirilən “Xalqın Şairi“ müsabiqəsində  2-ci yeri tutub.

“Qırğızıstan Şair-Yazıçıları“ İctimai Fondunun üzvüdür.

Şeirləri 1969-cu ildən dövri mətbuatda dərc edilir. Yaradıcılığına bir çox toplu və almanaxlarda, xatirə kitablarında yer verilib. Bir neçə kitaba redaktorluq edib. Bu toplu müəllifin ilk kitabıdır.

N.Qasımov 2002-ci ildən İsmayıllı rayonunun ədəbi mühitini birləşdirən “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəridir.

Evlidir, üç övladı var.

Tərcümeyi-halından göründüyü kimi, Nazir Ziya Talıstanlı bir qələm sahibi olmaqla bərabər, yerin-yurdunu, Vətənini, xalqını, dövlətini ürəkdən sevən bir vətəndaşdır. Yaradıcılığa başladığı gündən mövzusu saflıq, halallıq, vətənpərvərlik, sadəlik və səmimiyyət olub.

Onu da qeyd edim ki, Nazir müəllim “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin ən fəal üzvlərindən biridir. Çapdan çıxan kitab onun ilki olmaqla, oxucular üçün mükəmməl bir ədəbi mənbə olacaqdır. Müəllifin kitaba verdiyi ad onun ömür boyu yazıb-yaratdıqlarının obrazlı təqdimatıdır.

Müəllifə can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm.

Şahməmməd Dağlaroğlu,
İsmayıllı Yazarlarıədəbi-ictimai birliyinin sədri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir