23 yanvar- 1 fevral tarixlərində İsmayıllı rayonunda “Ucqar Kəndin İntellektual Gəncləri” layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Murad Ağazadə tərəfindən icra edilib.
Layihə çərçivəsində İsmayıllı rayonundan olan kənd məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib.
Layihədə İsmayıllı rayonunun 24 kənd məktəbindən olan komandalar iştirak edib. Hərəsində 6 komanda olmaqla 4 qrup üzrə komandalar 4 gün ərzində seçim turlarında iştirak ediblər. Seçim turları İsmayıllı Rayon Mədəniyyət Mərkəzində baş tutub.
Seçim turlarından sonra hər qrupdan 2, ümumilikdə isə 8 komanda (Yeniyol, Lahıc, Diyallı, Cülyan, Ruşan, Kürdmaşı, Sumağallı, Qalacıq) final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində ilk olaraq layihə rəhbəri çıxış edərək komandaları və qonaqları salamlayıb, kənd məktəbliləri üçün bu tipli yarışların önəmini vurğulayıb.
Tədbirdə iştirak edən İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin nümayəndəsi Tacəddin İbadov iştirakçıkara təhsildə və həyatda uğurlar arzulayıb.
Final mərhələsində gərgin keçən mübarizədən sonra Diyallı komandası birinci yeri tutub. Lahıc
komandası ikinci, Cülyan komandası isə üçüncü yeri qazanıb.
“İsmayıllı xəbərləri”