İsmayıllı bələdiyyəsi 18 yanvar 2023-cü il tarixli yığıncağında yola saldığımız ildə görülmüş işlər haqqında hesabatını təsdiq edərək veb saytı vasitəsi ilə seçicilərin diqqətinə çatdırıb.
Hesabatda qeyd olunduğu kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.
Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.
İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olub.
2022-ci ildə mədaxil faktiki olaraq 113159 manat təşkil edib. Daxilolmalar ayrı-ayrı sahələr üzrə hesabatda əksini tapıb.
Hesabat dövründə büdcə gəlirləri əvvəlki illə müqayisədə 16245 manat və ya 17 faiz artıb. Bələdiyyə büdcəsinin məxaric hissəsi isə 114156 manat olub və bu rəqəmin məxarici tam şaffaflığı, rəqəmlərin dili ilə hesabatda qeyd olunub.
2022-ci il ərzində 110 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərildiyi, onların ödənilməyən vergi borcu 23135 manat olduğu, bunun da orta hesabla hər vergi ödəyicisində 210 manat olması diqqətə çatdırılıb.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 34 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilib.
Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, İsmayıllıda da son illərdə görülən abadlıq-quruculuq işləri hamının gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalı, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.
Hesabat dövründə bələdiyyənin 21 yığıncağı keçirilib, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 193 qərar qəbul edilib.
Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bütün protokollar bələdiyyənin veb saytı və “Facebook” səhifəsi vasitəsilə şəhər sakinlərinə çatdırılmışdır.
Hesabat dövründə bələdiyyəyə 890 nəfər müraciət etmişdir ki, onların 259 nəfəri arayış və digər sənədlər almaq üçün, 265 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 366 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.
2022-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi yönündə işlər davam etdirilərək bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.
2022-ci ildə şəhər üzrə 23,1 sot zəbt olunmuş həyətyanı torpaq sahəsi və 30 kvadratmetr sahibkarlıq məqsədli torpaq sahəsi özəlləşdirilmiş və bundan bələdiyyə büdcəsinə 9879 manat vəsait daxil edilmişdir.
Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə şəhər ərazisində müəyyən işlər icra olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşa İli” elan olunmuş 2022-ci ildə İsmayıllı şəhər məktəbləri arasında Sərəncamdan irəli gələn vəzifələrin icrasında göstərdiyi xüsusi fəallığa görə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbi İsmayıllı bələdiyyəsinin Təşəkkürnaməsi və qiymətli hədiyyələri ilə təltif olunub.
Bələdiyyə 2022-ci ildə “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” proqramı çərçivəsində keçirilən informasiya sessiyalarında iştirak edərək “Şəhər transformasiyası” istiqaməti üzrə 2 layihə ilə həmin proqrama qoşulub.
Hesabat ili ərzində bələdiyyə tərəfindən bir şəhid ailəsinə 3 sot həyətyanı məqsədli torpaq sahəsi verilib, 4 şəhid ailəsinə isə bu məqsədlə torpaq ayrılması üçün prosedura başlanılıb. Bundan başqa 6 nəfər Qarabağ əlili və 2 nəfər Qarabağ müharibəsi veteranı üçün də torpaqayırma proseduruna başlanılıb.
Ötən ildə də bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “Bələdiyyə.info” saytı və “İsmayıllı xəbərləri” qəzeti vasitəsilə ictimailəşdirilib.
Hesabat ilində məhəllə komitələri də aparılan işlərdə bələdiyyəyə yaxından köməklik göstərib. Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırıblar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə-vətəndaş vəhdətinin möhkəmlənməsində fəaliyyət gücləndirilib.
Hesabatda şəhər sakinlərinə müraciətdə bələdiyyəyə olan vergi borclarının ödəməkdə fəal olmaları bir daha tam ciddiliyi ilə xatırlanıb. Vergiləri müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötən gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında maliyyə sanksiyası tətbiq edildiyi bildirilib.
Qeyd olunub ki, vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.
Sonda nəzərə çatdırılıb ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər sakinlərinin yaxından köməkliyi ilə İsmayıllı bələdiyyəsi 2023-cü ildə – “Heydər Əliyev İli”ndə daha yüksək nəticələrə nail olmağa, şəhərin sosial-iqtisadi inkişafında fəal iştirak etməyə və seçiciləri narahat edən yerli problemlərin aradan qaldırılmasında var qüvvə ilə çalışacaqdır.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı