Əliyeva Gülyanaq Dəmir qızı 1974-cü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
1993-cü ildə BDU-nun coğrafiya fakültəsinə qəbul olunub. 1997-ci ildə ali məktəbi bitirib və elə həmən ildən İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb.
Müəllim kimi fəaliyyətə başladığı ildən şagirdləri həm coğrafiya, həm də tarix fənnindən olimpadalarda rayon və zona turlarında qalib olub. 2002-2003-cü, 2006-2007-ci, 2007-2008-ci, 2008-2009-cu tədris illərində şagirdləri fənn olimpiadasının respublika turunda Azərbaycan tarixi fənnindən bir dəfə II, iki dəfə III, bir dəfə isə IV yeri tutub.
2006-cı ildə AMİ-nun Şamaxı filialında tarix ixtisasına yiyələnib.
2011-2012-ci, 2012-2013-cü, 2013-2014-cü və 2014-2015-ci tədris illərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin, həyata keçirdiyi “Ətraf mühitə töhfəmiz” məktəblilərinin Respublika Ekoloji Formunda, “Meşələri qoruyaq” gənc meşəçilərin Respublika müsabiqələrində şagirdləri 2 dəfə I, 1 dəfə II, 1 dəfə də IV yerə layiq görülüb.
2017-2018-ci tədris ilində bir şagirdi “Elektron təhsil“ Respublika müsabiqəsində “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiya üzrə qalib olub.
2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na əsasən keçirilən “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində “Eko səyahət” respublika uşaq qısa film müsabiqəsində rəhbərlik etdiyi “Yaşıl patrul” komandası qalib gəlib.
“Promethan interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsində iştirak edərək, sertifikata layiq görülüb. Müxtəlif təlimlər, kurslar, seminarlar və forumlarda uğurla iştirak edib.
Bir neçə dəfə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı RTŞ-nin müdiriyyəti, ATİAHİ İsmayıllı RK-i, məktəb rəhbərliyi, kənd bələdiyyəsi tərəfindən, sosial şəbəkədə “Təhsil forumu” sosial platforması tərəfindən “Fəal müəllim” Fəxri fərman və diplomlara layiq görülüb. 2019-cu ildə “İlin ən yaxşı tarix müəllimi” rayon müsabiqəsində I yerə layiq görülüb. Rayonun, eləcə də Respublikanın müxtəlif qəzet və jurnallarında dəfələrlə məqalələri dərc edilib.
“eTwinning plus“ layihəsi çərçivəsində müxtəlif ölkələrlə layihələr hazırlamış, milli və beynəlxalq keyfiyyət nişanlarına layiq görülüb. 1-3 may 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə, Rəqəmsal təhsil/ Dijital egitim” adlı seminarda müvəffəqiyyətlə iştirak edib. 2020-ci il 27 dekabr tarixində onlayn keçirilən “Türkiye-Azerbaycan – Proje fikirleri ve ortak bulma forumu”nda çıxış edib. 19-21 dekabr 2022-ci il tarixlərində Şamaxı şəhərində eTwinning Şamaxı Regional Konfransının iştirakçısı olub.
2018-2019-cu tədris ilində “Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinin rayon mərhələsində fəal iştirakına görə sertifikata layiq görülüb. “İnfourok” olimpiadasında şagirdləri dəfələrlə qalib gəlib və özü Təşəkkürnamələrə layiq görülüb. Bundan başqa “Novıyurok” və “Multiurok” beynalxalq distant təhsil layihələrində iştirak edərək, sertifikatlar qazanıb.
Tarixi hadisələrlə bağlı rayonun kütləvi tədbirlərində məruzəçi olub. Məktəbdə müxtəlif bilik yarışları, tarixi hadisələrə həsr edilən tədbirlər təşkil edib. Məktəbdə “ŞƏHİDLƏR” muzeyi yaradıb.
2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə“ V müsabiqəsində “Gənc peşəkarlar klubu” layihəsi, 2022-2023-cü tədris ilində isə VI qrant müsabiqəsində “Müəllim-valideyn-şagird triadasında psixoloji qurtuluş” layihəsi ilə qalib gəlib.
“İsmayıllı xəbərləri”