Dünya yaranandan bəri bəşər övladının hələ də hikmətinə vara bilmədiyi bir Sirri-Xuda var ki, müdriklər onun adına söz deyiblər. Min illərdir ki, söz xiridarları sözə elə sözün özü ilə elə bəzəkli libaslar biçib, zərli naxışlar, ilmələr vursalar da, onun hikmətinin heç milyondan bir zərrəsinə də vaqif ola bilməyiblər. İnsan özünü dərk edən gündən söz onunla yol yoldaşı, könül sirdaşıdır.

Təsadüfi deyildir ki, ən yaxınına – qanı bir, canı bir doğmasına dərdini deməkdə qısqanclıq edən Adəm övladı ürək sirrini sözlə bölüşüb, dərdini sözlə pıçıldayıb. Həm də elə kövrək şəkildə pıçıldayıb ki, beləcə söz insanın dərd daşıyıcısı, qəm yoldaşı olaraq şeirə, poeziyaya çevrilib. Sözlə bu şəkildə danışmağı bacaranlara da şairlər, söz adamları deyiblər.

Könlünü sözə verən adamlar sözün özü kimi kövrək olurlar. Ər savaşında dizi qatlanmayan, qolu bükülməyən ərənlərin, qanlı ordular qarşısında gözü qırpılmayan cəngavərlərin söz qarşısında boyunları tükdən nazik, ürəkləri mumdan yumşaq olur.

Vətən dərdi, narahat dünyamızın keşməkeşli yolları sözün qəlbindən keçir, gecələr aranı dağa, dağı da arana daşıyır şair. Elin sərvətini talayanlara, özünə fəxri ad yazanlara gücü çatmayanda səbrinə arxalanır, günün ətəyindən tutub sözə güc verir, inama söykənir şair. Haqsızlıq qarşısında başdan ayağa yanır, qovrula-qovrula qalır şair:

Çəkirəm dünyanın ucuz yükünü,

Gözümün içində ulduz yükünü.

Aşırıb çiynimdən bu duz yükünü,

Bir daşın üstünə düşürəm, qardaş! – deyir şair dostumuz. Cəbrayıl Hüseyn Vətənimizin işıqlı gələcəyinə öz inamını bildirir. Qanına biganəlik və laqeydlik duyğuları hopmuş millət xainlərini nifrət və qəzəb hissi ilə damğalayır. Bu nifrət və qəzəb fərdi xarakter daşımır, ictimai məzmun kəsb edir. Belə tutarlı misralar və şeirlər poeziyasının ictimai-bədii əhəmiyyətini daha da artırır:

Meydanlar dəyişib, cənglər dəyişib,

Ahənglər dəyişib, zənglər dəyişib.

Fəsillər qovuşub, rənglər dəyişib,

Daha seçmək olmur ağı qaradan,

Gör oyun hardadır, oyunçu harda…

Qaliblər” bəllidir birinci turda.

Boyu “liliputlar ön sıralarda,

Qaməti şümallar çıxıb sıradan.

Şair C.Hüseyn bədii sözün qüdrəti ilə ictimai məzmunlu şeirlərində nə qədər sərtdirsə, lirik şeirlərində bir o qədər kövrək və yumşaqdır. Xüsusilə Vətən, torpaq sevgisi oxucuların qəlbinə bir təskinlik, bir sevinc gətirir.

Vətən, varlığımdır aranın, dağın,

Min tufan qoynundan ayırmaz məni.

Ölsəm, gözlərimə dolsa torpağın,

Yenə məhəbbətin doyurmaz məni.

Cəbrayıl Hüseyn poeziyasının hər sətrinə xanım-xatın ana-nənələrimizin bişirdiyi çörəyin ətri, ulu babalarımızın canları bahasına qoruduğu torpağın qoxusu hopub. Onun bugünkü poeziyasında canlı xalq dilinin qəndi, şəkəri poetik misralarla qan yaddaşı, qəlb hissi ilə dilimizin bütün gözəlliklərini bəndlərə çevirən sənətkarlardandır.

Elə mehr saldı bu dağlar mənə,

Məni dərdlərinə ortaq eylədi.

Nağıllar danışıb yarpaqlar mənə,

Kövrəldib qəlbimi bulaq eylədi… – deyərkən şair fikrini göz açdığı torpağa bağlılığını poetik dildə özünəməxsus şəkildə – “Cəbrayıl, bu dünya gəlim-gedimli, Ağlayım gedimmi, gülüm gedimmi?” sualı ilə tamamlayır. Ümumiyyətlə, C.Hüseyn yaradıcılığında vətənə, torpağa, dağa, çəmənə məhəbbət mərkəzdə dayanır. Bu, bəlkə də onun qədim, səfalı bir dağ kəndində – Cülyanda doğulub boya-başa çatmasından irəli gəlir.

Biz ki biz deyildik, bizi biz etdi,

Ocağı üfürüb külü köz etdi.

De, hansı qayğını sonda söz etdi,

Bizim başımıza qaxdı kəndimiz?

O, bu kənddə oxudu, boya-başa çatdı, orta təhsilini isə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində aldı. Harada olmasından asılı olmayaraq kəndə, Vətənə bağlılıq Cəbrayıl Hüseyn poeziyasının əsasını təşkil edir.

Cəbrayıl Hüseyn (Hüseynov Cəbrayıl Əmirsoltan oğlu) uzun müddət Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsində dövlət yanğın nəzarəti inspektoru, rəis müavini vəzifələrində çalışıb. Xidməti vəzifə dövründə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır 2008-ci ildən 37 illik hərbi stajla təqaüdçüdür. O, 2020-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Cəbrayıl Hüseyn “Bu da dünya işığı” adlı şeirlər kitabının müəllifidir. Son illərdə qələmə aldığı şeirlər “Sonuncu mələk” adlı kitabda cəmlənib. Bu kitab da tezliklə oxucuların ixtiyarına veriləcək. Nədənsə çox çap olunmaq həvəsində də deyil. Onun başlıca məqsədi yazdıqları ilə ürəklərə yol tapmaq, oxucu məhəbbətini qazanmaqdır.

Bu da dünya işığı” kitabını vərəqlədikcə zərrə-zərrə əriyir, misralara qarışırsan. Vətəni güclü, bütöv görmək hissi ilə mətinləşib yaşayırsan…

Cəbrayıl Hüseyn faydalı bir iş görməyən, həqiqətdən uzaq olan, üzə gülən, gözə girən, mənliyini, şərəfini şan-şöhrətə satanlara belə deyir:

Rüşvət bizi yıxacaq,

Üstümüzə çıxacaq.

Dünya bizə baxacaq,

Güləcək halımıza.

Ayaq dönüb baş olub,

Gözlərimiz yaş olub.

Mələyimiz daş olub

Düşəcək başımıza.

Şairin poeziyasında yurda, torpağa bağlı diqət çəkən milli ağrı, kədər təbii olaraq əbədi deyil və ola da bilməz. Çünki söz adamı yaxşı bilir ki, zil qaranlıq gecədən sonra günəşli, aydın sabah gəlir. Bu ruhu biz onun bir çox şeirlərində görürük. “Görüm” şeirində bu ovqat daha aydın şəkildə təzahür edir.

Bu təpədə göl izi var,

Daşı üstə lil izi var.

Bu gecənin gündüzü var,

Dayan görüm.

Təklənmişik dənə-dənə,

Söyləməkdən döndü çənə.

Məni sənə, səni mənə,

Həyan görüm.

Söz adamı yüz illərdir ki, insanlığın bugünündən əndişə duyur, sabahından narahatlığını dilə gətirir. Amma nəsə dəyişirmi? Dünya elə həmin dünya deyilmi? Cəbrayıl Hüseyn də şair dostlarının yaşadığı ağrıları yaşayır, sözün gücü ilə yatmış vicdanları oyadacağına inanır, amma sonra özüözünə:

Keçdin iynələr gözündən,

Bu dünyanın hər üzündən.

Küsmüsənsə öz-özünlə

Barış getsin.

Yaşamadın dəmli-dəmli,

Ömür sürdün qəmli-qəmli.

Yanaqları nəmli-nəmli

Alış getsin…

Şair Cəbrayıl Hüseyn şeirin, sənətin çətinliyini, məsuliyyətini gözəl başa düşən və öz şeirlərinin üzərində ciddi işləyən şairlərimizdəndir. Məhz ona görə də o sənəti yüksək dəyərləndirir, sözə qol-qanad verir:

Bu da dünya işığı,

Bu da bir mənzil başı.

Yetişdiyim mənzilin

Ünvanı yox, adı yox.

Cənnətdirsə, gülləri,

Cəhənnəmsə, odu yox.

Buludları hamilə

Ah”ların yağışına.

Mat qalmışam yeriyən

Ruhların baxışına.

İnanırıq ki, təbiəti və insanları odlu bir ürəklə sevən, həssas qəlbli şair bundan sonra daha geniş poetik tablolar, maraqlı həyat səhnələri yaradacaqdır. Öz dili, ifadələri üzərində daha ciddi işləyəcək, sadə peşə sahiblərini, torpaq, Vətən təssübünu çəkənləri dərin sevgi ilə qələmə alacaq, həm də elə, obaya yad olanları, xor baxanları çəkinmədən qamçılayacaqdır.

Çünki çox yaxşı tanıdığım bu qələm sahibi çoxlarına nümunə göstərilə biləcək gözəl insan, yüksək səviyyəli ziyalı, qələmi sevilən yazar, yaxşı dost, gözəl ailə başçısı, geniş qəlbli yol yoldaşı, insanpərvər, Vətəni, xalqı sevən, yüksək tərbiyə və əxlaqa malik Azərbaycan oğludur.

65 yaşı tamamlanan, lakin içində 30 yaşlı bir gəncin ruhunu gəzdirən Cəbrayıl Hüseyni bu əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edir, öz adımdan, ədəbiyyata, mənalı həyata bağlanmış söz-sənət adamları adından ona can sağlığı, yeni-yeni uğurlar arzulayıram!

Hacıməmməd Məmmədov,

yazıçı-publisist

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir