Bildiyimiz kimi, bir neçə il öncə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Ən yaxşı müəllim” müsabiqəsi keçrilirdi. Bu müsabiqədə müəllimlər öz fəaliyyətləri haqqında münsiflər heyəti qarşısında məlumat verir və bu fəaliyyətlərə uyğun olaraq münsiflər heyyəti tərəfindən qaliblər seçilirdi. Əlbəttə, qaliblərə müəyyən məbləğdə pul mükafatı da verilirdi.
Bu müsabiqənin çatışmayan cəhəti, onun şagirdyönümlü olmaması idi. Sonralar Elm və Təhsil Nazirliyi tərəfindən bu müsabiqənin istiqaməti şagirdyönümlülük təmin olunmaqla dəyişdirildi və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi şəklində elan olundu.
Artıq altı ildir müsabiqə bu şəkildə davam edir. Qürurverici haldır ki, müsabiqənin başladığı vaxtdan bugünə kimi İsmayıllı rayonunun müxtəlif məktəblərində çalışan müəllimlər müsabiqənin fəal iştirakçıları olub.
İsmayıllı rayon Qoşakənd kənd tam orta məktəbinin müəllimləri də müsabiqə elan olunduğu vaxtdan bu müsabiqənin fəal iştirakçılarıdır. 2022-ci tədris ilində müsabiqə üzrə qalib gəlmiş layihələrin 17-si İsmayıllı rayonu məktəblərinin payına düşür. Qalib olmuş 17 layihənin 4-ü Qoşakənd kənd tam orta məktəbində icra olunmaqdadır. Layihələrdən biri “Məntiq problemin açarıdır” adını daşıyır. Layihənin əsas məqsədi şagirdlərdə məntiqi düşünmə bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Layihənin icrasına oktyabr ayından başlanılmış və hal-hazırda davam etməkdədir. Layihə çərçivəsində I-XI sinif şagirdləri ilə ümumilikdə 66 seminar təşkil olunacaq. Bu seminarlarda şagirdlər məntiq üzrə müxtəlif mövzularda məlumatlar əldə edəcəklər. Orta məktəblərdə tədris olunan fənlər içərsində “məntiq” fənninin olmaması ilə əlaqədar olaraq şagirdlərin layihəyə marağı daha da artır. Bunun nəticəsi olaraq layihənin icra olunduğu müəyyən siniflərdə artıq şagirdlər özləri müəyyən mövzularda test tapşırıqları tərtib edir, onları digər sinif şagirdlərnə nümayiş etdirir və izahlarını verirlər.
Qeyd edim ki, layihə 2023-cü ilin fevral ayının sonlarında yekunlaşacaq. Layihənin sonunda şagirdlərin məntiqi düşünmə bacarıqlarının yoxlanılması, qaliblərin müəyyənləşdirilməsi, mükafatlandırılması və sertifikatların verilməsi məqsədi ilə test-sınaq imtahanı da təşkil olunacaqdır.
Etibar Nurməmmədov,
Qoşakənd kənd tam orta məktəbinin müəllimi