Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində VI Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məktəb-valideyn tərəfdaşlığı” layihəsinin 15 dekabr 2022-ci il tarixində yekun tədbiri keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, eləcə də valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ziyəddin Mövlamov son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən biri kimi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələri”nin əhəmiyyətindən danışıb. O qeyd edib ki, VI qrant müsabiqəsi çərçivəsində məktəbin 4 layihəsi qalib gəlmiş və hazırda onların icrası uğurla həyata keçirilir. Uğur qazanmış bu layihələr bilavasitə təhsilimizin inkişafına, eləcə də şagirdlərin və valideynlərin maarifləndirilməsinə xidmət edir.
Daha sonra çıxış edən layihə rəhbəri Məlakə Mövlamova, təlimçi Adil İskəndərov, layihənin eksperti İsmayıllı Təhsil Sektorunun əməkdaşı Şahin Gənciyev tədbir iştirakçılarına görülən işlər barədə hesabat veriblər. Onlar da həyata keçirilən tədbirlərin təhsilmizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərin öz işlərinə daha yaradıcı yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaratdığını, dövrümüzün aktual məsələlərindən birinin də məhz valideyn-məktəb əməkdaşlığı olduğunu vurğuladılar.
Məktəb-valideyn münasibətlərinin düzgün qurulmasının, valideynlərlə mütəmadi əlaqənin saxlanmasının şagirdlərin məktəbə olan maraq və məsuliyyətinin artmasına səbəb olduğunu diqqətə çatdıran natiqlər həyata keçirilən layihənin böyük əhəmiyyət daşıdığını, layihə boyu həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.
Sonda layihənin rəhbəri və təlimçisi məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunub, layihə qalibləri və məktəb kollektivi ilə xatirə şəkilləri çəkilib.
Ziyəddin Mövlamov,
məktəbin direktoru