20 dekabr 2022-ci il tarixində “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində Qoşakənd kənd tam orta məktəbində “Sağlam şagird” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ziyəddin Mövlamov açıb. O, layihənin məktəb həyatında əhəmiyyətli rol oynadığından, əsas məqsədinin psixoloji xidmət işinin imkanlarını genişləndirməklə hərtərəfli sağlam şagird – gələcəyin sağlam vətəndaş yetişdirmək olduğundan danışıb.
Layihə rəhbəri, məktəbin psixoloqu Adil İsgəndərov şagirdlərin fiziki və mənəvi sağlamlığının təmin edilməsinin təhsilimizin əsas vəzifələrindən biri olduğunu bildirib. O, qeyd edib ki, şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların psixoloji sağlamlığı, təhlükəsiliyi və rifahı da vacib məsələdir. Bununla əlaqədar layihə boyu bir çox tədbirlər həyata keçirilib.
Layihənin təlimçisi, biologiya müəllimi Etibar Nurməmmədov və layihənin eksperti Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil Sektorunun əməkdaşı Sevda İsmayılova çıxış edərək şagirdlərin psixi və fiziki sağlamlığını qorumağın psixoloji məsələ olmaqla yanaşı, həm də bioloji əhəmiyyətə malik olduğunu qeyd edib, layihə üzrə həyata keçirilən tədbirlərin, idman oyunlarının xüsusi əhəmiyyət kəsb etdiyini, “sağlam bədəndə sağlam ruh olar“ deyiminin layihədə qarşıya qoyulan məqsədlə eynilik təşkil etdiyini vurğulayıb.
Sonda səmərəli fəaliyyətlərinə görə layihə rəhbəri və təlimçiyə məktəb rəhbərliyi tərəfindən Fəxri fərman təqdim olunub.
Adil İsgəndərov