Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində artıq üç aydır ki, biri məkəb, üçü isə fərdi kateqoriya olmaqla, ümumilikdə dörd layihə həyata keçirilir. Layihələrin hər biri məktəb -valideyn əlaqələrinin genişləndirilməsi yolu ilə şagirdlərin daha yaxşı təhsil alması və tərbiyə olunmasına, onların sağlam və layiqli vətəndaş kimi yetişməsinə xidmət edir.
23 dekabr 2022-ci il tarixində məktəb kateqoriyası üzrə qalib gəlmiş “Xoşbəxt məktəb mühiti” adlı layihənin bağlanışı olub. Tədbirdə kənd icma nümayəndələri, müəllim kollektivi, yuxarı sinif şagirdləri və digər məktəblərdən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Qonaqlar arasında İsmayıllı təhsilinin öncülləri – Əməkdar müəllimlər Şəfaqət Rəsulov, Qalib Bəşirov, Aydın Əzizov, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov da olub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, layihə rəhbəri Ziyəddin Mövlamov məktəblərdə yüksək təlim nəticələrinin əldə olunmasının təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılmasından əhəmiyyətli dərəcədə aslı olmasını, bu mühitin formalaşmasının isə müəllim-valideyn, müəllim-şagird, şagird-şagird münasbətlərinin düzgün qurulması ilə bağlılığından danışıb. Qeyd edib ki, həyata keçirilən layihənin əsas məqsədi məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Layihənin eksperti Ruslan Kamilov və təlimçi Adil İskəndərov tədbir iştirakçılarına layihə üzrə görülən işlər barədə məlumat veriblər. Onlar həyata keçirilən tədbirlər sayəsində əldə olunmuş nəticələrin təlim-tərbiyəyə verə biləcəyi üstünlükləri diqqətə çatdırıblar.
Çıxış edən qonaqlar həyata keçirilən layihələrin əhəmiyyətindən, Qoşakənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin təhsil sahəsində qazandığı ürəkaçan uğurlardan söz açıb, kollektivə yeni-yeni uğurlar diləyiblər. Sonda bir qrup valideyn, müəllim və şagirdə layihə rəhbəri tərəfindən hazırlanmış sertifikat təqdim olunub.
Z.Mövlamov