8 Noyabr – Zəfər Günü ərəfəsində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə “İrəli” İctimai Birliyinin və Azərbaycan Gənclər Fondunun birgə dəstəyi ilə hazırlanan “Müzəffər əsgərimiz” layihəsi əsasında şəhid Fərid Əliyevə və Orxan Lətifliyə həsr olunmuş qısametrajlı sənədli filmlərə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baxış keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində Qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etmək olub.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, Azərbaycan Azad Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhid Fərid Əliyevin, Orxan Lətiflinin valideynləri, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak edib.
İlk öncə tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını Vətən yolunda fəda edən igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları filmi izləyiblər.
Film nümayişindən sonra çıxışçılar bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və “Dəmir yumruq” əməliyyatı sayəsində uzun illərdən sonra Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsi, 8 Noyabr – Zəfər Gününün qeyd edilməsi əlamətdar hadisə kimi yaxın keçmişin tarixi səhifələrinə həkk olunmuşdur. Bu tarixi Zəfərin qazanılmasında canlarını Vətən yolunda qurban verən şəhidlərin, xüsusi şücaət göstərən igid oğulların əzmi və mübarizəsi danılmaz faktdır. Məhz buna görə də Zəfər gününün tarixi əhəmiyyəti və mahiyyəti barədə gələcək nəsillər mütəmadi olaraq maarifləndirilməli, 8 Noyabr – Zəfər Gününü hər kəs dərindən dərk etməlidir.
Sonda məktəblilər tərəfindən şeir nümunələri səsləndirilib və yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bu istiqamətdə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi qeyd olunub.
R.Firudinli