İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 04 noyabr 2022-ci il tarixdə İsmayıllı rayon İvanovka kəndində “8 Noyabr – Zəfər Günü” münasibətilə atletika idman növü üzrə İsmayıllı rayon kənd məktəbləri arasında zona birinciliyi keçirilib.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz və əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra yarışlara start verilb.
Tədbir “8 Noyabr-Zəfər Günü”nün qeyd edilməsi, atletika idman növünə marağın artırılması və rayonda bədən tərbiyəsi və idman kütləviliyinin yüksəldilməsi məqsədini ehtiva edib.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İvanovka İƏD üzrə nümayəndə İvan Prokofyev, İvanovka kənd ictimaiyyəti və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər tarixi Zəfər gününün qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı altında xüsusi şücaət göstərərək Azərbaycan dövlətinin müstəqilliynin və ərazi bütövlüyünün bərqərar olmasında xüsusi xidmətləri olan igid Vətən oğullarının payının olduğunu vurğulayaraq, bu günün əhəmiyyətliliyi və əlamətdarlığını diqqətə çatdırıblar. Qeyd olunub ki, ardıcıl olaraq gənclər və idman sahəsində keçirilən bu kimi tədbirlərin gələcək nəsillərin məlumatlandırılması və xalqın tarixi keçmişinin, tarixi Zəfərinin unudulmaması üçün rolu böyükdür.
Keçirilən tədbrin yekunlarına əsasən qızlar arasında I yeri Lahıc kənd tam orta məktəbinin şagirdi Zəhra Şirəliyeva, II yeri İvanovka kənd tam orta məktəbinin şagirdi Nadejda Truşeva, III yeri Kürdmaşı kənd tam orta məktəbinin şagirdi Aytac Xəlilova, oğlanlar arasında isə I yeri İvanovka kənd tam orta məktəbinin şagirdi Valeriy Çrubskiy, II yeri Qalınçaq kənd tam orta məktəbinin şagirdi Şamil Bədəlov və III yeri İvanovka kənd tam orta məktəbinin şagirdi Fərid Cabbarov qazanıb. Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, Fəxri fərman və medallarla təltif ediliblər.