Şəhidlər ölmür. Onlar ölməzlik qazanıb yenidən doğulurlar. Son baharda  doğulanlardan oldu Fəxrəddin. Son bahar qəhrəmanı, şəhidlik yazıldı qismətinə.

Şəhidin qısa və mənalı ömür yoluna nəzər salırıq.   O, öz cavan ömrünün üç ildən az nakam evlilik həyatı yaşamış bir igiddir. 

1968-ci ildə oktyabr ayının 16-da İsmayıllı rayonunun Topçu kəndində dünyaya göz açmışdı. Fəxrəddin elinə, obasına, kəndinə dəyər verən, Vətəni qəlbən sevən namuslu bir oğlu idi. Onun vətən sevgisi ötəri deyildi. Bu sevgi onun içindən, qəlbindən gəlirdi. O da vətənin bir çox oğulları kimi Vətənin dar günündə, Ali Baş Kamandanımız, Azərbaycanımızın  xilaskarı, ümummilli liderimiz Cənab Heydər Əliyevin “Vətən dardadır!” çağrışına  səs verdi. Könüllü olaraq savaş meydanına atıldı.

Fəxrəddin qızğın döyüşlər gedən mövqelərdə vuruşdu. O, Ağdamın Qəzlilər kəndində yeddi ay davam edən döyüşlərdə şücaət göstərdi. Sonra isə Kəlbəcərin Murovunda gedən döyüşlərin iştirakçısı oldu. Aylarla həyat yoldaşını, hətta dünyaya yenicə gəlməmiş qızının üzün belə görmədən, şiddətli döyüşlərdən birində qəhrəmanlıqla vuruşdu. Bu, onun bəlkə də son döyüşü oldu…
1994-cü ilin fevral ayının 10-u  Fəxrəddin Murovdağda  itkin düşdü. Üç gün sonra… Üzünü görmədiyi körpəsi dünyaya gəldi. Atasının adına ehtram əlaməti olaraq, körpəyə  Fəxrəndə adını qoydular. Yerlə göy arasında qalan bu gənc qadın isə heç cürə sevinə bilmir, gülmürdü. Çünki, o həyatı bu sayaq xəyal etməmişdi. Onun evlənib xoşbəxt olmaq kimi, çox böyük arzusu vardı.

Həyatın ağır yükü qaldı Fəxrəddindən Aybənizə. Övlad anaya yük olmaz. Bu ağır itkiyə dözmək, ağır yükü daşımaq lazım idi. Taqəti kəsilmiş qollarını körpələrinə sarıyaraq, hər qoltuğuna bir körpəsini alaraq həyata tutunmağı bacardı. Ana, ata oldu balalarına. İki yetimə ata nəvazişi vermək elə də asan deyildi. Hörüyünün birini ağ, birini qara hördü onların yolunda. Namusla, qeyrətlə Allahın ona verdiyi şəhid əmanətlərini bəsləyə bildi. Onları böyütdü. Məktəbə gediş-gəlişləri zamanı, ən özəl günlərində, bayramlarda axtardı Fəxrəddini. Toylarında  – gəlin gətirəndə, qız köçürəndə axtardı onu. Arxa-dayaq olub arxasını, dayağını axtardı
Birinci Qarabağ müharibəsində Topçu kəndi  yeddi şəhid verib. Onlardan 3-ü itkindir. Elşad, Dadaş, Rauf, Elşən, Valeh, kəndin qüruru, fəxri-fəxarəti olan qəhrəmanlardır. Tək mənim tanıdığım Aybəniz yox, Şölə, Leyli, İradə, Sənəm keçdi bu əzablı həyat yolunu.
Sədrəddin kişi bu övlad itkisinə dözmədi. Yanvar ayının 20-si Şəhidlərin anım günündə ürəyi yaralı köçdü bu dünyadan.
Şəhidlərimizlə bərabər qəlbi qırılan bacılarımız, gözü yaşlı analarımız, həyatı yarıda qalmış, vəfalı həyat yoldaşları, atasız böyümüş uşaqların baxışlarında əbədi bir nisgil var. Şəhidlər biri-birinə çox bənzəyir. Onların beli bükülmüş anaları, ataları da .

Səmədin, Ramilin itkisinə dözməyib dünyasını dəyişən ataları da gördük. Analar ağı deyər, ağlayar. Ata ürəyi nə qədər bərk olsa da, lap dağa bənzəsə də, parçalanıb tökülər.

Tək bir təsəlli   bir bəy köynəyi oldu.Kəfəni ilə birgə apardı bu köynəyi.Baş daşına belə onun şəklin əks etdirdi bu ata.
Dünənin Fəxrəddini, bu günün Ramili, dünənin atasız Röyalı, bu günün körpə Ramili… Hər biri bu Vətənin şəhidi, şəhidin əmanətidir. Şəhidin balalarını böyüdən, boya-başa çatdıran anaların qarşısında baş əyirik. Şəhidin qanı hər zaman təzədir. Vətən yolunda canını fəda edən ərənlər, bugünkü Zəfərimiz uğrunda canından keçən şəhidlərimiz, ruhunuz şad olsun.

Qazilərimizin yarası tez sağalsın, inşallah!
Sevindirici haldır ki, Aybəniz xanımın çalışdığı Natiq Behdyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində bir sinif otağına onun həyat yoldaşının adı verilib. Topçu kəndi, bütün ailə bu diqqətdən fəxr duyur. Şəhid yara aldıqda deyil, unudulduqda ölür.

Şəhid balaları təkcə qəhrəman atalarıyla deyil, ömrünü onların yolunda  fəda edən analarıyla da fəxr etməlidirlər.

Zərifə Səmədova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir