Hal-hazırda Azərbaycan Yazıçılar Birliyində çalışan çoxsaylı ünlü birliklərin üzvü, uğur və nailiyyətlərə imza atmış Gülamail Muradın nəfis şəkildə çapdan çıxmış “Kadirlidə 4 gün” adlı kitablarından biri əlimdədir. Kitab Avrasiya Sanat Kültür Edebiyyat və Bilim Federasiyonunun (AKSEF) bir qrup azərbaycanlı üzvünün Uluslararası Kadirli I Türk Dünyası Kültür və Sanat Festivalında iştirakından bəhs edir.

Müəllif özü haqqında verdiyi məlumatdan sonra yazdığı ilk cümləni xatırladıram: 2022-ci il mayın 12-si…

Bəli, kitaba daxil edilən xatirələr bu tarixdən başlamaqla, yaddaşlardan silinməyəcək 4 gün olaraq davam edir. Yol əhvalatları, yol yoldaşlarının yaddaqalan müəyyən söhbət və çıxışları da kitaba daxil edilmişdir.

Kitabın 26-ci səhifəsində müəllif mənimlə bağlı fikirlərini qeydə alıb və Ağrı dağını gördükdən sonra, elə yoldaca yazdığım şeiri xatirələrinə əlavə edib:

Yolumuz üstə qarşılaşdığımız gözəl mənzərələr – başı qarlı-qarsız, güneyli-quzeyli dağlar, qarların ərintisindən yaranan dağ çayları və sahili ilə yol getdiyimiz Van gölü! Hər kəs bu mənzərələri seyr edirdi Mən avtobusun sağ tərəfində oturduğum üçün bu mənzərələri yaxşı seyr edə bilmirdim. Ona görə də məndən sol tərəfdə əyləşənlərə müraciət etməli oldum. Avrasiya Sanat Kültür Edebiyyat və Bilim Federasiyonunun üzvü, hərbi hissələrimizdən birinin mühafizə xidmətinin rəisi Səyyad Əhmədli və AYB, AJB-nin üzvü, Prezident təqaüdçüsü, şair-tərcüməçi, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini Şahməmməd Soltanov (Dağlaroğlu) yanaşı oturmuşdular. Yol boyu gördüyü gözəllikləri fotoaparatın yaddaşına köçürən Dağlaroğludan xahiş etdim ki, Van gölündən çəkdiyi şəkli mənə də ötürsün. Beləcə, səfər yolçuluğu ilə başlayan ünsiyyətimiz başladı. Hətta Dağlaroğlu Ağrıdağa şeir yazmış olduğunu da söylədi. Mənsə: – Möhtəşəm şeirdir, – deyərək onu alqışladım. Və həmin şeirdən bir-iki bənd sizlərə də xatırladım:

Ağrıdağ

Dünya yaşındadır zirvəndəki qar,

Tarixdə qoca yox səndən ixtiyar.

Adın gələn gündən bir sualım var:

Nədən ağrılısan, nədən, Ağrıdağ?

Yaradan Tanrıdı, sevən bəndədi,

Quzeyin, güneyin duman, çəndədi.

Sən türk duruşlusan, ruhum səndədi,

Mən – adi, quruca bədən, Ağrıdağ!

Üstündə ümiddən şimşəklər çaxır,

Ağrını duyuram, göz yaşım axır.

Sənə dağım deyən yad gözü baxır,

Sağalmaz yaramdı zədən, Ağrıdağ!

Kəpəz qardaşındı, Murov atandı,

Babadağ sirdaşın, əldən tutandı.

Türk yurdu dağları dada çatandı,

Şah dağı şah kimi dədən, Ağrıdağ!

Döyüşlər şahidi, meydanda şirsən,

Min il oyanmaram, yuxuma girsən.

Sən əziz, müqəddəs, ocaqsan, pirsən,

Dolanır başına Vətən, Ağrıdağ!

Festivalda ümumilikdə 7 türk dövləti iştirak edib və müəllif bu tarixi hadisəni kitabın üz qabığının tərtibatında bayraqlar vasitəsilə, ustalıqla diqqətə çatdırıb. Çox maraqlıdır ki, dörd gün davam edən festivalın dördüncü, yekun günü bütünlüklə Azərbaycana həsr olunmuşdu. Həmin günün möhtəşəmliyi kitabda xüsusi yer alıb. Kitabındakı qeydlərin ən maraqlı məqamlarından biri festivalın təşkilatçılarına olunan minnətdarlıqdır.

Türkiyənin Adana bölgəsində keçirilən, Uluslararası Kadirli I Türk Dünyası Kültür və Sanat Festivalının başlanğıc olmasına baxmayaraq, təşkilatçılar 400 nəfərdən çox dəvətlinin rahatlığ üçün yüksək səviyyədə, peşəkarcasına hazırlıq görmüşdülər.

Bu festival türkdilli xalqların birliyinə istiqamətləndirilmiş ən möhtəşəm tədbirlərdən biri kimi yaddaşlara hopdu. Bölgənin tarixi yerlərinə səyahətlərə də kitabda xüsusi yer ayrılmışdır.

Müəllif qardaş ölkədə yüksək qəbula və qonaqpərvərliyə görə azərbaycanlı nümayəndələr adından təşkilatçıların hər birinə, xüsusilə AKSEF-in Genel Başkanı Savaş Unal bəyə, birliyin Azərbaycan üzrə koordinatoru Sona xanım İsmayılovaya minnətdarlıq etməyi də unutmayıb.

Dörd günlük səfərin xatirələrini kitab halına salmaq fikrini gerçəkləşdirdiyi üçün festivalın iştirakçılarından biri kimi, Gülamail xanıma dərin təşəkkürümü bildirir, ondan daha böyük uğurlar gözləyirəm.

Ş.Dağlaroğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir