“İsmayıllı lövhələri” silsiləsindən. On ikinci yazı.
Mərhum, böyük Xalq Şairimiz Bəxtiyar Vahabzadə deyərdi ki, bir millətin məhvi onun əlifbasının və mənsub olduğu coğrafi yer adlarının dəyişdirilməsindən başlanılır. Bu baxımdan XX əsrdə azəri türkləri qədər bu cür aşınmalara məruz qalan ikinci bir millət yoxdur. Keçən əsrin 20-ci ilində Milli Hökumətimizin devrilməsindən sonra hakimiyyətə gəlmiş Şura hökuməti, elə bil ilk gündən erməni qəsbkarları ilə əl tutub əhd-peyman bağlamışdılar ki, Azərbaycanı, azəri türk millətini məhv etmək üçün əvvəlcə onun torpaqlarını zaman-zaman ələ keçirib zəbt etmək, yer toponimlərinin adlarını və əlifbasını tez-tez dəyişdirmək lazımdır. İrəvan xanlığının, Zəngəzurun və bir çox Azərbaycan torpaqlarının ilhaq edilib üzərində Ermənistan adlı bir dövlətin qurulması da, qondarma Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması da, sonrakı illərdə əhalinin öz dədə-baba yurdlarından qovulub çıxarılması da, kənd və qəsəbələrimizin adlarının erməniləşdirilməsi də, bir əsrdə dörd dəfə əlifbamızın dəyişdirilməsi də – bütün bunlar, həmin sövdələşmənin tərkib hissələrindən idi. Bundan əlavə, respublikanın mərkəzi idarələrində özlərinə möhkəm mövqe tutan səlahiyyətli erməni əsilli məmurlar da, erməniyə qız verib qız alanlar da yerlərində sakit dayanmayıb metal xərçəngi sayılan mürgünə kimi daxildən bütün mənəvi-milli dəyərlərimizi gəmirməkdə davam edirdilər. Mən hələ dərinliklərə getməyib, Bakıda – mərkəzdə, bir çox qəsəbə, küçə və prospektlər, təhsil ocaqları, xəstəxanalar, bağlar və s. qanımızı içən vandalların adlarını daşıyırdılar. Mərdakanın, Şüvəlanın adları lüzum gəlmədən dəyişdirilərək Mardakyanı, Şuvalyanı adlandırılırdı. Görəsən, bu “yan”çaqların artırılmasına nə ehtiyac vardı?
Başqa bir misal. Azərbaycan Sovet Ensiklopediyası (ASE) redaksiyasının İçəri Şəhərdəki möhtəşəm binası açılanda, sevinənlərdən biri də mən olmuşdum. Redaksiyanın ilk məhsulu olan on cildlik Ensiklopediya kitablarını çətinliklə əldə edənlərdən də biri mən idim. Düşünürdüm ki, bu kitablar hər bir şəxsin nəyi isə öyrənməsinə yol, köməklik göstərəcək, ətraflı məlumat almasında ona yardımçı olacaq bir stolüstü elmi mənbə olacaqdır. Əfsuslar ki, gözlədiyimiz olmadı. Ümumiyyətlə, deyə bilərəm ki, mən o kitablarda millətə fayda verən bir iş əmsalı görməmişəm. Hörmətli elmlər doktorlarımızın, professorlarımızın imza atdıqları bu kitablarda bizi sevməyənlərə, bizə düşmən kəsilənlərə qarşı meyillilik daha çoxdur. Qırmızı cildli bu kitablarda qədim yaşayış məskənlərimiz, tarixi hadisələr ya“unudulmuş”, ya da təhrif olunmuşdur. Misal üçün, başlanğıcını Baş Qafqaz sıra dağlarından götürən Girdiman çayı min illərdir ki, eramızdan əvvəl mövcud olan bir dövlətin adını daşıyır. Çayın şərqə doğru 1, 1,5 kilometrdə yerləşən Tircan kəndində, Girdiman dövləti başçılarından biri olan Cavanşirin adını daşıyan bir çox yer toponimləri mövcuddur və yerli əhali o əraziləri indi də bu adlarla adlandırırlar: “Cavanşir divanxanası”, “Cavanşir qazmaları”, “Cavanşir düzənliyi”, “Cavanşir bulağı”, “Cavanşir qəhəlləri” (at tövlələri), “Qəhliyə dağı” və s. Bakı–İsmayıllı magistral yolunun 160-cı kilometrində sağa burulan yolun 1,5 kilometrliyində yerləşən bu tarixi yerlərdən hörmətli tarixçilərimizin heç birinin xəbərləri yoxdur, baxmayaraq ki, bu haqda respublika qəzetlərində dəfələrlə məqalələr dərc edilmişdir. Bəs, tarix nəyə deyirsən? Rahat, geniş kabinetlərdə, yumşaq kreslolarda oturub yüz illər öncə kimlərinsə qələmə aldığı mənbələrə istinad edib “əsərlər” yazmaqla, cümlələrin yerlərini dəyişməklə saxta elmi dərəcələr, fəxri titullar, mükafatlar almaq nə qədər olar? Əldə bu qədər tarixi faktlar ola-ola niyə tarixçilərimiz Qafqaz Albaniyasının tərkibində olan Girdiman dövlətinin yerləşdiyi ərazini ermənilərin Qardman, gürcülərin Qardabani mənbələrində, Qazaxda, Şəmkirdə, Gədəbəydə axtarırlar? Qocalar evini xatırladan Elmlər Akademiyasının müvafiq əməkdaşları niyə zəhmət çəkib adları çəkilən ərazilərə gəlməyirlər, tariximizi araşdırmırlar?
Araşdırılmalara ehtiyac duyulan ərazilərdən biri də, 1931-ci ilə kimi Nüyədi, sonra isə “sovet dəbinə” uyğun olaraq Yeniyol adlandırılan kənddir. Kəndin yeni “adqoyma mərasimindən” 91 il keçsə də, o bu gün də yerli və qonşu kəndlərin əhalisi tərəfindən “Nüyədi” kimi tanınır. Amma bu kənd, on cildlik Ensiklopediyamızda nə Nüyədi, nə də Yeniyol kimi göstərilməyib.
Yeniyol kəndi Girdiman çayının sağ sahilində, Lahıca gedən yolun bir kilometrliyindədir. Kəndin tarixi keçmişi barədə məlumat toplamaq üçün könüllü olaraq bizə qoşulan İsmayıl və Babaverdi qardaşlar məni 10 il məktəb direktoru, 35 ilə yaxın kolxoz-sovxoz sistemində rəhbər vəzifələrdə çalışan, kəndinin tarixindən mükəmməl xəbəri olan, el-camaat arasında sayılıb-seçilən Mirzəyev Səlahəddin Saleh oğlunun evinə apardı. Səlahəddin müəllim 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitiribdir. Tələbə ikən fəal ictimaiyyətçi kimi seçilən gənc Səlahəddin, müəllimi, akademik Feyzulla Qasımzadənin diqqətini cəlb etmiş, onun əvvəlcə fakültə komsomol təşkilatının katibi, daha sonra isə fakültə həmkarlar təşkilatının sədri seçilməsinə zəmanət verir. İnstitutu bitirərkən Rektorluq ona aspiranturada qalıb təhsilini davam etdirməsini təklif edir. Lakin Səlahəddin atasının sağlamlıq durumundakı fiziki qüsurları nəzərə alıb, kəndə qayıtmağı üstün tutur. İlk vaxtlar Ağbulaq, Yeniyol məktəblərində direktor müavini, bir qədər sonra rayon rəhbərliyinin təkidi ilə Qoşakənd, Ağbulaq, Yeniyol, Təzəkənd, Diyallı, İkinci Yeniyol kəndlərini birləşdirən nəhəng təsərrüfatda partiya işinə irəli çəkilir. Uzun illər qüsursuz işləyən Səlahəddin müəllim indi ləyaqətli bir təqaüdçü, mehriban bir ailə başçısı kimi övlad, nəvə və nəticələri əhatəsində yüksək qayğı ilə ömrünün ahıllıq dövrünü yaşayır, mütaliəsindən geri qalmır.
Səlahəddin müəllim Yeniyol kəndinin Qafqaz Albaniyası və qədim oğuz-türk tayfaları dövründən mövcud olduğunu dedi. O, bildiklərini kəndin əvvəlki ziyalılarından, kəndin dünya görmüş ağsaqqallarından, nənə və babalarından eşitdiklərinə istinad edərək danışırdı. Səlahəddin müəllim elə özü də bir ziyalı olaraq kəndin köhnə məkanı olan Köhnə Nüyədi xarabalıqlarından, Tərsivan, Təklə yurdlarından, kənddə aparılan bəzi qazıntı işləri zamanı tapılan küp qəbirlərin, saxsı məişət əşyalarının, əmək alətlərinin dəfələrlə şahidi olmuşdur. Səlahəddin müəllim həmçinin əhalinin inanc yerləri olan antik dövrə aid Xəzinə piri, Pir Qeyb (qeybə çəkilmiş pir), Çoban piri, Eşik piri haqda çoxlu rəvayətlər bilir. O, bir də onu qeyd etdi ki, 1988-ci ildən başlayaraq ermənilərin azəri türklərini öz doğma yurdlarından qovub çıxardıqları, qəbristanlıqları traktorla şumladıqları bir zamanda, hiddətlənmiş bir neçə Yeniyollu gənc də, dinimizə zidd olaraq əllərinə ling alıb, guya qəbirdir deyə, Gavursanlıq adlanan yerdə üzərləri erməni əlifbası ilə yazılı bir neçə nəhəng sal qaya parçalarını zorla yerindən tərpədib qazımışdılar, lakin oradan nəinki qəbir çıxmış, hətta heç siçan yuvası belə aşkar edilməmişdir. Bax, budur erməni xislətinə uyğun olan hiyləgərlik, riyakarlıq, saxtakarlıq, rəzillik…
Yeniyol Günəşin zərrin şəfəqlərini ilk qarşılayan fərqli bir kənd olduğu kimi, təmiz havası, büllur bulaqları, saf, mehriban, qonaqpərvər, vətənpərvər insanları ilə də fərqlənir. Yeniyol kəndi bəlkə də kəndlər arasında yeganə kənddir ki, Rayon İcra Hakimiyyətinin qərarı ilə onun küçələrinə bir müddət əvvəl ad qoymaq istəyiblər. ( Bu təşəbbüsün həyata keçib-keçmədiyini dəqiq bilməsəm də, hər halda təqdirəlayiqdir). Bu barədə rayon mərkəzindən Səlahəddin müəllimə zəng edib rəyini bilmək istəyəndə o, tərəddüd etmədən 150 evli kənddə olan iki böyük küçədən birinin Məcid Qərsəlani, digərini isə Köhnə Nüyədi adlandırılmasını məsləhət görmüşdü.
Məcid Qərsəlani kimdir? Məcid Qərsəlaninin atası Qərsələli, anası isə barəsində aşağıda bəhs edəcəyimiz el hörmətlisi Yeniyollu Əlabbas kişınin bacısı, kənd yüzbaşısı olmuş Hüseynin qızıdır. Soyadı Musayevdir. Məcid 1942-ci ildə Qərsələ kəndindən müharibəyə səfərbər edilənlərdən biridir. Əsirlik həyatı yaşamış Məcid əsirlikdən qaçıb canını qurtarsa da, müharibə bitdikdən sonra Stalin irticasından qorxub vətənə dönməmişdi. Məcidin adı kənddə-obada alman dilini mükəmməl bilən bir ziyalı kimi hallanır, hətta Qurban Səidin ( o şəxs ömür-gün yoldaşı Micandan olan Y.V.Çəmənzəminlidir) “Əli və Nino” əsərini alman dilinə tərcümə edən bir çox müəlliflərdən biri olduğunu hesab edirlər. Arada belə söz gəzir ki, Məcid tərcümə etdiyi əsəri çap etdirmək üçün Münhendə tanış olduğu,“Azadlıq” radiosunda çalışan göyçaylı Mirzə Xəzərə verir. Mirzə Xəzər isə onu öz adına çıxarır. (Çox mübahisəli bu məsələyə münasibət bildirmək çətindir. Çünki əsərin 1937-ci il çapı məlumdur). İllər keçir. Məcid körpə yaşda Qərsələdə qoyub getdiyi oğlu Namətlə əlaqə yarada bilir. Ata 1987-ci ildə oğlunu Almaniyaya – Münhenə dəvət edir. 45 il mühacirət həyatı yaşayan Məcid, oğlunu həyatda görməsə də, aeroportda uzaqdan onu görən kimi tanımışdı, yaxınlaşanda isə özünü dərhal onun üzərinə atmışdı. Həsrətli, üzücü dəqiqələrdən sonra, ata oğluna gülümsəyərək ilk olaraq sualı bu olur ki, Nüyədi Nararmudusu gətirmisən?. Əlbəttə, Nararmudu burada bir simvolik predmetdir. Bu, 50 ilə yaxın vətənindən ayrı düşən, qoxusunu, dadını-tamını itirən, bir udum havasına, bir qurtum suyuna ehtiyac duyan, daşı-kəsəyi üçün darıxan, doğmaları üçün burnunun ucu göynəyən bir insanın vətən həsrətindən irəli gələn bir istəyi idi… Məcid Qərsəlani oğlu Namətə 1988-ci ildə Azərbaycana gələcəyinə, diz atıb torpağından öpəcəyinə söz vermişdi. Lakin amansız ölüm onun bu arzusunun da həyata keçməsinə imkan vermədi…
Ailə-nigah, qan qohumluğu ilə yaranan qrupa deyilir. Bu qrupa daxil olan insanlar arasında daim bir bağlılıq, mənəvi cavabdehlik, məişət birliyi, qarşılıqlı yardımlaşma, anlaşma ən yüksək həddə olur. Belə ailələrdə kənar müdaxilələrə, söz-söhbətlərə, qərəzçiliyə, qeybətçiliyə, aravurmalara, sözgəzdirmələrə, umu-küsülərə, paxıllığa, kin-küdurətə və s. neqativ hallara yer yoxdur. Belə ailələrin istehsal etdyi məhsullar bin-bərəkətdir, hüzurluluqdur, səmimiyyətdir, xətir-hörmətdir, xoş münasibətdir, gülərüzlülükdür, könül sevindirən auradır. Müdriklər nahaq deməyiblər ki, ailə özü kiçik bir dövlətdir, yaşadığı dövlətin təməl daşıdır.
Nüyədili Əlabbas Hürzadla ailə quranda 1927-ci il olub. Onlar o vaxta kimi nə bir-birlərini görmüşüilər, nə də əhd-peyman etmişdilər. Aralarında heç qohumluq əlaqələri də, gediş-gəlişləri də olmayıbmış. Əksinə, bu ailələr bir çox illər əvvəl xoş olmayan bir təsadüfdən qan düşməni olmuşdular. Arada ölüm-itim işi olmuşdu. Hər iki ailə bir-birinə bab olsalar da, barışığa cürət etməmişdilər. Əlabbasın atası Hüseyin kişi Nüyədinin, Hürzadın babası Xələf kişi isə Tağlabiyan kəndlərinin Yüzbaşısı olmuşdular. Xələf kişi dünyasını dəyişəndən sonra ailənin böyük oğlu Cəbrayıl başda olmaqla qardaşları Nemət və Nəsib də ailəliklə Şəbiyan kəndinə köçürlər. Onlar burada arada qan ədavəti sayılan Hüseyin kişi ilə, onun ailə üzvləri ilə demək olar ki, hər gün təmasda olardılar. Hər iki tərəfdə çoxlu sayda oğul-uşaq böyüyürdü. Bir gün Cəbrayıl kişi qardaşlarını başına yığıb məsləhət edir və deyir: “Qədimdən qanı qan ilə yox, su ilə yuyublar. Gəlin birlikdə Nüyədiyə – Hüseyin kişinin yanına barışığa gedək, gec də olsa dil-ağız edək. O, çox alicənab adamdır. Bəlkə də bizi əfv etdi”. Qardaşlar elə də edirlər. Beləliklə, illərlə davam edən ədavətə birdəfəlik son qoyulur. Elə tərəflər həmin gün oradaca əl verib razılığa gəlirlər ki, barışıq üçün el gözəli Nəsib qızı Hürzad, Hüseyin kişinin qəddi-qamətli oğlu Əlabbasla izdivaca girsinlər. Belə də olur. Ailədə beş oğul, bir qız dünyaya gəlir. Uşaqların sayı artdıqca qohumluq əlaqələri daha da möhkəmlənir, keçmişin acı xatirələri unudulurdu.
El arasında belə bir deyim var: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Bu ifadə başdan ayağa yanlış olsa da, əstəğfürüllah, onda cüzi bir həqiqət də var. Yanlışlıq odur ki, Allah harada yoxdur ki? Cüzi həqiqət isə ailədə ailə başçısını Allah səviyyəsində görməyi bacarmaqdır. Bu baxımdan Əlabbas kişinin ailəsini nümunə göstərmək olar. Oğlanları Əlhəsən, Mirələm, İmran, Şimran, Niyazi, qızı Fəridə yaşa dolub nənə-baba olana kimi ata-analarını müqəddəs bir varlıq hesab etmişlər və övladlarını da bu ruhda böyütmüşlər.
Fəridə xanım anası Hürzad bibi kimi ailənin yeganə, nərmənazik, səliqə-sahmanda tayı bərabəri olmayan, danışığını, duruşunu bilən, yerişini sonalayan bir qadındır. Həddi-büluğa çatan kimi bibisi oğlu Mayılla ailə həyatı qurur. 6 övlad sahibidirlər: 3 oğul, 3 qız. Mayıl barmaqla göstəriləsi ağac ustası, daş ustası olubdur. Onun şagirdi olmaq şərəfinə çoxları can atardılar. Halal zəhmətlə böyütdüyü oğlanları Müşfiq, Elsevər, Cavid bu gün atalarının yolunu davam etdirirlər. Qızları Yeganə, Kəmalə, Sevda hər biri xoşbəxt bir ailənin xoşbəxt gəlinləridirlər. Hər bir övladları Allah tərəfindən atalıq, analıq şərəfinə ucalıblar. İki il öncə haqq dünyasına qovuşan Mayıl qardaşımız özündən sonra həyatda xeyirli övladlar qoyub getmişlər. Ruhu şad olsun.
Gəlin etiraf edək ki, qaynanalar barəsində istər kinolarda, istərsə də teleseriallarda çəkilən filimlərin hamısında qaynana obrazı nədənsə mənfi obrazda göstərilir. Hörmətli rejissorlarımıza, kinoşünaslarımıza məsləhət görürəm ki, əgər müsbət rollu qaynana obrazı axtarmalı olsanız, mütləq Yeniyola gəlin. Gəlin və görün ki, qaynana-gəlin, gəlin-baldız münasibəti heç də sizin lentə aldığınız kimi deyil. Fəridə xanımın gəlinləri Gülsarə, Könül, Lalə xanımlar onun qızlarıdır, qızlarına deyə bilmədiklərini onlarla deyir, onlarla bölüşür. Ümumiyyətlə, əgər xoş günlərin birində bu ailənin qonağı olsanız, kiminin gəlin, kiminin qız olduqlarını ayırd edə bilməzsiniz. Oğullu-qızlı bu nümunəvi ailəyə uğurlar arzulayırıq.
Yeniyol həm də 1915-18-ci illərdə tircanlı Molla Kamilin özünümüdafiə dəstəsində misilsiz igidliklər göstərən Şeşim oğlu Salmanın uyuduğu məkandır. Nəvəsi Şirvan, nəticəsi Salman babaları ilə fəxr edə bilərlər.
Vaqif Məmmədov