Bəzən vaxtsız ölüm kəsir qapını,
Nə qocalıq qanır, nə gənclik qanır.
Dünyadan doymuşam deyən kəs hanı,
Hər insan qəlbində min arzu yanır.
Dostluğun xəzanı ən ağır dərdmiş
Bəzən vaxtsız ölüm kəsir qapını,
Nə qocalıq qanır, nə gənclik qanır.
Dünyadan doymuşam deyən kəs hanı,
Hər insan qəlbində min arzu yanır.
Xoşbəxt o kəsdir ki, dünyadan köçəndən sonra ikinci ömrünü yaşayır. Təmiz adı, yaxşı əməlləri, xeyirxah işləri, sözü, söhbəti ilə. Xoşbəxt o kəsdir ki, haqq dünyasına qovuşanda yalnız rəhmət qazanır. Dostların, tanışların, yaxınların qəlbində həzin bir iz qoyub getmiş, adı gələndə ürək göynəyən, acı təəssüf doğuran bir insan yaşardı bu fani, gəlimli-gedimli, son ucu ölümlü dünyada. Müqəddəs müəllim adı daşıyan, yarımçıq ömür yaşasa da neçə-neçə mənasız, solğun, hədər qılaflı ömür yaşayan uzunömürlülərdən daha dolğun, daha dəyərli bir tale yaşadı. Sadə, utancaq, uşaq kimi təmiz və kövrək Həsən müəllim. Həsən müəllim sadə bir ömür yaşadı – cəmi 42 illik ürək ağrıları ilə döyüşən ömür. Çox sadəlövh idi, bəzən lap elə birinci sinifə gedən uşağı xatırladırdı. Dünyanın çirkabına bulaşmamışdı, bir çox xəbisliklərdən uzaq idi. Haradasa xarakterinin dərinliklərində zəngin insani xüsusiyyətlər, yalnız şəxsiyyətlərə xas bir təmizlik, mübarizlik, vətənsevərlik vardı. Fanatizmi də qibtə doğururdu. Hər kəs onun bu böyüklüyünü görə bilməzdi, yalnız onu duya bilənlər deyə bilərdi Həsən müəllim kim idi. Həsən Bəhərçin oğlu Hacıyev 1956-cı il iyunun 20-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində sadə bir zəhmətkeş ailəsində doğulmuşdu. Doğma kəndində orta məktəbi bitirdi. Bəxtinə çox güclü, savadlı uşaqlarla bir sinifdə oxumaq düşdü. Sonralar böyük yolun səyyahlarına çevrilən şagird dostları Rasim Şərifov, İmran Qubadov, Seyid Seyidov, Allahyar Muradov, Feyruz Mehdiyev və başqaları bir elin-obanın sevimlilərinə, şanlı övladlarına çevrildilər.
1976-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olundu. Yaxşı oxuyurdu, o dövrün ifadəsi ilə desək, öz gücüylə oxuyurdu. 5 il bir yerdə oxuduq, hətta son tələbəlik ilini Dərnəgüldə yataqxanada 129-cu otaqda bir yerdə qaldıq. Maraqlı adam idi. Doğrudur, hər adama onunla dil tapmaq müyəssər olmurdu. Yalana, yaltaqlığa dözümsüz idi. Sözünü yerində deməyi bacarırdı. “Deməsəm, ölərəm” prinsipi ona hakim idi. Tez-tez şəhərə çıxardıq, gəzərdik, maraqlı söhbətlərimiz olardı, düşündürücü, fəlsəfi fikirləriylə bizi hikmətlər aləminə seyrə aparırdı. Yaxşı duzlu zarafatımız vardı, adı Həsən idi, “sən”lə qurtaran sözləri sıraya düzüb ona həcv qoşardım, inciməzdi, mənə natiq deyirdi, (tez-tez diktorları, məşhur teleaparıcıları, siyasi xadimləri parodiya edərdim).
Ali məktəbi bitirib doğma kəndə müəllim kimi qayıtdı. Yaxşı yadımdadır, Hacıhətəmli məktəbində rus dili müəlliminə yer yox idi, mənə dedi ki, əgər müəllim yeri düzəlsə, yəqin səni göndərəcəklər, olarmı mən gedim kəndə? Canla-başla razı oldum. Təhsil şöbəsinin müdiri, gözəl ziyalı, xeyirxah insan Valeh Salehovdan xahiş etdik, Həsəni öz kəndimizə yolladılar, mən isə könüllü olaraq Buynuz məktəbinə getdim.
Tez-tez görüşərdik, pedaqoji-psixoloji mövzuda saatlarla diskussiyalarımız olardı. Müəllimliyin vurğunuydu, işləmək, savadlı nəsil böyütmək istəyirdi. Təəssüf… Həsən müəllim uşaq vaxtlarından ürək xəstəliyinə tutulmuşdu. Tələbəlik illərində ürək ağrılarından onun necə əzab çəkdiyinin şahidiydim. Ürək onu sıxsa, incitsə də ruhən bədbinləşmirdi. Ona hədsiz nikbinlik verən böyük daxili gücü vardı. Bu onun ən böyük sirli aləmiydi. Dağlıq Qarabağ ətrafında baş verən hadisələr onun necə saf vətənpərvər olduğunu üzə çıxardı. İlk gündən xalq hərəkatının sıralarında oldu, heç bir təmənna güdmədən. Ümumiyyətlə, bəlkə də Həsəndən soruşsaydılar “təmənna” nə olan şeydir, heç bilməzdi də. Kimdən nə isə ummaq onun xarakterində yox idi.
Ölüm xəbərini dənizdə, Neft Daşlarında eşitdim, məni bu acı xəbər çox sarsıtdı. İlk dəfə onda hiss etdim ki, dostun hüzrünə getmək ən ağır işdir. Və gedə bilmədim. Xeyli gec getdim, dostun yoxluğuna inanmaq istəmirdim. Onda 1998-ci il idi. Bir il sonra digər tələbə və otaq yoldaşımız Nazim müəllim dünyasını dəyişdi. Ardınca Seymuru, Sərvər müəllimi itirdim. Ağır zərbələr idi mənim üçün.
Yaşasaydı 58 yaşı olacaqdı.
42 illik yaşanmış ömür qoyub getmiş dostumuz əslində dünyasını dəyişib, ölməyib, onu duyan, sevən insanların, şagirdlərinin, onunla ömrün ağrı-acısını bölüşmüş Çimnaz xanımın, yeganə nişanəsi olan qızı Çinarənin qəlbində yaşayır.
Ruhun şad olsun, Həsən, bəlkə bizdən küsmüsən, yoxsa incimisən, bəlkə qayıdıb gələsən, bizi sevindirəsən, əsəbiləşdirəsən? Heç bilirsən, neynəmisən, bizi atıb getmisən, Həsən, bunu səhv etmisən…
Bax beləcə, yaddaşlarda yaşatdığımız Həsən müəllimlə yenə zarafat eləyirik, qafiyə qoşuruq. Yerin cənnətlik olsun, Həsən qardaşım!
Dost sevgisiylə, ürək ağrısıyla
Xeyrulla Ağayev,
“Qızıl qələm” mükafatı laureatı