Ətri tükənməyən qönçəm,

Fəda oldu yurda canın.

Ürəyini dağlı qoydun

Əbədilik sən ananın.

 

Bu torpaqda asta gəzin.

Qan düşməmiş harası var?

Qara şallı bir ananın

Dağlar  boyda yarası var.

Səhər tezdən ürəyimdəki suallarla Aqilgilə yollandım. Qapını anası Aynurə xanım açdı. Çox mehribanlıqla qarşıladı. Sual dolu gözlərlə üzünə baxdım. Özü heç nə soruşmadı. Məni evə dəvət etdi. Birbaşa Aqilin adına hazırlanmış, şəkillər dolu otağa girdim. Şəkillər sanki mənimlə söhbət edirdi. Şəhidimin məğrur duruşu, gülər üzü onu canlı kimi təqdim edirdi.

Onun keçiriləcək ad gününə gəlmişdim. 26 yaşı olacaqdı… Şəkillər önündə xəyallara daldım. Birdən Aynurə ananın səsi gəldi:

– Təsəvvür edə bilməzdim ki, övlad acısı belə ağır olar. Atam, anam dünyasını dəyişəndə çox sarsılmışdım. Aqildən sonra dərk etdim ki, bala yanğısına çatan bir yanğı yoxdur…

Ana ağlaya-ağlaya danışırdı. Onun ürək yanğısına qulaq asmaq çox çətin idi:

-Mən onu heç doyunca əzizləmədim də. Belə olacağın bilsəydim, vaxtımı ancaq onunla keçirərdim. O, həyatda mənim həm atam, həm anam, ən əzizim, məsləhətçim idi. Mən Aqili yox, Aqillə bərabər bütün dünyamı itirdim. O, hələ körpə ikən özünü adil və aqil insan kimi tanıtmışdı…

Bibisi Nailə bu məqamda söhbətimizə qoşuldu:

-Aqili öz balam kimi istəyirdim. O, mənim gəldiyimi eşidəndə tez samovar qaynadar, çay süfrəsində  bütün dərdlərimi onunla bölərdim. Onun şəhid olduğunu eşidəndə çox sarsıldım. Xəstəlik tapdım. Hələ balaca olanda: Torpaqlarımızı o yaramazlardan geri almağa özüm gedəcəyəm, – deyirdi. Aqillə bağlı xatirələrim bitən deyil…

Rayon şəhidlərindən çoxunun ata-anası Aqilin doğum gününə gəlmişdi. Yəqin daha gələn olmaz, – deyib hamılıqla Şəhidlər xiyabanına yollandıq.  Əvvəlcə şəhidləri bir dəqiqəlik sükutla yad etdik, ruhuna dualar səsləndirdik.

Polkovnik-leytenant Hətəm Elçin söz aldı. O, Aqilin döyüş yolundan, onun Vətən sevgisindən, mərdlik və mübarizliyindən ətraflı söz açdı. Prezidentimiz, Ali Baş Komandan  cənab İlham Əliyevin döyüşlərə şəxsən rəhbərlik etdiyindən, Zəfərdən sonra torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən dövlət  qayğısından danışdı.

Söz İsmayıllı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Nəsimi Teymurova verildi.  O da  cəsur döyüşçü Aqilin Murovdağdan, Cəbrayıldan, Füzulidən, Hadrutdan keçən döyüş yolu barədə ətraflı məlumat verdi.  Bildirdi ki, həmişə hər işin önündə gedən Aqil 2020-ci il oktyabr ayının 20-də səhər saatlarında Xocavənd rayonunun  Tuğ kəndində gedən döyüşlərin ön sırasında şəhid olub. 23 oktyabrda nəşi anadan olub, boya-başa çatdığı  İsmayıllıya gətirilərək, böyük izdihamla Şəhidlər xiyabanında dəfn olunub.

Aqilin oxuduğu 1 nömrəli tam orta məktəbinin şagirdi Arzu Abdullayeva ölməz şəhidlərimizə həsr olunmuş şeir səsləndirdi. O, səsləndirdiyi şeirilə sanki, torpaqlarımızı illərlə işğalda saxlamış, say-seçmə oğullarımızın həyatlarına son qoyulduğuna görə kövrək qəlbi var-gücü ilə üsyan  edirdi. O, ürək ağrısını, göz yaşlarını şeir bitənə kimi gizlədə bilmədi. Tədbir iştirakçılarının çoxu dözməyib, qeyri-ixtiyari bu məktəbli qıza qoşulmuşdular.

Şəhid analarından Əminə xanım, Çərkəz ana ürək ağrısı içində Aynurə anaya təsəlli verdilər, səbir dilədilər. Övlad itkisinin sağalmayan yara olmasına baxmayaraq, onların Vətən yolunda şəhid olmalarından qürur duyduqlarını dedilər.

Şəhidlərə həsr olunan tədbirlərdə İsmayıllı bələdiyyəsini təmsil edən Ülviyyə  Zeynalova Aqili hələ kiçik yaşlarından böyüklərə, kiçiklərə qarşı rəftarından, dərslərini yaxşı oxumasından, çox çalışqan, vətənpərvər şagird olmasından danışdı. Yetərincə savadlı olduğunu söylədi. Savadlı olduğuna görə 613 balla İqtisad Universitetinin mühasibat uçotu və  audit fakültəsinə qəbul olmuşdu. Ali təhsil almaqla yanaşı, gecələr xərcliyinə lazım olacaq pulu valideynlərindən istəməmək üçün işləyirdi də.

Şəhid ataları da bir ömür boyu oğul itkisinin ağrısı ilə yaşamaqlarına baxmayaraq,  övladları sarıdan qürur duyduqlarını, şəhidlərimizin qəhrəmanlıqlarını gənc nəslə çatdırılmasının vacibliyindən danışdılar.

Bəli, Aqil kimi oğullar evdən yox, eldən getdilər. Ana torpağı qorumaq yolunda şəhid olmaları ilə Vətəni, ana-bacılarının qeyrətini, mənəviyyatımızı, Azərbaycanımızı bütün dünyaya tanıtdılar. Aqil şəhid olması ilə əsil Azərbaycan övladı, qeyrət, hünər simvoluna çevrildi.

O, cəsur döyüşçü kimi “3-cü dərəcəli Rəşadət ordeni”, “Kəlbəcərin, Füzulinin, Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”,  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Aqilin cənnətdəki doğum günlərindən birinin iştirakçısı olaraq, ürək ağrısıyla, həm də qürurla Aqilin, eləcə də digər şəhidlərimizin daim yad ediləcəyini, əsrlər keçsə belə heç zaman unudulmayaclarını mən də ifadə etdim. Onlar əbədiyaşar, dünya durduqca ruha ətir saçan cənnət mələkləridirlər.

Ölməz şəhidlərimiz, biz sizləri boya-başa çatdıran valideynlərinizin, sizə Vətən sevgisi  aşılayan müəllimlərinizin qarşısında baş əyirik. Cənnətdəki ad günün mübarək, Aqilim.

Sonda hamımızın sevimlisi – Lətifə Əliyevaya Aqil balamız haqqında, eləcə də rayonumuzun digər  şəhidləri barədə məlumatlar verilmiş “Göyərçinə dönən qəhrəman” adlı kitabı ərsəyə gətirdiyinə görə, çoxsaylı oxucular və öz adımdan minnətdarlıq edirəm.

Çərkəz Abdullayeva

Bir yanıt yazın