Sadəlik də gözəllikdir. Bu gözəllikdə həyatın bütün boyaları, naxışları var. Sadəlik heç də adilik, sadəlövhlük demək deyildir. Sadəlikdə adi baxışlarla görüb, sezə bilmədiyimiz qədərsiz dəyərli və insani keyfiyyətlər var. Müdrik adamlar sadəliyin xeyirxahlıqdan xəbər verdiyini, doğulduğunu  söyləyirlər. Məncə, belə düşünənlər heç də yanılmırlar.

Sadəlik həm də gerçək həqiqətdir. Çünki, bu gerçəklikdə olan hər şey göz önündədir və izahatsız  görünür. Sadəcə, bunu duymaq və görmək lazımdır.

Esmira Sahib qızı İslamovanı görənlər xidmətindən yararlananlar onu məhz sadə, qayğıkeş, işinə qəlbən yanaşan bir xanım kimi tanıyırlar. O, artıq uzun illərdir  ki, “AzəriQaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin İsmayıllı rayon bölməsində texnik-operator kimi fəaliyyət göstərir. Bu gənc xanım sadə peşəsi ilə fəxr edir və idarəyə qazla bağlı hər hansı səbəbdən müraciət edənlər üçün əlindən gələni əsirgəmir. İdarəyə daxil olan məlumatları, şikayət və xahişləri diqqətlə dinləyir, qeydlər aparır və vaxt itirmədən əlaqədar şəxs və ünvanlara çatdırır.

Esmiranın iş otağındakı səliqə-sahmanın özü onun necə diqqətcil, işinə ürəkdən yanaşan bir sadə peşə adamı olduğunu göstərir. İşini, peşəsini sevmək bir çoxları üçün Vətənini, xalqını, ailəsini sevmək deməkdir. Bu fikirləri Esmira İslamovaya bütünlüklə şamil etmək olar.

Esmiranın ən diqqət çəkən xüsusiyyətlərindən  biri, onun gülərüz, şirindil olmasıdır. Sadəliyindən doğan bu ali hiss ona iş vaxtı hər zaman hakim kəsilir. O, işinə vicdanla yanaşır, gördüyü işdə ilk önəm verdiyi məqam dövlət-vətəndaş məmnunluğu yaratmaqdır. Ona müraciət edənlərin hər biri söhbətinin, müraciətinin sonunda ürəkdən təşəkkür etməyi özünə borc bilir. Maraqlı budur ki, o, qəbul etdiyi şikayət və müraciətlərin hər biri ilə birinci tərəf kimi maraqlanır. Çünki qeydiyyata aldığı hər bir məsələdə ilk növbədə özünü cavabdeh sayır. Axı hər söhbətin sonunda vətəndaşı ümidvar edir ki, onu narahat edən məsələ tezliklə həll olunacaq. Bu məsuliyyət hissi onu narahat etsə də, sonda yalnız bu halda özündən razı qalır. Hər müraciətin sonunda hamı ona: Allah səndən razı olsun! – deyir. Elin xeyir-duasını qazanmaq da bir dəyərdir.

Adamlar çox zaman peşəsi, gördüyü işlə tanınır. Çünki onu bu peşəyə sahib olmağa əqidəsi, mənəviyyatı, əxlaqı səsləyir. Vicdanının səsinə qulaq asan, sadə əmək adamı peşəsini sevdiyi kimi, dünyamızı, insanları da sevir. Məgər yaşamaq üçün lazım olan ən böyük dəyərlərdən biri elə bu deyilmi? Texnik-operator işləyən Esmira xanıma  uğurlar arzulayır, bu sadə, lakin genişürəkli peşə adamına sağ ol deyirik. Çünki onun həyatda əsas vəzifəsi kimlərəsə kömək edib, əlindən tutmaq, ehtiyaclarının ödənilməsində bir sadə işçi kimi böyük əmək  sərf etməkdir. Esmiranın başqalarını sevindirdiyi kimi, özünün də sevinməyə haqqı var. Haqqında yazılan bu kiçik yazı ilə ona işin avand olsun deyirik.

Təranə Məmmədova,

İsmayıllı şəhər sakini

Bir yanıt yazın