Hörmətli Lətifə xanım, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Siz zəngin həyat təcrübəniz, yüksək təşkilatçılıq bacarığınız və ictimai fəaliyyətinizlə nümunəvi bir ömür yolu keçmisiniz.
Fəaliyyətinizin ilk illərində peşəkar jurnalist olaraq, milli-mənəvi dəyərlərin təbliği, ictimai maarifləndirmə və sosial məsələlərin işıqlandırılmasında fəal iştirak etmiş, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq ictimai şüurun formalaşmasına əhəmiyyətli töhfələr vermisiniz.
Qələmə aldığınız yüzlərlə məqalə və müəllifi olduğunuz kitablar geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmış, onların maarifləndirici və vətənpərvərlik ruhlu məzmunu yüksək dəyərləndirilmişdir.
Artıq on ildən çoxdur ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru kimi gördüyünüz işlər, göstərdiyiniz təşəbbüslər və səmərəli rəhbərliyiniz sayəsində mərkəzin fəaliyyəti etimad və rəğbət qazanmışdır. Peşəkarlığınız, insanlara olan diqqət və həssas münasibətinizlə həmkarlarınıza örnək olmusunuz.
Xüsusilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ölkədə fəaliyyət göstərən digər mərkəzlər üçün nümunəyə çevrilmiş, mərkəzə səfər edən heyətlər və ictimaiyyət üçün maraq doğuran uğurlu təcrübə məkanı olmuşdur.
Uşaqların, qadınların və ailələrin, xüsusilə də cəmiyyətin həssas təbəqələrinin rifahı və hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yorulmadan çalışırsınız.
Sizin təşəbbüs və rəhbərliyinizlə həyata keçirilən layihələr, maarifləndirici tədbirlər, sosial və psixoloji xidmət proqramları ailələrin və gənclərin həyatında müsbət dəyişikliklərə səbəb olmuş, çətin həyat şəraitində olan insanlara real dəstək vermişdir.
Bütün bu fədakar əməyiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və Siz “Tərəqqi” medalı ilə təltif edilmisiniz.
Siz eyni zamanda, qayğıkeş ana və mehriban nənə kimi ailə dəyərlərinin qorunması və nəsillərarası bağların möhkəmlənməsində xüsusi rol oynayırsınız. Həyat yolunuz və ictimai fəaliyyətiniz yüksək mənəvi dəyərlərin təcəssümü kimi cəmiyyətə örnəkdir.
Hörmətli Lətifə xanım, Sizi bir daha öz adımdan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.
Hörmətlə:
Bahar Muradova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bakı 2025

