İnsanları bir-birinə yaxınlaşdıran onların əqidəsi, dünyagörüşü, mənəvi keyfiyyətləridir. Bütün bunlar uyğun gələndə insanlar bir-birilə ünsiyyət tapır, doğmalaşır. Nəbi müəllimlə məni birləşdirən əqidə birliyi, təmənnasızlıq, xeyirxahlıq və insanpərvərlikdir. Bir də uzun müddət dostluq etdiyim (Allah rəhmət eləsin) Vidadi Nəzərov olmuşdur. O, Nəbi müəllimi mənə tanıtmış, doğmalaşdırmışdı. Həmcinin doğmalarım- Ətraf Ələkbərov və Firidun Süleymanov Nəbi müəllimlə dost və yaxın olduqlarından, məni də o dostluğa qəbul etmişlər…
Tanınmış ziyalı, müxtəlif vəzifələrdə ləyaqətlə çalışan və müdriklik zirvəsinə ucalan, vətənini sevən, səmimiyyəti ilə fərqlənən Nəbi belə vətəndaşdır. Həyatı boyu aydın vətəndaşlıq mövqeyi sərgiləyərək bir insan kimi bilik və bacarıqlarını ölkəmizin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərməyə həsr etmişdir.
Nəbi Qədimov milli dəyərlərimizə yüksək yer ayıran İsmayıllı rayonunun Diyallı kəndində 12 dekabr 1955-ci ildə zəhmətkeş, Allah adamı Sədir kişinin ailəsində dünyaya göz açmışdır. Orta təhsilini anadan olduğu Diyallı kənd tam orta məktəbində alıb. Məktəbi bitirən Nəbi Qədimov 1972-73-cü tədris ilində sənədlərini Azərbaycan Pedoqoji İnstitutunun UTF və fizika fakültəsinə verərək qəbul olunub. 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Nəbi hələ orta məktəbdə oxuyanda dərs oxumağa çox həvəsli olub. Mütaliəyə çox yer ayırıb. Gününün çoxunu kitabxanalarda keçirib.
N.Qədimov əmək fəaliyyətinə Lahıc qəsəbə tam orta məktəbində başlayıb. Müəllim kimi ilk dəfə məşhur olan bu elm ocağında əlinə jurnal alıb sinfə girib. Onun yetişməsində Lahıc qəsəbə orta məktəbinin o zamankı müəllimlərinin böyük rolu olub.
1978-80-ci illərdə Nəbi müəllim Sovet Ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətini yüksək səviyyədə keçirən Nəbi Qədimov 1981-ci ilin 1 sentyabrından İsmayıllı rayonunun Diyallı kəndində Səməd Vurğun adına sovxozda Həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilib.
1987-92-ci illərdə irəli çəkilərək Təzəkənd kəndində yerləşən Cavanşir adına sovxozun direktoru vəzifəsinə təyin edilmişdir. Həmin illərdə Nəbi müəllim ikinci təhsil almaq üçün Kirovabad indiki Gəncə şəhər Kənd Təsərrüfatının İnistutunun indiki Akademiyada mühəndislik fakültəsində təhsilini davam etdirmişdir.
Nəbi hər zaman saflığı və sözübütövlüyü ilə fərqlənib. Lap əvvəldən özünə və ətrafdakılara çox tələbkar olmuşdur. Həyatda kövrək, irəyiyumuşaq olsa da, iş prosesində prinsipiallığı ilə diqqət çəkmişdir.
1992-1994-cü illərdə Səməd Vurğunun adına sovxozun direktoru, Əzizbəyov adına Üzüm Emalı Zavodunun direktoru vəzifələrində işləmiş, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmuş, 2010-cu ildə İsmayıllı rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsini icra etmiş, 2011-2020- ci illərdə Keyvəndi kənd tam orta məktəbinin müəllimi və direktoru vəzifələrində çalışmışdır. 2020-ci ildən Nəbi müəllim təqaüdçüdür.
Nəbi Qədimov harada çalışmasından asılı olmayaraq düzə düz, əyriyə əyri baxmışdır. İşini sevmiş, onun vurğunu olmuşdur. El-obada həmişə sözü keçərli olub. Süfrəsindən qonaqları əskik olmayıb. Ailəcanlı, dostsevər olmaqla bərabər yurduna, elinə-obasına böyük məhəbbəti olub.
Nəbi müəllim bacarıqlı təşkilatçı, mütəxəssis kimi də çalışdığı kollektivlərdə daim fərqlənib. Güclü hafizəyə, məntiqi nitqə və mədəni rəftara malik vətəndaşdır. Şükürlər olsun ki, bu gün də elədir. Onda olduğu kimi, indi də harada olsa, hansı məclisdə iştirak etsə, onu başa çəkib yer və söz verirlər.
Keçdiyi şərəfli ömür yolunun əvvəli də, sonu da müəllim kimi fəaliyyət göstərən N.Qədimov ömrünün çox hissəsini təhsil işinə həsr edib. Bu gün Nəbi müəllimin yüzlərlə yetirməsi var. Onu pedaqoji fəaliyyəti, təcrübəsi, peşəkarlığı həmişə başqalarına nümunə göstərilib. Çalışdığı kollektivlər onu çox sevir, hörmətini saxlayırdılar. Biz də onunla həm sədir olanda, həm də məktəbdə direktor vəzifəsində çalışanda çox görüşmüşük. Həmişə səmimiyyətini, saflığını, sözübütövlüyünü və qayğısını görmüşük.
Nəbi müəllim dosta, tanışa gərək olan xeyirxah, Allah adamıdır. Övladları da ona başucalığı gətirən, hörmət sahibləridirlər.
Həyatda hər adamın bəxtinə yaxşılıq və xeyirxahlıq düşmür. Nə də hər adam camaatın hörmətini qazana bilmir. Tanıyanlar Nəbi müəllimin böyük ürək sahibi olduğunu qeyd edirlər.
Uzun müddət onunla dostluq edən Ətraf Ələkbərov biləndə ki, Nəbi müəllim haqqında yazıram. Xahiş etdi ki, bu fikirləri də yazıya əlavə edim:
– Nəbi müəllim insanlara qayğısı, məhəbbəti ilə seçilən, ən çətin anlarda yanında olan dostdur. Gözəl qəlbli, müsbət aurası, yüksək bacarıqlı, təşkilatçı insandır. Allah elə bil onu yalnız xeyir, savab işləri görmək, insanlara kömək üçün dünyaya gətirib. Onun simasında müəllim, pedaqoq, rəhbər, ağsaqqallıq, kimi xüsusiyyətlər, sadəlik, təvazökarlıq, yüksək mədəniyyət və əsl ziyalılıq var.
Nəbi müəllimlə tez-tez bir yerdə olan Firidun Süleymanov Nəbi müəllim haqqında:
– Uşaqlıq dostumdur. Şükürlər ki, bu gün bu dostluğumuz davam edir. Nəbi müəllim ömrünü elmə, təhsilə, ailəsinə, dostlarına, millətinə, vətəninə və dövlətinə həsr edib. Geniş ürək sahibi olan Nəbi müəllimin böyüklüyü onun səmimililiyində, sadəliyindədir. O, insanlığı, ədəb-ərkanı və əxlaqı ilə seçilən, həmişə həyat haqqında düşünən, qohum-qardaşa kömək edən eloğludur. Övladlarını əsl insan kimi yetişmələri üçün hə an, hər zaman çalışıb. O, əqidəcə saf, tədbirli, təəssübkeşdir. Fürsətdən istifadə edib bacarıqlı, nüfuzlu, işgüzar dostumu ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Nəbi Qədimovu hamının gözündə ucaldan onun mənəvi zənginliyi, xeyirxahliğı, qədirbilənliyi və gözütoxluğudur. O, ömrünün arxada qalan illərini təmiz və pak adla yaşayıb.
Nəbi Qədimov nümunəvi ailə başçısıdır. Beş qızı, bir oğulu var. Nəbi müəllim onlarla fəxr edir. Nəbi müəllim on bir nəvəsini də saf və təmiz olmağı aşılayır. Onlarla qürur duyur.
Hacıməmməd Məmmədov

