(Esse)

 

Vətən – insanın doğulduğu torpaq, qəlbində izlər buraxan, hər bir bucağı xatirələrlə dolu bir yerdir. Bu yeri tanımaq, gözəlliklərini, mədəniyyətini, adət-ənənələrini, insanlarını sevmək, xalqın, millətin və ya hər kəsin həyatında yüksək dəyəri olan hissdir. Vətən sevgisi, yalnız bir yerə bağlılıq deyil, o həm də insan ruhunun hər an hiss etdiyi, onun varlığını formalaşdıran, möhkəmləndirən bir duyğudur.

Bir zamanlar doğulduğu kənddə, dağların ətəyində, dəniz sahilində oynayıb böyüyən, daşların, çiçəklərin, ağacların özünəməxsus hekayəsini bilən bir uşaq vardi. O, kəndin küçələrində qaçar, ətrafını kəşf edər, hər günün sonunda göy üzünə açılan qapıdan ulduzları izləyirdi. Ulduzların altında babalarının  gəzdiyi torpaqlarda böyüyənləri, qəlbinə vətənin zəngin tarixi hopmuş qəhrəmanları, onlarla bağlı əhvalatları, bu torpaqda həyat tapan insanların əzmini, fədakarlığını düşünərdi.

Uşaq böyüdükcə, onun Vətən sevgisi adi hissdən dərin bir fəlsəfəyə çevrilirdi. Onun  balaca qəlbində Vətən sevgisi, doğma yurdunun bütin gözəlliklərini bir yerə cəmləmişdi. Dağlar, çaylar, meşələr, düzənliklər birləşib bütövləşmişdi. Bu hisslərə bağlılıq – Vətəni sevgisi gündən-günə güclənirdi.

Günlər keçdikcə o uşaq böyüdü, ali təhsil almaq üçün böyük şəhərə yola düşdü. Lakin ilk dəfə ayaq basdığı torpaqdan uzaqlaşdıqca, qəlbində narahatlıq, boşluq hissi yaranmağa başladı. Şəhərdə – böyük binaların arasında, hay-küylü küçələrdə hər şey sanki cansız və soyuq idi. İnsanların biri-birini salamlamadan, harasa tələsməsində bir mənasızlıq olduğunu düşünürdü. Çünki balaca kəndi ona isti qucağı xatırladır, daha dolğun, daha geniş görünürdü.

Bir gün böyük şəhərin ən yüksək binasının pəncərəsindən baxarkən, gözlərinə görünən də elə kəndləri oldu. Saysız-hesabsız xatirələr gözləri qarşısında canlandı. Kənddəki o sükunət, sadə kənd sakinlərinin, ailə üzvlərinin üzündəki səmimi təbəssüm, dostların gülüşü, dağlardan gələn küləyin ətrafa yaydığı xoş ətir  və daha nələr yaddaşını yeniləyirdi. İndi onun üçün Vətən yalnız torpaq deyil, eyni zamanda onun üzərindəki  insanlarının varlığının – xeyirxah ruhunun, əzəmətinin təcəssümü idi.  Bu anda Vətən hissə, duyğuya çevrilmişdi onun daxili aləmində.

Bir gün itirdiyi rahatlığı tapmaq ümidiylə kəndə qayıtdı. Qəribə səslənsə də, elə kəndə burulan yolda özünü başqa birisi kimi hiss etdi.  Xoşbəxtlikdən balaca kənddə hər şeyin olduğu kimi qaldığını, sanki burada zamanın keçmədiyini duydu, qoyub getdiyi hər şeyin onu gözlədiyini anladı. Burada torpağın hər qarışında –  daşda, ağacda bir üsti nəfəs, bir sədaqətli övladın hissləri, bir ananın duası vardı. O hissləri dəyərləndirənlər hər zaman ucalmış, unudanlar isə heç zaman uğur qazana bilməmişdir.

Bir gün fikrə dalıb Vətənin dağlarına baxarkən, o, sevginin nə olduğunu anladı. Vətən sevgisi sadəcə bir parça yerə olan bağlılıq deyil, bir ömrün hər anında özünü tapmaq, tanıtdırmaqdır. Vətənə sevgi anaya sevgidir. Tükənməz eşqdir. Borc deyil, əbədi bağlılıqdır.

O, bu düşüncələr içində doğma yurdunun gözəlliklərini, hər daşın altında gizlənən tarixi daha dərindən hiss etməyə başladı. Beləcə, Vətənin hər bucağında babaların qəhrəmanlarını gördü, hər addımda onların əzmkarlığından ilham aldı. Dərk etdi ki, Vətəni sevmək hələ hər şey deyil, onu qorumaq, yaşatmaq, gücləndirib gələcək nəsillərə çatdırmaq lazımdır.

O gündən Vətən sevgisi onun qəlbindəki ən böyük dəyər, həyatının mənası oldu. Hər gün bu torpağın üzərində gəzərkən, onun hər hansı çiçəyinə, daşına toxunarkən, o sevgi, o ehtiram və etiqad həyatının bsş şüarı oldu. Vətəninə olan sevgisi, heç azalmadı, əksinə, zamanla daha da gücləndi. Bu sevgi, ona həyatın hər anına əzmkarlıq və fədakarlıqla yanaşmağı öyrətdi. Vətən sevgisi, insanın özünü tapması və doğma yurda qarşı duyduğu dərin hissi dəyərləndirə bilməsidir.

O uşaq böyüyüb bir vətəndaş oldu. İndi o özünü vətəninin bir parçası kimi hiss edir. Bilir ki, Vətən sevgisi, sadəcə bir duyğu deyil, yaşadıqca gerçəkləşən, artan bir sərvətdir.  Biz bu Vətənin vətəndaşları olmaqla, həm də onun varisləriyik. Hər birimizdə bu bənzərsiz Vətənə qarşı dərin hissiyat, bir parça vərəsəlik hissi və segisinin olması əsl xoşbəxtlikdir. Bu hiss, bu sevgi həyat var ikən nəsildən-nəsilə ötürüləcək ən qiymətli mirasdır.

Səma Mehdiyeva,

3 nömrəli məktəb-liseyin şagirdi

Bir yanıt yazın