Azərbaycan Respublikasının Prezidenti Qarabag həqiqətlərini dünya mediyasında geniş işıqlandırdığım üçün bəndənizi yüksək dövlət mükafat, Heydər Əliyev adına medalla təltif edib.
Tərtibata görə ordenlərdən sonra digər medallardan öncə taxılan, yeni təsis olunan ən yüksək statusa malik mükafat olması anlaşılır.
Gecə Bakıdan, İlham Əliyevin Administrasiyasından mükafat haqqında xəbər gələndə donub nə deyəcəyimi bilmədən:
-Yaxşı araşdırıb baxın, bəlkə oxşar familiyadır, “mən artist deyiləm ki”, – dedim.
Doğrusu, əvvəl inanmadım. Çünki Azərbaycan dövlət mükafatına Özbəkistanda yalnız artistlərin layiq görülməsi adət halını alıb.
Bəlkə Bakıdan Özbəkistana qayıtdığım üçün uşaqlar zarafatlaşırblar, deyə düşündüm. Prezident idarəsindəkilər də gülüşdülər. Naqolay vəziyyətdə qaldım. Uzrxahlıq edib, vəziyyəti anlamağa cəhd göstərsəm də, xeyli xəcalət çəkdim. Lakin Administrasiyadakılar:
-Şöhrət müəllim, biz sizi yaxşı tanıyırıq, siz jurnalistsiniz. Kitablarınız, məqalələriniz açıqlamalarınız, sənədli filmləriniz, mediya layihələrinizlə də tanışıq. Narahat olmayın, mükafat sizin adınıza verilib, təşəkkür və təbrik edirik, – deyib sağollaşdılar.
Tam inanmadım. Kimdirsə zarafat edir, fikri ilə həmin gecə Bakıya zəng edib, şagird və həmkarlarımla söhbət etdim. Doğru imiş.
Səhər açılanda Azərbaycanın Özbəkistandakı Səfiri də zəng edib şəxsən təbrik etdi. Qəribə əhvala düşdüm.
Doğrusu, gözləmirdim. Lakin Qarabağln Azərbaycanın haqqı olmasına və bu torpaqları qaytarıb alacağına zərrə də şübhəm olmayıb.
Ən mühümü, mənim Özbəkistanımın bu müharibədə susub kənarda duran dövlət olmaması düşüncəsi ilə hərəkət etmişdim. Niyyətim də, məqsədim də Azərbaycanla birgə bütün Türk dünyasının Qarabağda Zəfər qazanmasını görmək istəyi idi.
Şanlı və şərəfli Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qalib gəlib, Zəfər dastanını yazdı!
Həqiqət qərar tapmayınca fəaliyyətimi dayandırmayacağam, – deyib özümə söz vermişdim. Axıra qədər həqiqətləri dedim və həqiqət qərar tapıb özünü göstərdi. Xoşbəxtəm!
Allaha şükür ki, xoş niyyətə yetən, döyuşdə sona qədər qardaşların tərəfində duran özbək jurnalisti olub dövlət başçısı tərəfindən diqqət göstərilib mükafatlandırıldım.
Bu mükafat mənə verilsə də, mənim böyük sədaqətimin yiyəsi olan özbək xalqımındır! Özbəkistan xalqı Birinci Garabağ müharibəsi dövründə də, İkinci Qarabağ müharibəsində də Azərbaycan Respublikasını həm rəsmi tərəfdən, həm də şəxsiyyətlər tərəfindən yüksək dərəcədə dəstəkləyib, qüvvətləndirib durdu.
Özbəkistan və Azərbaycan arasındakı münasibətlərin yüksək dərəcəyə qaldırılması üçün Vətənimə və Türk dünyasına xidmət etdim, nəticəsini də görmək nəsib oldu. Hazırkı gündə də görməkdəyəm.
Gələcəkdə də inşallah, türk xalqlarının tərəqqisi üçün xidmət edəcəyəm. Bu mənim insanlıq vəzifəm və kişilik borcumdur!
Mətni Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu