***

Allahım, qəlbimdə Sənin adın var,

Tap axşam, mən qonaq gəlsəm, dedi yar.

Qəlbimə girərsə, xəyallarımı,

Qəsb edib özünə ram etsin dildar.

 

Yadından bircə an çəkilsəm kənar,

Dərdtək gəlməzsənmi, ey Pərvərdigar?

Allahım, könlümdə dosta guşə var,

Orda sirli adın zikr olunar.

 

Kövrək anlarımda haraylar çəkən

Əbədi nəğmə var, Özün dinləyən.

Beləcə, azacıq haray çəkəndə,

Qəlb coşsa… ixtiyar verərmisən Sən?

 

Allahım… qəlbindən getmərəm – dedi

Ölümlə səndən yan keçmərəm- dedi.

Bizim gen ürəkdə Allah dinc yaşar,

Allah adından eşq içmərəm dedi…

 

Olarmı, adınla  bir görüşərik,

Sirli səsdən qalxıb, qalaram ayıq.

La ilahə Allah, biz bəxtə şərik,

Sənin adın ilə yaşamaqdayıq

 

Qəsd

 

Ayaq səslərini qəlbim hiss edər,

Buxartək yüngülcə gəlirsən asan.

Sirli gəlişinə uydum bu qədər,

Cin kimi qəfildən yoxa çıxırsan.

 

Gözümü yumuram, bəxtsiz ürəyim,

Səni güzgüsündə göstərir mənə.

Kirpiyin tərpənsə, bağlanır yolum,

Unutdun,  öyrədib saçın ətrinə.

 

Sığallandı başım dizində, güldün,

Sakitcə ovsunlar deyib, sarmaşdın.

Güldükcə canımın bağların yoldun,

Qəlbimi zəbt etdin, həddini aşdın.

 

Səndən başqasını görməz gözlərim,

Dəli-divanəyəm, həm eşqinlə məst.

O al dodaqlardan zəhər daddırıb,

Bir gün öldürəcək, edəcəksən qəsd!..

 

***

Bu qədər gözəlsən, bunca işıqlı,

Səninlə yarışda könlüm, rəng-ruhum.

Hədsiz gözəllikdən səssiz gülürsən,

Nurlanıb getməkdə haqqında duyğum.

 

Haqqında düşünsə, cavanlaşır qəlb,

Yerini fərəhə  boşaldır nida,

Nurundan güc alıb, şükür deyirəm,

Gözünü qəlbimdə aç Sən, ey Xuda!

 

Bu qədər gözəlsən, bunca işıqlı…

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir