İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbulun gedişində müraciət edənlərin istək və təklifləri dinlənilib.
Müraciətlərin çoxunu işlə təminat, mənzil şəraitinin, sosial durumun yaxşılaşdırılması, müəyyən sənədlərin qaydaya salınması məsələləri təşkil edib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün əlaqədar icraçılara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib. Başçı qeyd edib ki, vətəndaş müraciətinin müsbət həlli dövlət-vətəndaş münasibətinin tələblər səviyyəsində olmasına, xüsusilə də vətəndaş məmnunluğuna əsaslı zəmin yaradır. İdarə, müəssisə rəhbərləri, ümumiyyətlə, hər bir məmur bu vacib məsələyə diqqətlə yanaşmalıdır.