Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektoru üzrə Qoşakənd kənd tam orta məktəbində artıq 3 aydır ki, VII qrant müsabiqəsi çərçivəsində biri fərdi, digəri isə məktəb kateqoriyası üzrə qalib gəlmiş iki layihə həyata keçirilir. Hər iki layihə şagirdləri müxtəlif fəaliyyətlərə cəlb etməklə onların daha yaxşı təhsil almasına və tərbiyə olunmasına, asudə vaxtlarının səmərəli təşkil edilməsinə, sağlam və hərtərəfli inkişaf etmiş vətəndaşlar kimi yetişməsinə xidmət edir.
22 dekabr 2023-cü il tarixində fərdi kateqoriya üzrə qalib gəlmiş “Sağlam gənclik sağlam gələcək deməkdir” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə kənd icma nümayəndələri, müəllim kollektivi, şagirdlər və digər məktəblərdən dəvət olunmuş qonaqlar iştirak edibər. ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da dəvətlilər sırasında olub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Ziyəddin Mövlamov sağlam gələcəyin qarantı olan sağlam gəncliyin yetişdirilməsində layihə çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Sonra söz layihə rəhbəri Məlakə Mövlamovaya verilib. O, qeyd edib ki, həyata keçirilən layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq edən fəaliyyətlərə cəlb edilməklə sağlam gəncliyin yetişdirilməsi olmuş və bu məqsədə çatmaq üçün layihənin işinə cəlb edilmiş komanda səmərəli fəaliyyət göstərmişdir.
Daha sonra çıxış edən layihənin eksperti Sevda İsmayılova, təlimçilər Hüseyn Əsgərov və Adil İskəndərov tədbir iştirakçılarına layihə boyu görülən işlər barədə ətraflı məlumat veriblər.
ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələrində Qoşakənd kənd tam orta məktəbinin son illərdə qazandığı uğurlardan söz açıb və bugünədək qazanılan 7 layihədən üçünün rəhbərinin məhz Məlakə müəllim olduğunu vurğulayıb. O, həmçinin həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb və kollektivə yeni-yeni uğurlar diləyib. Digər çıxış edənlər də layihədə nəzərdə tutulmuş məsələnin cəmiyyətimiz üçün vacibliyini vurğulayıb və belə bir mövzuda layihə yazdığı üçün layihə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda layihə rəhbərinə, ekspert və təlimçilərə Həmkarlar Komitəsi və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanlar təqdim olunub.
Hüseyn Əsgərov
məktəbin müəllimi