Azərbaycanın 44 günlük müharibə təcrübəsini bu gün həm də dünya üçün maraqlı edən ordumuzun heç bir müharibə cinayəti törətmədən, beynəlxalq konvensiyalara əməl edərək, mülki əhaliyə ziyan vermədən aparmasıdır.
Düşmənin etdiyi vəhşiliklərə, cəsədləri belə təhqir etməsinə, yandırmasına, əsirlərə işgəncə verməsinə və bunu sosial şəbəkələrdə yaymalarına baxmayaraq, Azərbaycan döyüş meydanında müharibəni mərdliklə, qanunlara uyğun apardı.
Həmçinin, hərbi əsirlərə qarşı davranışda da bütün normalara əməl edilib. Onlar normal şəraitdə saxlanılıb, tibbi xidmətlə təmin ediliblər.
90-cı illərdə birinci Qarabağ müharibəsi zamanı da Azərbaycan hərbçiləri heç vaxt mülki insana atəş açmayıb, işgəncə verməyib, müharibə cinayəti törətməyib. Ermənistandakı hakimiyyətlər isə daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçib. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə öldürülən mülki insanlar Ermənistan rəhbərliyində olanların törətdikləri cinayətlərə sübutdur.
Azərbaycan Prezidenti bildirib ki, 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır: “Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”.
Müharibə dövründə, hətta Ermənistan ərazisi ilə Qarabağa gələn xarici jurnalistlər də öz məqalələrində Azərbaycan Ordusunun hədəflərinin hərbi obyektlər olduğunu etiraf etmişdilər.
Bu gün bütün dünya Ermənistanın vəhşiliyinə, barbarlığına şahidlik edir.
Azərbaycan hazırda Ermənistan tərəfindən 30 illik işğal dövründə dağıdılmış, viran qoyulmuş ərazilərimizin bərpası üzərində işləyir, Qarabağ yenidən qurulur, yenidən tikilir. Ölkəmiz regional əməkdaşlıq üçün 3+3 formatını irəli sürməklə sülhün, sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Ermənistanda isə revanş bəyanatları, müharibə çağırışları səsləndirilir. Dünya bu dəfə də Azərbaycanla Ermənistanın fərqini görür. Artıq “Qarabağ Azərbaycandır!” və bu, əbədi belə olacaq.
Günel Muradova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ingilis dili müəllimi