Dünya xəritəsində Azərbaycan kiçik bir dövlətdir, lakin tarix boyu Azərbaycan xalqının başı çox dərdlər çəkmiş,bu torpaq çox bəlalar görmüşdür.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 20 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına,hətta ən tanınmış hərbi mütəxəssislərin belə Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan ordusu mümkünsüzü mümkünə çevirdi. Azərbaycan ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
Bu döyüşlərdə ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçularımız “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzulidə də bərpa və quruculuq işləri davam edir. Əminik ki, Füzuli rayonu da ən qısa müddətdə öz sakinləri ilə firavan günlərinə qovuşacaqdır.
Fidan Oruclu
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi