Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 km²-dir və Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın digər əraziləri kimi Füzuli rayonu da strateji əhəmiyyətinə görə hər zaman yurdumuza göz dikən mənfur düşmənlərin maraq dairəsində olmuşdur. Rayon 1993-cü ildə Avqustun 23-ü erməni işğalçıları tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş, Heydər Əliyevin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə 2020-ci il Vətən müharibəsində 17 oktyabr 62 yaşayış məntəqəsi ilə birgə rayon ərazisi düşmən tapdağından tamamilə azad edilmişdir.
İri yaşayış məskənlərindən olan Füzulinin yenidən Azərbaycanın dilbər guşələrindən olması üçün Prezident İlham Əliyev rayonun yeni inkişaf dövrü üçün irimiqyaslı layihələrin icra olunmasını göstəriş vermiş və tez-tez Füzuliyə etdiyi səfərlər zamanı görülən bütün işlərlə daha yaxından tanış olmuşdur.
Burada cəmi səkkiz ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər yolu” ilk irimiqyaslı infrastruktur layihələrindəndir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində və Füzuli şəhər yaşayış komplekslərində yaradılmış gözəl şərait öz doğma yurd-yuvalarına qayıdan əhalinin əmin və rahat yaşayışını təmin edir.
Füzuli şəhərinin Baş planına əsasən Horadiz-Ağbənd, Ağdam-Füzuli, Füzuli-Hadrut avtomobil yollarının inşası, təməli qoyulan 180 çarpayılıq xəstəxana, 960 şagirdin təhsil ala biləcəyi yeni məktəb binası, şəhərin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksi və digər əhəmiyyətli layihələr, təməli qoyulan kəndlər regionun simasının dəyişməsinə, yenidən canlanmasına, insanların əmək fəaliyyətinin artmasına səbəb olacaq, gözəl diyarımız inkişafı ilə Azərbaycanın çağdaş mədəniyyəti və iqtisadiyyatına öz töhfələrini verəcəkdir.