30 il erməni işğalı altında qalan torpaqlarımız Ali baş komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan ordusunun gücü hesabına işğaldan azad edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Hər keçən gün Azərbaycan xalqı bu müqəddəs tarixə doğru yaxınlaşırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Bu gün ölkəmizin hər bir bölgəsində eləcə də, Xankəndində, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Onlar bizim qürur mənbəyimizdir.
Azərbaycanın bütövlüyü uğrunda ölümün gözünə dik baxan, əbədi Zəfər uğruna canından keçən qəhrəman oğullarımızı bu xalq heç vaxt unutmayacaq. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.