Elə anlar olur ki, onu illərlə arzu edirsən. Yel qanadlı illər bir-birini əvəz edir. İstədiyin arzuya çatmaq üçün səbirlə zəhmət çəkib, əmək sərf edirsən. O arzuya çatmaq üçün çox əziyyət çəkməli olduğunu, sonunda mükafatının ən əlasını alacağını eşidirsən ətrafında olan insanlardan. Bəzən bu yolda büdrəyirsən, bəzən yorulursan, tükənirsən, bəzən bacarmayacağını belə düşünürsən…
Lakin içində olan qalibiyyət hissi səni geri çəkilməyə qoymur… Bəli, o elə bir arzudur ki, ondan əsla əl çəkə bilməyəcəyini hər gün daha çox anlayırsan. Çünki o arzu sənə gələcək həyatında işıqlı yol vəd edir… layiqli vətəndaş kimi formalaşmaqda yardımçı olur. O, elə bir arzudur ki, səninlə bərabər uğurlarına sevinən hər kəs o arzuya çatmağını istəyir. O arzu ki, hər atanın, hər ananın ən böyük diləyidir. Övladını təhsilli görmək istəyən hər valideynin illərdir həsrətlə yolunu gözlədiyi, eşitmək istədiyi gözaydınlığıdır. Hansı səmtdən baxsan, o arzuya sonda bir mənzərə ilə qarşılaşırsan. O mənzərə ki, sevinc göz yaşı… qürur dolu, kövrək duyğuları zəngin bir mənzərə…
O arzunun adını hər kəs eyni adla çağırır… Tələbə, – deyə səsləyir… O adı alan və aldığı adın məsuliyyətini dərk edən hər kəs şanslıdır, xoşbəxtdir…
P.S. İlk öncə tələbə adını qazanan məğrur şəhid balalarını, sağlamlığını itirən qazi qardaşlarımın övladlarını təbrik edirəm. Hər birimizə əziz olan dəyərli vətəndaşların yetirmələrini təbrik edirəm… Uğurunuz uğurumuzdur, Vətənin işıqlı gələcəyidir. Sevincinizə şərik olmaqla sizlər qədər sevincliyik…
Fərəhli adınız mübarək, dünənin şagird və məzunları, bugünün gənc tələbələri!
Nüşabə Hüseynova