İsmayıllı Rayonunun Pirəbilqasım kəndində yaşayan, Azərbaycanın elm sahəsində öz sözünü demiş, filologiya üzrə fəlsəfə doktoru 83 yaşlı Ağasən Bədəlzadə doğum günündə doğmalarının, eləcə də İsmayıllı rayon rəhbərliyinin diqqəti ilə əhatə olunub. Hörmətli ziyalı avqust ayının 28-də, döğum günü münasibətilə ziyarət olunub.
Qeyd edək ki, avqust ayının 17-də Pirəbilqasım kəndində səyyar görüş-qəbulda olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ümumi qəbuldan sonra kəndin ağsaqqalı, filologiya üzrə fəlsəfə doktoru, neçə-neçə elmi, publisistik, eləcə də şeir kitabının müəllifi olan şair Ağasən Bədəlzadəni ziyarət edib. Yaxın günlərdə doğum gününün olacağını bildikdə, ona doğum günündə də ziyarətinə gələcəyini bildirib. Qaydası üzrə verdiyi sözə sahib duran başçı ağsaqqal ziyalının doğum günündə onun, eləcə də yaxınlarının sevincinə şərik olub.
Şairin ailə üzvləri göstərilən diqqətə görə rayon rəhbərinə təşəkkür edib.
Şair-filosofla əlamətdar gündə keçən görüşdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova və digər əməkdaşları, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, həmçinin şairin şeirlərini səsləndirən məktəbli qızlar da iştirak ediblər.
Səmimiyyətlərinə və göstərdikləri qayğıya görə A.Bədəlzadənin özü və ailə üzvləri ona uzun ömür arzulayanların hamısına təşəkkür ediblər. Çay süfrəsi kənarında keçən söhbət məzmunlu və maraqlı olması ilə dinləyənlərə xoş dəqiqələr yaşadıb. Əlamətdar günlə əlaqədar hazırlanmış tortun şirinliyi ilə bərabər üzərinə yazılmış bir bənd şeir də iştirakçıların ürəyincə olub:
Həyatda bir ümid qalana qədər,
Yol keçər doğrudan yalana qədər.
Çəməndə bir çayır qalana qədər,
Hələ yaşamağa dəyər dünyada.
“İsmayıllı xəbərləri”
Fotolar: Kərim Boyaqçızadənindir