Gözdən birinci dərəcəli əlilliyi olan Rəvanə Ağamirova 2005-ci ildə dünyaya gəlib. Anadangəlmə görmə məhdudiyyətli gənc qız Respublika 5 nömrəli xüsusi internat məktəbinin şagirdidir.
Rəvanənin gözəl, bənzərsiz, ürəkləri riqqətə gətirən həzin və məlahətli səsi var. Avqust ayının 26-da sosial şəbəkələr, televiziyanın bir neçə proqramı Rəvanənin oxuduğu “Laçın” mahnısını təkrar-təkrar yayımladı. “Laçın şəhəri günü”ndə bu mahnı nəyinki laçınlılara, bütövlükdə Azərbaycan xalqına bir dəyərli hədiyyə oldu.
İsmayıllılar Rəvanənin bu bölgədən olduğunu bilib xüsusilə fərəhləndilər. İstedadlı balaya, can sağlığı və davamlı uğurlar arzuladılar.
Böyükdən kiçiyə hamını diqqətdə saxlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov gənc istedadı – Rəvanə Ağamirovanı valideynləri ilə bərabər qəbul edib. Səmimi söhbət əsnasında başçı qeyd edib ki, öz bacarıq və istedadı ilə “Əlillik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə balamız məlahətli səsi ilə bundan sonra da bir çox mahnılara yeni nəfəs verəcəkdir.
Qəbula və xoş sözlərə görə minnətdarlıq edən Rəvanə ilə görüşü N.Bağırov bu fikirlə başa çatdırıb:
-Biz adi adamlarıq, sən özəlsən!
Ş.Dağlaroğlu