Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin (ŞQRM) əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonunda mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilib.
Tədbirdə FHN-nin ŞQRM-nin Mülkü Müdafiə İdarəsinin (MMİ) rəisi vəzifəsini icra edən mayor Sarvan Əsədov, FHN-nin ŞQRM-nin MMİ hazırlıq şöbəsinin rəis müavini, kapitan Fərid Sərkarov, FHN-nin ŞQRM-nin MMİ hazırlıq şöbəsinin baş zabiti, kapitan Rəvan Mustafayev, İsmayıllı Rayon Mülki Müdafiə Qərargah rəisi Nemət Abdurəhimov, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Rövşən Teymurlu, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri, 2, 5 və 6-cı sinif rəhbərləri iştirak edib.
FHN-nin ŞQRM-nin MMİ-nin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanıb.
Toplantıda əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilib. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilib.
Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunub. Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilən ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə quraşdırılmış proyektor və ekranlar vasitəsilə FHN-nin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilib. Şərh edilən mövzular ətrafında fəal diskussiyalar aparılıb və müəllimlərin çoxsaylı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Nemət Abdurəhimov